Mərkəzi Bankımızın şefi Elman müəllim deputatxanada büdcə müzakirələri zamanı ərz elədi ki, milli valyutamız manatın üzən kursuna keçmək variantı üzərində də düşünürlər. Çox adam burdakı “üzməyi” müsbət hal kimi başa düşür, “batmağın” əksi olduğunu düşünür. Amma valyuta kursunun üzməsi onun kursunun ipini buraxmaq deməkdir. Sürətli devalvasiyaya yaşıl işıq yandırmaqdır.
Eyni zamanda yapistləri də qınayırıq ki, manata 20 il ərzində üzməyi öyrətməyiblər, həmişə süni şəkildə, qucaqlarında tutub fırtınalara yola salıblar. Həmişə bizim manatın böyür başında dollar hava balonlarından yekə bir qurşaq olubdur. Azca çabalayan kimi Elman əkə bankdan bir kisə dollar samanı götürüb səpib manatın böyrünə.
Ki, manat batmasın, kursu sabit qalsın. İndi bankda dollar çox az qalıbdır. Neft fonduna yığılan pulları da siçan yemiş taxıl anbarı kimi dağıdıblar. Adı da olub quru divardan ibarət “diaqnostika mərkəzləri”, Avropa oyunları, susuz fəvvarələr, daş parkları, hasarlar, nə bilim, qəbristanlığa aparan yollar...
Bəs nə etməli? Gələn ilin çətin olacağını dövlət başçısı səviyyəsində etiraf ediblər. Bəs analoqsuz inkişafımız hara getdi? Neftdən asılılığın bəlası, illərlə yazdığımız, dediyimiz Holland sindromu bax elə budur. İndi manat üzsə nə olasıdır, batsa nə? Bu yerdə şair yaxşı deyibdir: “Üzməyi öyrənmək gecdi, Yol dənizə dirənəndə” (Ramiz Rövşən).
Yeri gəlmişkən, Norveçin də belə bir neft fondu var. (Norveç özü həmin fondu “Dövlət Qlobal Pensiya Fondu” adlandırır. Çünki neft gəlirlərini gələcək nəsillər üçün saxlayırlar). Bu ay Norveç tarixində ilk dəfə həmin fondun pullarından istifadə eləmək qərarına gəlmişdir. Böhran norveçlilərə də təsir edib. Amma məbləğ nə qədərdir? Gülməli bir şeydir. Təsəvvür edin ki, Norveç 2016-cı ildə neft fonduna 25 milyard dollar qoyub 25,4 milyard dollar götürməyi planlaşdırır. Yəni, söhbət gələcək nəslin boğazından kəsilən təxmini 400 milyon dollardan gedir. Fondun özündə 850 milyard dollar pul yığıldığını nəzərə alsaq (ürəyi keçən olmadı?), qəpik-quruş deyə bilərik.
Büdcə müzakirələrində maliyyə naziri Şərifov gələn il dövlət büdcəsindən dotasiya almayan rayonlar siyahısına Naftalanın da qoşulacağı muştuluğunu verdi. Bəs bizdə neçə belə rayon var? Cəmi 6 rayon! Təsəvvür edirsinizmi iqtisadiyyat nə kökdədir? Azərbaycanda 66 rayon, 13 şəhər rayonu olduğunu nəzərə alsaq, dilənçi kimi mərkəzə, neft puluna əl açmadan özü-özünü dolandıra bilən rayonlar 10 faizdən də azdır. Yapistlərin gopa basdığı “regionların inkişaf proqramı” hanı bəs?
Bayaq Norveçdən bəhs elədim. Əslində son illər repressiya gücləndikcə, media, söz azadlığı boğulduqca mən AzTV-nin “Almaniya dağılır, Ermənistan boşalır” mövzularını başa düşürəm. Ən rahatı beynəlxalq xəbərlərdir. Buna görə adamı incitmirlər. Haqqın yoluna qayıtmağımı iki beynəlxalq xəbərlə hörmətli oxuculara bildirirəm.
Qvatemalada bir şəhərin merini camaat yandırıb öldürübdür. Bu mer təzəlikcə saxta seçkilərdə özünü qalib elan edibmiş. Camaatı boğaza yığıbmış, seçkidə rəqibi olan müxalifətçinin avtomobilinə basqın təşkil edibmiş. Hətta maşını gülləyə basanların içində özü də olubmuş!
“Kış-kış, iraq olsun” deyib keçək o biri xəbərə. Dünyanın hansısa dərəsində bir Vanuatu adlı cırtdan dövlət vardır. 280 min nəfər əhalisi var, yəni təxminən Gəncə boyda yerdir, Eldar müəllimi icra başçısı qoysan tort bişirib prezident seçilər. Uzun sözün qısası, bunun deputatxanasında Pipite soyadlı bir şəxs spiker işləyir. Təzəlikcə Vanuatu Ali Məhkəməsi Pipiteyə qarşı 10 il həbs hökmü çıxarıb. Rüşvətxorluqda ittiham ediblər. Sən demə, Pipite spiker olmaq üçün deputatxananın 13 üzvünün hər birinə 1 milyon vatu (Vanuatu puludur, 9 min dollar eləyir) rüşvət veribmiş.
Həmin hökm çıxan gün Vanuatu prezidenti xarici səfərdə imiş, səlahiyyətləri qanunla spikerə keçibmiş. Pipite gözünə döndüyüm də, eləmə tənbəllik, özünün əfv edilməsi haqda fərman imzalayıb! Deyib ki, mən bunu Vanuatuda sülh və birliyi qorumaq üçün elədim.
Gördüyünüz kimi, dünyada bizdən də maraqlı ölkələr vardır.
15.10.2015, 08:08
200 baxış
Zamin Hacı
Vanuatu daha maraqlı yerdir