“Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır”.
Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

E.Şahinoğlu bildirib ki, İsrail hökuməti Azərbaycanla əlaqələrdən məmnundur: “Öz növbəsində Azərbaycan da İsraillə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir. İsrail Mərkəzi Asiyanın türk dövlətləri, əsasən də Qazaxıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır. İsrailin qonşuluğunda tərəfdaşı yoxdur. Ona görə də, Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir, bununla nümayiş etdirə bilir ki, İslam aləmində dostları da var. Ancaq İsrailin regional siyasəti bu dövlətin dostları üçün bəlli problemlər yaradır. Azərbaycan BMT qətnamələrindən çıxış edərək digər ölkələr kimi İsraillə yanaşı bölgədə Fələstin dövlətinin varlığını dəstəkləyir. İsrailin nə zaman Fələstin dövlətini varlığına razılaşacağı isə bəlli deyil, ən azı indiki İsrail hökuməti qətiyyətli şəkildə bunun əleyhinədir”.

Politoloq qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu druz millətindən olanları dəstəkləmək adıyla Suriyanın cənubuna doğru xeyli irəliləyib və oranı tərk etmək fikrində deyil: “Türkiyə həm bundan, həm də İsrailin bölgədəki silahlı kürd qruplaşmalarına dəstəyindən narahatdır. Təsadüfi deyil ki, Suriya ərazisində Türkiyə-İsrail qarşıdurması barədə ehtimallar irəli sürülür. Bu Azərbaycan üçün çətin vəziyyət yaradır. İsrailin siyasi dairələri bunu nəzərə almaq məcburiyyətindədir. İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır”.
Toğrul Əli,
Medianews.az