Medianews.az
Anton Dostlerin siyahısı
178 baxış

Anton Dostlerin siyahısı

zamin yeni raz
Bir neçə gün qabaq oxuculardan biri "AzərTAc"ın xəbərinin linkini mənə yollamışdı. Xəbərdə deyilirdi ki, YAP Qazax sement zavodu ilk partiya təşkilatının iclası olub. İclasda çıxış edən zavodun direktoru, rayon qəzetinin müdiri və sairə şəxslər ictimai-siyasi həyatdan, zavodda görülən işlərdən-zaddan danışıblar, axırda təzə üzvlərə vəsiqələr verilib.
Eynilə SSRİ dövründəki kimidir. Sadəcə, KP-ni YAP əvəz eləyir. Yoxsa bədbəxt sement zavodu fəhləsinin nəyinə lazımdır siyasət? İclasda iştirak etməmişik, amma böyük ehtimalla çıxış edənlər “Böyük Qardaş”ın uzaqgörən siyasətini dəstəkləyiblər, “MÜHARİBƏ-SÜLHDÜR,AZADLIQ-KÖLƏLİKDİR, CƏHALƏT-QÜVVƏDİR” şüarlarını qışqırıblar.
Srağagün YAP deputatxana seçkisinə namizədlərinin siyahısını açıqlamışdı, “Yeni Müsavat”ın bu mövzuya qoyduğu başlıq çox xoşuma gəldi: “YAP namizədlərini açıqladı, seçki bitdi”. Çünki elə həmin gün bütün dairələrdə qanunsuzluğa yüksək sürət verilibmiş, başqa namizədlərin sıxışdırılması, imza toplanmasına əngəllər artıbmış.
Doğrudan da hər seçkidə belə olur. YAP namizəd(lər)ini açıqlayana qədər cəmiyyətdə müəyyən ümidlər yaranır. İnsanlar fikirləşirlər bəlkə bu dəfə insafa gəldilər, bəlkə bu dəfə gözləri doyub, bəlkə bu dəfə nəsə dəyişəcək. “Bəlkə”nin bar vermədiyini isə, uca millət yaddan çıxarır. Həmişəki kimi köhnə hamamın yırtıq tasını qoyurlar millətin qabağına, deyirlər, buyur, çim. Nə qədər istəsən... Lap kirə də çıxa bilərsən.
“YAP-ın namizədləri” adlanan o virtual-mistik siyahını isə heç oxumağına dəyməz. Siyahı açıqlanandan sonra bəzi KİV-lərdə “YAP-dan kim gedib, kim qalıb”, “Hakim partiya hansı deputatları dəyişdi” tipli müzakirələri də görəndə bişmiş toyuğu gülmək tutur. Guya o siyahı nəyi dəyişir? Guya siyahıda hansısa “Məmməd”i başqa “Əhməd” dəyişəndə, “Gülçöhrə”nin yerinə “Tükəzban” qoyulanda parlamentimiz yaranacaq? Boş şeydir. YAP sistem halında saxtakarlıq mənbəyidir, onun siyahıları formalizmdən başqa bir şey deyil.
Örnək üçün, mən burda YAP-ın dogruçu deputat siyahısını sizə təqdim edə bilərəm. Buyurun, tanış olun, hər kəsin qarşısında dairələr yazılıb:
Polis serjantı.
Neft buruğu.
Saxtakar müəllimə - Əfruz xala, misal üçün.
JEK işçisi.
Prokurorun bacanağı.
İcra başçısının yeznəsi.
Maarif müdiri.
Baş həkimin silləvuranı.
Daxili qoşunların giziri.
“Quska” və Abdullanın varisləri.
Məhkəmə hakimi.
Mədət müəllim başda olmaqla penisentiar.
AzTV-nin operatoru.
AzərTAc-ın goperatoru.
Və sairə və ilaxır - beləcə 125 dairənin hamısı üzrə YAP-ın əsl namizədlərini özünüz də tapa bilərsiniz. Hakim partiya bunları seçir, bunların vasitəsiylə seçilir. Ortada böyük bir saxtalaşdırma mexanizmi var.
Mən hər dəfə məktəblərimizin yanından keçəndə ikili duyğu yaşayıram. Bir yandan o binalarda, divarların o üzündə kitab höccələyən balaca, saf uşaqları düşünürəm, öz-özümə deyirəm ki, məktəb binası bütün başqa binalardan qutsaldır. Hətta ən pis məktəb belə. Başqa yandan, bu binalarda keçirilən saxta seçkilərin tarixi gözüm önünə gəlir. Azı hər 5 ildən bir bu məktəblər cinayət yuvasına dönür. Bu binalarda millətin gələcəyini yerə yıxıb başını kəsirlər.
Özü də kimsə “əmr yerinə yetiririk, neyləyək” deyib yaxasını qırağa çəkməsin. Tarixdə bunun çox simvolik hadisəsi var.
Müttəfiqlər alman faşistləri üzərində qələbə qazanandan sonra Nürnberq məhkəməsi oldu. Burda faşist canilər hakim önünə çıxarıldı, bir çoxları deyirdilər ki, bizim nə günahımız var, biz əmr yerinə yetirmişik, biz əsgər olmuşuq və sairə. Bu zaman hakimlər Anton Dostler presedentini əldə əsas tutub canilərə ölüm cəzası kəsdilər.
Anton Dostler almanların italiyadakı generallarından biri olub. 1944-cü ildə onun briqadası 10-dan çox amerikalı əsgəri əsir götürür. Bu haqda Berlinə məlumat verilir, ordan əmr gəlir ki, əsirlər güllələnsin. Dostler əmri öz adyutantı Don-Şlobitten-ə ötürür, ancaq adyutant əmri yerinə yetirməkdən imtina edir, deyir beynəlxalq konvensiya var, əsirləri öldürmək olmaz. Bu zaman Dostler adyutantı işdən kənarlaşdırır, əmri dərhal, özü həyata keçirir. Elə hakimlər də qərar verəndə Dostlerin bu canfəşanlığını nəzərə alırlar. Dostler presedenti isə hüquqa düşür, gələcəkdə neçə-neçə hərbi caniyə tətbiq edilir. Artıq “Günahın hamısı Hitlerdə idi, bizi o məcbur elədi” demaqoqiyası işə yaramırdı.
Sözümün canı odur ki, bu gün başqaları da özünü Anton Dostler kimi aparmasın. Nə biləsən, bir də görürsən hardansa müttəfiqlər çıxır, adamı Nürnberqə aparırlar.

Bizə qoşulun