Medianews.az
Şadlıq aparın
171 baxış

Şadlıq aparın

zamin yeni raz
“Burada prinsipial olaraq heç nə dəyişmirdi, adama elə gəlirdi ki, real zaman çoxdan daşa dönüb, ya da dekretlə ləğv edilib, Spassk qülləsinin əqrəbləri isə oyuncaq mexanizmi kimi boşuna fırlanır. Ancaq ən dəhşətlisi adamlar özləri idilər, - gündəlik şərin, kasıbçılığın, qaçaqaçın çeynədiyi, əzdiyi adamlar... Onlar yavaş-yavaş Marinanın gözlərində blok evlər kimi eyniləşirdilər”
(Vladimir Sorokin, “Marinanın otuzuncu məhəbbəti”)
Təzəlikcə Tacikistanda bir general qiyam qaldırmışdı, hökumət qoşunları ilə savaşdılar, axırda generalı vurub öldürdülər. Mənim yadıma düşəndən, yəni azı son 25 ildə Tacikistanda vətəndaş savaşlarının arası kəsilməyib. Ölkənin “xilaskarı”, “ümummilli lideri”, həmçinin Azərbaycan yapistlərinin yaxın dostu İmomali Rahmon müəllim öz totalitar sistemini qorumaq üçün dəfələrlə xalqı qırğına verib. Sağ qalan taciklər də baş götürüb ölkədən qaçıblar, Moskvada küçə süpürüb başlarını girləyirlər. Tacikistan məhz o qastarbayterlərinin sayəsində dünyada bir antirekorda imza atmışdı: son illərin hansındasa (bəlkə də hamısında - dəqiqləşdirməyə həvəsim olmadı, rədd olsun bütün diktaturalar, həmçinin onlara aid rəqəmlər) ölkəyə həmin taciklərin Rusiyadan göndərdiyi pulun məbləği Tacikistanın Ümumi Daxili Məhsulundan çox olmuşdu. Yeri gəlmişkən, elə İmomalini hakimiyyətdə saxlayan da rusların dəstəyidir. Son dəfə üsyançı generalını öldürmək üçün Rusiyadan silahlı kömək istəmişdi.
Amma İmomali müəllim 25 ildir ölkəni idarə edir, qətiyyən xəcalət çəkmir. Onun da leksikonu başqa diktatorlara bənzərdir. O da əhalini qızıl diş saxlamamağa səsləmişdi - kim bilir, bəlkə yağlı yeməklər haqda müraciəti var. Məsələn, bir-iki ay qabaq belə bir müraciət eləmişdi ki, qabaqdan böhran gəlir, taciklər ehtiyat görsünlər, iki illik ərzaq toplasınlar. Daha özünün nə üçün 25 il kreslodan yapışdığını açıqlamır. Bəlkə elə ehtiyat yığmaq əvəzinə səni dəyişib ağ günə çıxsınlar?
Hərçənd İmomali müəllim bəzi diktator dostlarına nisbətdə dəyişiklik tərəfdarıdır. Bir dəfə anladı ki, nəsə eləmək lazımdır, götürüb öz soyadını dəyişdi. Sovetdən qalma Rahmonovu Rahmon elədi. Fantastik islahat, fısqırıq mənəvi uğur idi! Tacik şairləri bu mövzuda çoxlu poema yazdılar. Axı əksər diktatorların “bizim mənəvi dəyərlərimiz var, biz xaricdən gələn ideologiyaları qəbul edə bilmərik” kimi arqumentlər səbəti olur. Nə olsun bu səbətin dalı adətən deşik olur. Əsas odur xalqa belə sözləri yedirtmək, xalqın içində belə alaq otu toxumlarını becərmək asan olur. Məsələn, insanlar insan kimi yaşamaq haqlarını qorumaq əvəzinə kiminsə şortik geyməsinə daha çox qıcıq olurlar. Bir azərbaycanlı və ya tacik öz uşağının normal təhsil, sağlamlıq hüququnu tələb eləməz, əvəzində uşağı oğru polis rəisi, quldur prokuror kimi böyütməyə çalışar. Bütün bu yaramazlıqların isə sistem halında “mənəvi dəyərlərimiz” tipli adı var.
Ümumiyyətlə, söz işçisi olduğumuzdan sözlərə çox fikir veririk. Təzəlikcə prezidentin Kürdəmirə səfəri olmuşdu, AzərTAc-ın ordan reportajında oxudum: “Parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb”. Sanki Kürdəmirin qonaqları, turizm sektoru aşıb-daşırmış. Mənalı istirahət nə deməkdir, görəsən? Mənasızı necə olur? Oturacaqların quraşdırılması prezident səviyyəsində xəbər verilməlidir? Yaşıllıq işləri görülməyən park da olurmu?
Təbii, bunlar sözgəlişi verilən suallardır, heç bir cavab ummuram. Qoy mənalı hakimiyyət davam eləsin. Yeri gəlib, bir şablon ifadəmiz haqda fikrimi bildirim.
Yas yerində işlənən “şadlıq aparın”, “şadlıqda görüşək” tipli şablon ifadələr var. Bunları ilk dəfə fikirləşib dilə soxuşduran tipin başına yekə bir daş düşsün, çünki milləti böyük bir əzaba düçar edib. Necə yəni şadlıq aparın? Ölünün yanından necə şadlıq aparmaq olar? Bu qədər həyasız olmaq təklif edilir? “Son qəminiz olsun” başsağlığına cavab kimi düşünülmüş “şadlıq aparın” şablonu bəzən yas yerlərində səfeh durumlara səbəb olur. Örnək üçün, mən bir neçə dəfə kiminsə çaşıb “həmişə şadlıqda” dediyini eşitmişəm.

Bizə qoşulun