Medianews.az
Meşəyə konsul gəlir
316 baxış

Meşəyə konsul gəlir

zamin yeni raz Yaxud Qarabağ həqiqətləri Panama kanalında Xarici işlər naziri Məmmədyarov qaçan səfirlərini tutmaq üçün Panamaya gedibdir. Zarafat edirəm, səfərin məqsədi sirr olaraq qalır. Bəzi versiyalara görə, hakim təbəqənin Panamada offşor hesabları, gizli şirkətləri var, Qərblə münasibətlər kəskinləşdiyi üçün naziri hər ehtimala qarşı kassaya baxmağa göndəriblər. Nə biləsən sabah nə qərar çıxacaq? Bəlkə Obama “Azərbaycan” qəzetində Bəxtiyar müəllimin yazdığı kəskin məqalələrdən qəzəblənib hesablara həbs qoydu? İllərlə qara gün üçün toplanan neft pulları və sairə rüşvətlər batıb gedər. Mümkündür ki, Elmar müəllim özü ilə yekə bir kisə də aparıb, offşor hesablardan pul çəkib gətirəcəkdir. Panamada dünyanın ən məşhur gəmiçilik kanallarından biri var, bu kanal Sakit və Atlantik okeanları birləşdirir. Bizim bir iqtisadçı professor isə vaxtaşırı elmi-romantik, iqtisadi-geopolitik təklif irəli sürür, deyir gərək Xəzər dənizindən Hind okeanına kanal qazaq. Məqsəd isə okeana birbaşa çıxış qazanmaq imiş. Ta İran buna razıdırmı, o uzunluqda kanalı qazmağa neçə manat lazımdır, okeana deşik açsaq dünya okeanı səviyyəsindən 27 metr aşağı olan Xəzər qalxıb sahilboyu hasarları dağıdarmı, ümumiyyətlə, okeana çıxmaq Novruzəli kişinin nəyinə gərəkdir - professor bunları müzakirə etmək fikrində deyil. “Qoy desinlər Qasıməlinin çustu var, Kim nə bilir altı yoxdur, üstü var” - bir qədim ata sözümüzdə deyilən kimi. Bax, ola bilər Elmar müəllim məhz kanal ideyasından ruhlanaraq Panama təcrübəsini öyrənməyə getmişdir. Daha bir versiya Qarabağ probleminin həlli yolunda Panamanın göstərdiyi dərin təşəbbüslər, o cümlədən ölkəmizin xaricdə tanıdılması proqramında panamalıların aktivliyidir. Örnək üçün, Panama xarici işlər naziri İsabel de Sant Malo de Alvarado ilə görüşdə Paris danışıqlarının Praqa çərçivəsində müzakirə edilən Lissabon sammiti müzakirə edilmişdir. Zarafat edirəm, bu da yalandır. Panamanın nəyinə gərəkdir Qafqazda kimlər bir-birini qırır? Adamlar özlərinə bir kanal qayırıb oturublar üstündə, gəmi ötüşdürüb pullarını qazanırlar. Eyni vaxtda prezidentin sərəncamı ilə Domeniko Koko Azərbaycanın İtaliyada, Kataniya şəhərində fəxri konsulu qoyulmuşdur. Koko müəllim də şanlı diplomatiya məktəbimizin yetirməsidir, ümid edirik o, axırda Arif müəllim kimi paraları götürüb qaçmayacaqdır. Əlbəttə, bunu da zarafat üçün yazdım, Koko bəyi respublikamızda heç kim tanımır. Ən yaxşı konsul, heç kimin tanımadığı konsuldur - milli diplomatiya ənənələrimizə görə belədir. Ümumiyyətlə, Siciliya mafiyanın vətəni sayılır, bu baxımdan onun mərkəzi şəhəri Kataniyada Azərbaycanın konsulu, üstəlik, fəxri konsulu olması fəxr edilən bir haldır. Çoxdan lazım idi. Bu boyda mafiozumuz var, bəs bu adamlar Siciliyaya təkmilləşdirmə kursuna-filana gedəndə onları kim qarşılayıb müşayiət etməlidir? Ümidvarıq Domeniko bəy bu cür çətin, məsul və şərəfli peşənin öhdəsindən uğurla gələcəkdir. Kim bilir, bəlkə də öz millətimizin səfirindən başqa millətin konsulu daha yaxşı olacaqdır. Milli-mənəvi dəyərlərə daha artıq hörmət bəsləyən çıxacaqdır. Koreyalı otüstü hokkeyçi qızları milliləşdirib Çan Əliyeva, Cun Qarayeva elədiyimiz kimi, bəlkə Domeniko Koko müəllimi də milli şəklə salıb Dönməzqulu-filan eləyə bilərik. Hələ vaxtımız var. Sonda daha bir uğurlu və potensial təyinat haqda xəbər vermək istərdik: Ağdaş rayonunda deputatlığa namizədliyini irəli sürən yoldaşlardan biri ixtisasca meşəbəyidir. Vəziyyəti bundan gözəl anlayan insan ola bilərmi? Mən hər bir kəsi, hətta o dairədə səsvermə hüququ olmayan vətəndaşlarımızı da həmin meşəbəyiyə səs verməyə çağırıram. Prinsipcə, bu, deyəsən təşviqat müddəti haqda qanunu pozmaqdır, amma meşədə nə qanun? Bacar, sağ qal. Əsas məsələ budur.

Bizə qoşulun