Medianews.az
İntellektual Hövsan-Bakı marşrutu
216 baxış

İntellektual Hövsan-Bakı marşrutu

zamin yeni raz
Ruslar hərbi gəmilərini Xəzərdə sürüb düz böyrümüzdən Suriyaya qanadlı raketlər atdılar. Gəmilərin dəqiq yerini bilən yoxdur, bəlkə də Azərbaycana aid sərhəd sularını üzüb keçmişdilər.
Hərçənd, Xəzər onsuz statusu məlum olmayan bir dəniz-göldür. Bunun harasına girsən elə ətraf dövlətlərin ərazisinə girmiş kimi olursan. Xəzərin belə əlləm-qəlləm statusda qalması onu dövrələyən dövlətlərin bir-biri ilə dostluq və qardaşlıq münasibətlərinin şirinliyi üzündəndir. Rusiya və İran, Səməd müəllimin Amerikada qan ağladığı kimi, “Azərbaycanı sendviç şəklində basmarlayıblar”, Türkmənistan-Azərbaycan münasibətləri Cərco yemişi kimi şirinliyindən partlayıbdır, Qazaxıstanı ta heç deməyək. Qədim Quzğun dənizinin ətrafına ancaq qarğa-quzğunlar toplaşıb, damazlıq üçün bir dənə də demokratik, göyərçin dövlət yoxdur.
Amma etibarlı qaynaqlardan sızan xəbərə görə Putin qanadlı raketləri selbələməzdən qabaq Lənkəran icra hakimiyyətindən, həmçinin şanlı müdafiə nazirimiz Zakir müəllimdən icazə almaq istəyibdir. Hava Hücumundan Müdafiə Qüvvələrimizin komandanı 5-6 il qabaq küçədə vurulduğundan o sahədən heç kimə ağız açmağa ehtiyac duyulmur. Oralarda bir növ “asan-xidmət”dir.
Lakin Kremldəki başbilənlər Putinə deyiblər ki, hazırda Azərbaycan deputatxana seçkiləri keçirir, dövləti çox narahat eləməyə ehtiyac yoxdur, xəbərsiz at getsin, heç zad olmaz. Nəticədə regionun lider dövlətinin münasibətini öyrənmədən raketləri tullayıblar.
Açığı, bir az xətrimizə dəydi - bir lətifədəki kimi. Yaxşı olar indən belə Putin Suriya tərəfə qanadlı raket atanda bizə də xəbər versin. Heç olmazsa təpənin başına çıxıb baxarıq. Yoxsa neçə illərdir elə o ora atır, bu bura uçur - heç xəbərimiz olmur. Amerikalılar da Əfqanıstana bu tərəfdən nəsə göndərirdilər - onu deyirəm.
Hövsanlı Osman bəyin Bakıya gəlib çıxması proyekti isə Putinin Suriyaya raket atmaq trayektoriyasından heç fərqlənmir. Osman bəy təzəlikcə məni Bakının “28 may” metrosu tərəfdə “Kitabevim.az” kitab dükanında (keyfiyyətli və ucuz kitab almaq istəyənlərə məsləhətli yerdir) saxlayıb, görün nə deyir. Deyir ki, qabaqlar Hövsandan “28 may” metrosuna gələn 175 saylı avtobus var idi. Sonra bunun son dayanacağını “Xətai” metrosu tərəfə köçürüblər. Qabaq 30 qəpik xərclədikləri yola indi 2 manata yaxın pul gedir, üstəlik 3-4 saat yolda qalırlar. Osman bəy xahiş elədi ki, hövsanlıların nəqliyyatın intellektual idarə edilməsi mərkəzinə təkliflərini qəzetdə yazım.
Həmin təkliflər paketi isə əsasən bundan ibarətdir: Hövsan-Bakı avtobus marşrutunu daha maraqlı, əyləncəli etmək üçün yaxşı olar 175 saylı avtobus qəsəbədən çıxandan sonra birbaşa “Xətai”yə gəlməsin. Balaxanı-Novxanı-Sumqayıt yolu ilə Rusiya sərhədinə doğru getsin. Orda Yalamadan Dağıstana keçsin. Dağıstandan “Hərbi-Gürcüstan yolu” ilə Pankisi dərəsinə tərəf irəliləsin, bu zaman Hövsan sakinləri Elbrus dağının başı qarlı zirvəsini izləyib xoşhal olsunlar. Daha sonra Gürcüstanın Batumu kurort zonasından Trabzona, ordan İstanbula hərəkət edən 175 saylı avtobus Avropanı dolaşaraq Şengen zonasında gəzsin, bir növ Hövsan mənzərələrini xatırladan La Manş boğazından keçərək İngiltərəyə girsin. Oradan bərə vasitəsiylə Norveçə üzən 175 Şimal Buzlu Okeanı boyunca səfərə çıxaraq Berinq boğazından Quzey Amerikaya keçməli, nəhayət, yenidən gəmi ilə, Saleh müəllimin qazdığı Hind okeanı-Xəzər dənizi kanalı ilə Bakı limanına yan almalıdır. Orada bir qədər yorulmuş hövsanlılar “Starbuks”da qatıqlı qəhvə içərək şəhərə varid olsunlar.
Mən də əhalinin bu xahişinə qoşuluram.

Bizə qoşulun