Medianews.az
Cəbhəlik eləmək
187 baxış

Cəbhəlik eləmək

zamin yeni raz
“Satqın kimə deyilir?
Elə yalnız cəbhədə əlini qaldırana?
Bəli, yalnız cəbhədə əlini qaldırana!
Cahan - vuruş meydanı, biz əbədi cəbhədə...
Bu cəbhədə üz-üzədir, qeyrətli də, ... də"
(Xəlil Rza, “Satqın kimə deyilir”)
AXCP-dən çıxarılan, qovulan, istefa verən, kirə çıxan, yolda qalan, beli qırılan, saçı yolunan, dişi çıxarılan, başı şişən, cibi yırtılan (keyfiyyətlər çoxdur, hamısını sadalasam gərək ayrı yazı olsun) bir qrup insan dünən iclas qayırıblar, deyirlər əsl AXCP bizik.
Bu ssenarini uca millətimiz bir neçə dəfə yaşayıbdır, lakin yorulmayıbdır. Güman edə bilərik bu təzə Cəbhənin də adı POXCP olacaqdır, yəni Postmodernist Xalq Cəbhəsi Partiyası. Partiya quruculuğuna girişmiş Razi və narazi bəylərin həyat yoluna baxarkən bu qənaətə gəlmək mümkündür, çünki indiyə qədər əlimizdə Cəbhənin klassiki var idi, onu seyidlər yaratmışdı. Bunlar isə gəncdir, perspektivlidir, dünya aeroportlarına çıxmış insanlardır. O baxımdan postmodernist cəbhə qayırmalıdırlar.
Hələ BAXCP də var, açması Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası deməkdir, təsəvvür edin, Azərbaycan bütövləşməyib, ancaq partiyası var. Nə ziyanı. Hələ əlifbada hərf çoxdur, hamısına layiq cəbhə yaratmalıyıq. Çünki cəbhə adı olduqca matah maldır. Misal üçün, dünən mən Razi müəllimi təzə partiya quruculuğu münasibəti ilə sosial şəbəkədə qutlayanda Taleh bəy adlı bir nəfər girib şərh yazdı: “EXCP mənimdir. Erotik Xalq Cəbhəsi Partiyası”. Bəli. DXCP, MXCP, QXCP və sairə də vaxtında yaradılacaqdır. Cəbhə xəttində uğursuzluğa düçar olub torpağını itirən bir millətin cəbhə sözünə bu dərəcədə yanğısı başa düşüləndir. Qoy ermənilərin ürəyi partlasın. Biz onlara qarşı o qədər cəbhə açarıq, başlarını itirib qaçarlar. Hurrey! Hərəmiz bir cəbhəyik, şair demişkən. Bəlkə də heç şair belə deməyib. Amma ziyanı yoxdur, hesab eləyin deyibdir.
Razi müəllimə uğur diləyərək keçək əsl cəbhə xəttinə. Müdafiə Nazirliyində bu saat yay bürküsü hökm sürür, generallarımız qan-tərə batıblar. Hər gün kimsə işdən çıxarılır. Özü də deyirlər bu adamları Zakir müəllim nazir qoyulanda özü ilə vəzifəyə gətiribmiş. Bəs nə oldu? Bismillah eləməmiş komandanın yarısını “happ” elədilər. İndi bu çıxarılan generallar da təzə OXCP, üzr istəyirəm, MN qayırsalar, bizim İsa bulağında antrikot yemək arzularımızın təpəsinə yekə bir daş düşməzmi?
Eyni problem ərzaq dükanlarımızda yaşanır. Avropa oyunlarında xeyli xərci çıxan firmalar hazırda bu pulları uca millətimizin belinə şəlləyir, əcəb də eləyir. Alimin uçan xalçaya minməyinə, Mengistu Hayle Mariamın Azərbaycan komandası adından taxta medal qazanmasına sevinəndə gərək bu günü görəydiniz. Hərçənd, ərzaq monopolisti Azərsun müəllim deyir bahaçılıq Çində yuanın devalvasiyası ilə bağlıdır.
Əcəbdir. Bəs prezidentin hər dəfə dediyi “xarici böhranların bizim qüdrətli iqtisadiyyata təsiri yoxdur” sözü nə olsun? Yuan özü də. Elə bir şey ki, üzünü görməmişik. Cəhənnəm, avro olsaydı. Görünür AzTV barıtı az edib, Almaniya dağılmır. Cadu tərsinə vurub, cinlərimiz Çini alt-üst edibdir.
Prinsipcə, Azərsun müəllimin dediyində həqiqət elementləri vardır, son bir ayda Çin valyutası 3 dəfə qiymətdən düşübdür, bu da dünya bazarında bahalaşma yaradıb. Biz yaxşı bilirik ki, Azərsun əslində istehsal yox, qablaşdırma şirkətidir, əsas malları xaricdən topdan alıb burda qutuya doldurur, tək-tək satır. Yoxsa hardadır bizdə o qədər şəkər qamışı, günəbaxan tarlası, çay plantasiyası? Yəni, Azərsunun milli şirkətimiz olması, Azərbaycan malı buraxması əslində saxta bir şeydir. Belarusdan hissələr alıb Gəncə traktoru, Çindən dəmir-dümür gətirib Naxçıvan maşını buraxmağın eynisidir.
Sadəcə, neftin pulu sel kimi gələndə Azərsun müəllimin bahaçılığını büdcə zəhmətkeşlərinə atılan 5-10 faiz artımla yola vermək olurdu. İndi bir az çətindir. Amma problem yoxdur. Xalqımız dözümlü xalqdır. Jmıx da yeyərik, təki Ledi Qaqa Bakıya gəlsin.
Lap çətinlik olsa özüm təzə Azərsun yaradaram. Qazərsun adıyla.

Bizə qoşulun