Medianews.az
İflic adamı asmaq problemi
222 baxış

İflic adamı asmaq problemi

zamin yeni raz Dünən Tacikistan-Azərbaycan dostluğundan yazdım, əslində dünyada bizim dostlarımız çoxdur. Örnək üçün, Pakistan və Rusiyanın adını çəkə bilərəm. Rusiya heç, onunla dostluq və qardaşlığımızın tarixi qədimdir. Xalqımızı iki yerə bölməklə bizə böyük xidmət də göstəriblər, çünki biz bütöv olsaq yəqin İranda yaşayan soydaşlarımız hamısı Bakıya yığışardı, bəlkə Abşeron yarımadası suya batardı. Həmçinin şairlərin mövzusu azalardı. Pakistanla isə o qədər yaxın olmuşuq, hətta Gədəbəyin Şınıx kəndində tikmədiyimiz məktəbi Pakistanın Tora-Bora mağarasında tikmişik, Heydər Əliyev Fondunun orada gördüyü işlər saysızdır. Sözümün canı odur ki, gərək biz dostlarımızla yaxından maraqlanaq. Çünki burda baş verən hadisələr oralarda, oralarda baş verənlər də buralarda təkrarlanır. İnanmırsınızsa beynəlxalq xəbərləri hərdən diqqətlə oxuyun. Örnək üçün, bu saat Rusiyada Savçenko soyadlı ukraynalı təyyarəçi qadının məhkəməsi gedir. Bu, çoxdankı işdir, beynəlxalq səviyyədə diqqət mərkəzində olan prosesdir. Dünya ictimaiyyəti Putin rejiminin Savçenkonu qanunsuz tutduğu, ədalətsiz mühakimə elədiyi qənaətindədir. Ən maraqlısı isə odur ki, Rusiya rejimi Savçenkonun məhkəmə prosesinə jurnalistləri buraxmır. Bunun üçün komik bir bəhanə də tapıblar: “məhkəmə salonunda yer yoxdur”. Amma məlum olub hökumət salonu prosesə dəxli olmayan şəxslərlə qəsdən, öncədən doldurur. Misal üçün, xeyli kazak atamanları-filanı ilə. Bu, sizə Xədicə İsmayıl və Leyla Yunusun Bakıdakı məhkəmələrini xatırladırmı? Yapistlər də həmin proseslərə jurnalistlər buraxılmasın deyə salonu qabaqcadan JEK işçiləri, yoldan keçən sümsük avaralar, hansısa alçaq gədə-güdələrlə (hər kəsi öz adı ilə çağırmalıyıq) doldururdu. İndi hardan biləsən kim kimdən öyrənib? Lavrov Məmmədyarovun qulağına pıçıldayıb, yoxsa Ramiz müəllim Sergey İvanova zəng vurub deyib? Sumqayıta gedən qatarın çaşıb Siyəzənə şütüməsi söhbətini yəqin bilirsiniz. İlin lətifələrindən biridir. Hələ haqqında çox danışılacaq. Eynilə, dini komitə sədri Mübariz Qurbanlının “Peyğəmbərlər sağ olsaydılar Azərbaycanda yaşamaq istərdilər” söhbəti kimi. Mübariz müəllim görünür ölkəmizin Sumqayıt qatarı kimi yolunu azdığını, hərc-mərclik yaşandığını, peyğəmbər sözünə ehtiyac duyulduğunu nəzərdə tutmuşdu. Amma Pakistanda baş verən bir hadisə bunlardan geri qalmır. Hətta Bəylər müəllimin qohumunu saxlayıb əsgərliyə uşaq yığılması prosesini ləngidən polisimiz də Pakistandakı kuryoza həsəd aparardı. Demək, bu gözəl, pak, 6 yaşında arvad olmaq yox, məktəbə getmək istədiyi üçün qız uşaqlarının sifətinə turşu atıb yandıran debillərin yaşadığı dövlətdə 2014-cü ildə ölüm cəzasını qanuniləşdirmək qərarına gəliblər. Yəni, qabaq onsuz Pakistanda kim-kimi, harda gəldi tutub öldürmək hüququna malik idi, indi isə qanuna salıblar. Qanun qüvvəyə minəndən bəri 1 ildə 240 nəfərə yaxın məhkumu öldürüblər. Bunlarda qanuna görə ölüm hökmü dar ağacından asmaqla həyata keçirilir. (Nə absurd ifadədir: “Ölüm hökmünü həyata keçirmək”. Tam bir oksümoron). Elə kuryoz da buna görə baş verib. Bir nəfəri asmaq qərarına gəliblər, amma bu adam məhkəmə müddətində türmədə iflic olub - ayaqları işləmir. Qanuna görə dar ağacına məhkum özü getməlidir, sürüyüb aparmaq, yardım eləmək olmaz. Bu baxımdan, indi hökumət bilmir neyləsin. Dar ağacı qurulub, məhkumu isə asa bilmirlər. Rusiyanın bir şəhərində isə mer guya xəstəxananı gəzib əhalinin sosial durumu ilə maraqlanırmış. Bu zaman videoçəkilişə görün nə düşüb: mer və baş həkimin yanından keçdiyi bir 67 yaşlı xəstə ölüm ayağında tibbi yardım istəyirmiş. Təsəvvür edin, bu eşşəklər isə heç olmamış kimi xəstənin yanından keçiblər. Az sonra xəstə ölüb. İndi baş həkimi məcbur olub işdən çıxarıblar, mer isə bu haqda yazan qəzetləri məhkəməyə verir. Həyasızlıqda kimi xatırlatdı sizə?

Bizə qoşulun