Medianews.az
Xəritəsiz qalmışdıq
160 baxış

Xəritəsiz qalmışdıq

zamin yeni raz
“Oxucu mənim bu müddət ərzində necə narahat uzandığımı təsəvvür edə bilər. Nəhayət çoxlu güc verəndən sonra mənə sol əlimin bağlandığı xırda ipləri qırmaq, payacıqları çıxarmaq xoşbəxtliyi nəsib oldu; bunları sifətimə yaxınlaşdıranda başa düşdüm onlar məni necə bağlayıbmışlar”
(Conatan Svift, “Qulliverin səyahəti”)
****
Belə baxanda Azərbaycanın Qarabağ və korrupsiyadan başqa ciddi siyasi-iqtisadi problemi yoxdur, yapistlər gərək özlərini çətinə salıb sivil dünya ilə açıq düşmənçiliyi davam etdirməzdilər. Guya 100-ə yaxın siyasi məhbusu azadlığa buraxsalar dərhal xalq üsyanı baş verəcəkdi? Bu mənasız tərsliyin ziyanı hər kəsə dəyəcək, ilk növbədə iqtidarın özünə.
Ancaq heç kim ölkənin çıxılmaz duruma düşməsinin əsl səbəbini anlamır. Mən də anlamırdım, iki gün qabaq prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması haqda əmr verəndə barmağımı dişlədim. Bərkdən dedim ki, ey dadi-bidad, biz necə olub bu cür vacib məsələni diqqətdən qaçırmışıq...
Məsələ budur ki, hələ fevral ayında prezident Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ləğv eləmişdi. Üstündən neçə ay keçir? Ay sağ ol - 7 ay! Yeddi aydır Azərbaycanda xəritə çəkən yox idi. O üzdən camaat bilmirdi hara getsin. Axı biz həmişə xəritə üzrə yol gedən, dövlətin göstərdiyi yerdə oturan millət olmuşuq. (Bu haqda hətta ata sözümüz də vardır: “Böyüksüz yerdə otur, icra başçısı göstərməyən yerdə oturma”. Ya da belədir: “Yolun düzünü polis serjantı bilər”. Xəritəsizlik məni də çaşdırıb, sözlər yadımdan çıxıb, agentlik işləsin, dəqiqləşdirərəm).  İndi isə dövlət yol göstərə bilmirdi. Millət qalmışdı avara. Bir hissəsi gedirdi Suriyaya, bir hissəsi Rusiyaya. Bir hissəsi deputatlığa namizəd olurdu, bir hissəsi təzə xalq cəbhəsi düzəldirdi. Xarici təşkilatlarla əlbir olub erməni dəyirmanına su tökənlər, Almaniyanın agentləri, Fransanın casusları, İspaniyadan kafel gətirənlər, Ukraynaya bazlığa gedənlər, Rusiyaya petruşka vuranlar - qərəz, millət qarışmışdı bir-birinə. Heç kim bilmirdi axırımız necə olacaq, çünki əlimizdə dəqiq marşrutu göstərən xəritə yox idi.
Yoxsa bizim yapist yoldaşlar nə üçün Nitsanın lacivərd sahilini, Baden-Badenin kafe-şantanlarını qoyub rus ayısının mağarasına yıxılaydılar? Bunu zəruri edən səbəb, yuxarıda yazdığım kimi, yox idi. Səbəb sadəcə yolsuzluq, xəritəsizlik idi. Hamımız azmışdıq. Nəhayət, şükürlər olsun, möhtərəm cənab prezidentin sayəsində təzədən xəritə ilə gedərik. Buna görə şəxsən Samux rayon qaçqınları, Zığ susuzları, Binəqədi yolsuzları, Şamaxı lotuları, Laçın qəssabları və Ağcabədi mexanizatorları adından dərin minnətdarlığımızı bildiririk. Bu camaat hamısı həsrətlə xəritə gözləyir, çünki köhnə xəritələr işə yaramır. Avropa oyunları bütün dislokasiyaya təsir etmişdir.
Örnək üçün, bu dəqiqə rayon maşınları Bakıya, Bakı maşınları rayonlara gedə bilmir. Metronun “Avtovağzal” stansiyasını 3 il qabaq qayırıb qurtarmalı idik, o cümlədən, Qarsa dəmiryolu çəkilməli idi. Bunların hamısına üst-üstə 2 milyard dollara yaxın pul gedib, ortada isə heç zad yoxdur. Ancaq qəfildən Sumqayıta qatar getdi! Heyrətamizdir. Bəlkə də Sumqayıta gedən elə Qarsa getməli olan qatardır, xəritəsizlikdən belə eləyirdi.
Dünən bir kədərli xəbər də oxuduq: Azərbaycan 2024, 3000, 4457-ci il olimpiadalarını keçirməkdən imtina etmişdir. Pulumuz azalıb, ona görə. Amma fikrimcə gərək tələsməzdilər, bəlkə əlimizdə müvafiq xəritələr olandan sonra pul tapacaqdıq? O məşhur lətifədə deyilən kimi, pul yoxdur-yoxdur, daha gül kimi növbəni niyə dağıdırıq? (Bu da “bilənlər bilməyənlərə danışsın” kateqoriyasından bir lətifədir, burda yazmaq mümkün deyil).

Bizə qoşulun