“Baş üstə, baş üstə, nəsihət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, Allahın iti də mənim sözümə baxmır; nə qədər elədim, içəri girmədi. Xa...xa...xa...”
(Mirzə Cəlil, “Ölülər”)
Avropaya qaçan mühacirlərin başına gələn faciəli hadisələri izlədikcə siyasi partiyaların daha bir önəmi ortaya çıxır. Örnək üçün, bizim camaat xaricdən sığınacaq almaq üçün adətən siyasi partiyaların arayışlarından yararlanır. Hətta bir ara bu arayışların topdansatış məntəqəsi aşkar edilmişdi. Əgər suriyalı qaçqınlar da vaxtında ağıllı tərpənib siyasi partiya qayırsaydılar indi rahatlıqla Avropa vətəndaşı olardılar. Partiyası olmayan aralıqda batır. Hər mənada.
Yeri gəlmişkən, mən sosial şəbəkədə suriyalı qaçqınları qınayan xeyli status oxudum, yazırdılar nə üçün ölkənizdəki avtoritar, monarxiya rejimlərini dəyişdirmirsiniz, qaçıb xaricə gedirsiniz. Üstəlik, xaricə öz problemlərinizi, inancınızı gətirirsiniz və sairə. Maraqlıdır ki, bu cür sözləri yazanlar elə bizim Avropaya sığınan mühacirlər idi. Sanki “Qonaq qonağı istəməz, ev yiyəsi heç birini” ata sözü canlanmışdı. Elə bil bunlar özləri Azərbaycanı düzəldib gediblər kurorta. Rəhmətliyin uşağı, o yazıq suriyalılar da elə sizin kimi əlacsızlıqdan qaçıb Avropaya sığınmaq istəyirlər, yoxsa heç kim kefindən vətənini atmaz.
Bu arada ABŞ-dan kəskin bir xəbər gəlib: deyir Amerika hökuməti jurnalist Xədicə İsmayılın həbsindən dərin narahat olmuşdur. Bah, bah... İndiyəcən adətən narahat olurdular, indi dərin narahat olublar. Fərq dərinlikdədir. Lap o “Bəxtiyar” kinosunda deyilən kimidir. “Narahatlığınız neçə metrdir? - 5 metr. - Yox, yox, 10 metr!”. Bir neçə senator Anar Məmmədovun daşıdığı qara kürüdən yeyib qarın ağrısına düşübdür. İndi deyir gözləyirlər deputat Asim Mollazadənin qardaşı Ceyhun müəllim qarın ağrısı dərmanı gətirsin.
Dərin narahatçılıq Bakıdakı missiyaya da təsirsiz ötüşməyibdir. Ola bilsin Amerika səfiri Sekuta müəllimin ürəyi ağrıyıb, halbuki bundan qabaq ancaq dili-ağzı quruyurmuş. İnfarkt olan konqresmen-zad varsa xəbər verin, gətirək 5 nömrəlidə, orda yer olmasa Semaşko-da əməliyyat edilsin. Biz humanitar dövlətik, bəs necə.
Dərin islahatlar isə bizdə də gedir. Misal üçün, uca millətimiz gözləyirdi benzinin qiyməti düşsün, bu yandan bulvarda velosiped prokata verənlər qiyməti 1 manat da artırıbdır.
O cümlədən, Eldar Əzizovun Nizami rayonundan başlanan “Odisseya”sının Gəncə-Sumqayıtı fırlanıb Səbayelə çatması düşündürücü və dərin islahatdır. Bu, təxminən Saakaşvili kimi adamdır. Hər bir rayon istəyir ki, Eldar müəllim gəlib onun ərazisində uzun tort qayırsın. Bir gün Eldar müəllim təzədən Nizami rayon icra hakimi olanda dairə qapanacaqdır, ölkəmizdə islahatlar tam başa çatacaqdır. Hurrey! Məni istəyən əl çalsın!
Eyni radikal, dərin, köklü-köməcli, uzunluğu Yerin maqma qatına çatan və orada dünənki zəlzələni törədən islahat isə Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişməsidir. İndən belə bura ta akademiya sayılmayacaqdır, adı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olacaqdır.
Neftin qiyməti düşən kimi ta neft akademik sayılmır... Eh, gidi dünya... Əcəb olur. Bir az da ucuzlaşsın, bəlkə universitetin adını Neft və Mal Təzəyi Universiteti qoyacaqlar. Neft və Ərik də olar. Neft və Xiyar, Neft və Hamam - variantlar çoxdur.
Bu mənim yadıma nakam diplomumu saldı. Onun içində yazılıb ki, bu diplomun yiyəsi 1989-cu ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına plan-iqtisad ixtisası üzrə daxil olaraq 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə bitirmişdir. İndi gəl baş aç. Halbuki, mənim heç günahım yoxdur, oxuduğum dövrdə 3 prezident, 2 dövlətlə yanaşı institutun və ixtisasın adı da azı 3 dəfə dəyişmişdi.
Hərçənd, 1994-cü ildə 3 min dollara gömrüyə düzəldən vardı, pul olsaydı indi burda kim bilir nə oxuyardınız.
