Medianews.az
Rabitə epidemiyası
193 baxış

Rabitə epidemiyası

zamin yeni raz
“Ay yarımdan sonra Novruzəlini divana gətirib ”qulluqçunu bihörmət eləmək barəsində" üç ay navaxt kəsdilər; amma Novruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəlixana çatdı. Xan bir qədər fikir elədi" 
 
(Mirzə Cəlil, “Poçt qutusu”)
İki gün qabaq Biləsuvarda telekommunikasiya idarəsinin rəisi özünü asaraq intihar elədi. Əgər xəbər lentinə baxsanız, bu, həmin peşə yiyələrinin nadir özünə qəsd olayı deyildir. İnternetdə çoxlu belə xəbər tapmaq olar. Son illərdə Şabranda, Bərdədə poçt müdirləri intihar edib. Salyanda isə poçtun müdiri itkin düşüb iki aydan sonra Qalaltı meşələrində, yarımvəhşiləşmiş şəkildə tapılmışdı.
Görəsən poçt və telekommunikasiya işçilərimizin başında hansı bəla fırlanır? Yapon yazıçıları, örnək üçün, Haruki Murakami bu silsilə poçtalyon intiharlarından mistik bir roman qayıra bilərdi. Başqa bir yapon, dünya şöhrətli animator Hayao Miyazaki isə filmini çəkərdi. Nə etməli, bizdə bu istedad yoxdur, o üzdən cızmaqara ilə kifayətlənək.
Bəlkə bu adamları intihara məcbur edən Azərbaycan xalqının kommunikasiya problemləridir? Axı biz tipik müsəlman şərqlisi olaraq ünsiyyətcil deyilik, öz dərd-sərimizi ürəyimizdə daşıyarıq. Müsəlmanlar bir-biriylə gerçək kommunikasiya qursaydılar bəlkə indiki kökdə olmazdılar. Hamı susur, ya da uzağı yuxarıdan (molla, müdir, polis rəisi, prezident - yerinə baxır) gələn şablon şüarlar vasitəsiylə danışırlar. Doğrudan, ürəkdən danışmaq, ünsiyyət yoxdur. Saxtakarlıq burda dərin kök salıb. Adamlar danışmadığı üçün, qapalı yaşadığı üçün müsəlman Şərqində ədəbiyyat da bir sənət olaraq iflasa məhkumdur. Necə deyərlər, “danış, səni görüm”. Adam danışmırsa, bunun hansı yuvanın quşu olduğunu necə biləsən? Əlac qalır özündən uydurasan. O üzdən, Şərq ədəbiyyatı uydurma, həyatdan milyon kilometr uzaq personajlarla, obrazlarla təpili-tıxılıdır.
10-15 il qabaq aktiv reportyorluqla məşğul olduğum zamanları yadıma salanda indi də ürəyim sıxılır. Çünki azərbaycanlıları danışdırmaq, onlardan bir kəlmə sözü kəlbətinlə qoparmaq it zülümü idi. Hətta bəzən absurd durum yaranırdı: adamlar qəzetə şikayət edirdilər, gedirdin yanlarına, orda isə susurdular. “Özün bir şey yaz da, bizim danışmağımızı neynirsən” - dəfələrlə belə tragikomik şikayətçilər görmüşəm.
Söz oyunu olsa da, bir müşahidəmi bölüşüm: bizdə hansısa ərazidə yaşayan insanlara qoyulan ad özü də sanki sakitliyə səsləyir. Sakin! Anadolu ləhcəsində bu, elə birbaşa “sakit ol” mənasını verir. O baxımdan, mən son illər “Filan rayon sakini”, “Paytaxt sakini” ifadələrini eşidəndə elə bilirəm həmin adamların quzu kimi sakit dayandığına, cınqırlarını çıxarmadığına işarə edirlər.
Bəlkə bu poçt müdirləri Azərbaycan xalqının preidentə, “surəti isə filan-filan idarələrə” yazdığı şikayət məktublarını oxuyub intihar edirlər? O məktubların ağır yükünü daşıya bilmirlər?
İntihara cəhd edib sağ qalan poçt müdirlərindən birinin kredit problemi varmış. Bu da bir səbəbdir. Bütün hallarda elə bil bizdə poçt sisteminin başında qarğış var. Dahi Mirzə Cəlilin “Poçt qutusu” hekayəsindən üzü bəri bizim poçt macəramız kədərlə markalanmışdır, sanki onu dəyişdirmək mümkün deyildir.
Maraqlıdır ki, poçt müdirlərinin intiharları Azərbaycanın kosmosa telekommunikasiya peyki buraxmasından sonra artmışdır. Deməli, burda da hansısa əlaqələr axtarmağa dəyər. Peyk poçtalyonlarımızın xidmətində dönüş yaratmalı, kommunikasiyanı artırmalı idi, biz isə tərsinə prosesləri görürük.
Sonda poçt müdirlərindən xahiş edərdik şirin canlarına qıymasınlar, onsuz da bu xalqın əlaqələri düzələn deyil. Zəhmətiniz özünüzə qalacaqdır. Keçmiş məktublarda yazılan kimi, “Biz sağ-salamatıq, sizin də sağ-salamat olmağınızı o bir Allahdan arzu edirik. Yaz görüm sizdə havalar necədir...”
 

Bizə qoşulun