Medianews.az
Qonaqlara zəncir verək
192 baxış

Qonaqlara zəncir verək

zamin yeni raz
“- Biz hamımız bənnayıq, - adətən axşam yeməyi vaxtı Çixoriç baba Leandra deyirdi, - ancaq bizə işləmək üçün qeyri-adi mərmər verilir: saatlar, günlər, illər; yuxu və şərab isə hörgü məhluludur” 
 
(Milorad Paviç, “Küləyin iç üzü”)
Kredit qurbanları siyahısına uca şeyximiz də qoşulacaqdır. Hətta bir gün Allahşükür müəllim xalqımız kimi gedib prezident administrasiyasının qabağındakı müşahidə kamerasına şikayət edə bilər. Nə fərqi, o da göydədir. Bəlkə gördün cənab prezident həmin gün kamera görüntülərini izlədi, ehtiyat fondundan krediti qaytarmaq göstərişi imzaladı.
Çünki şeyx həzrətləri daim xalqımız üçün çalışıbdır, gərək onun da qədrini bilən tapılsın. Elə bu kredit əhvalatı da şeyxin xalqı fikirləşməyi üzündən olmuşdur. Şeyx keçən ay bəyan eləmişdi ki, uca millətimizin Həcc səfərinə çıxması üçün qabaqcadan bankdan 5 milyon dollar kredit alıb, Səudiyyə kralının ayırdığı kvotanın xərcini ödəyibdir. Bu da eləyirmiş hardasa 4-5 min müsəlmanın səfər pulu. Əgər kvota dolmasa gərək həccə getmək istəməyən azərbaycanlıların pulunu da şeyx öz cibindən versin.
Yeri gəlib, bu mövzuda bir tarixi hadisəni yazım. Vaxtilə deputatxanada Məzdək Hüseynov adlı zarafatcıl deputat vardı. Ağsaqqal adam idi, həqiqəti kəskin və zarafatla söyləmək qabiliyyətinə görə çox adam hörmət edirdi. Bir gün şeyx bunu foyedə tutur, deyir, ay Məzdək, mənə kralın müftə kvotası da var, gəl səni o siyahı ilə həccə aparım. Məzdək bəy iki ayağını bir başmağa dirəyir, təkidlə imtina edir. Şeyx məəttəl qalır, deyir a kişi, camaat yalvarır onu müftə aparım, bəs sən niyə getmirsən, bəyəm müsəlman deyilsən? Məzdək bəy deyir: “Müsəlmanam. Amma bax, hesab edək sən məni apardın ora, qəfildən qurban olduğum Allah-təala mənim gözümə göründü və dedi ki, ay Məzdək, haçansa oğurluq eləmisən? Deyəcəm yox. Soruşacaq rüşvət alırsan, yetimin payını çırpışdırırsan, yaltaqlıq edirsən və sairə. Yenə inkar cavabı alacaq. O zaman məndən soruşacaq ki, ay Məzdək, bəs bura nə cür gəlmisən? (Mən mədəni variantda yazdım - Z.H.).  Mən də susub cavab verə bilməyəcəm. Ona görə də getmirəm”. Tarixi mənbələrə görə bu söhbətdən sonra şeyx möhkəm inciyərək Məzdək Hüseynovdan o vaxtkı spiker Murtuz müəllimə şikayət edibmiş.
Sözümün canı odur ki, hal-hazırda şeyxin gözünə yuxu getmir. Gedəndə də sərhəddə dolaşan bir dəstə ağ paltarlı adam görür. Ola bilsin bu adamlar şeyxin krediti ilə həccə getməli adamlar yox, Brüssel Milli Azadlıq Hərəkatımızın təzə lideri, telini yan darayanda Babək Xürrəmiyə, ortadan ayıranda isə Uilyam Uollesə bənzəyən Arif müəllimin “Ağ yürüşü”ndəki real insanlardır. Axı biz bu etiraz yürüşünü Bakıdan görməsək də Arif müəllim Brüsseldən baxıb gördü. Necə deyərlər, yüz iynə boyu uzaq olsa da, Həmədan yaxındadır.
Arif müəllimin yapistlərə qarşı yaratdığı bu ağ paltarlılar hərəkatı tibb sənayemizə də ağır zərbə vurmaqdadır. Orda futbolçu Cavid müəllimin təpiyindən salamat qalmış beş-altı Hippodrom andı (bəlkə də Hippokrat idi, nə bilim, savadsız adamıq; ola bilsin Hippopotam andıdır) içmiş həkim də işdən ərizə yazıb qaçmışdır. Çünki səhiyyə naziri Oqtay müəllim onların ağ xalatda xəstəxanaya gəlməsini Arif müəllimin ağ paltarlılar azadlıq hərəkatına dəstək verməkləri kimi anlayıbmış. Prosesə bankotdel və bandotdel də qoşulubmuş. Xəstəxana sistemində qan su yerinə axmışdır.
Bayaq sərhəddən söz saldım, ağlıma yeni ideya gəlib. Hökumətə bu ideyanı müftə verirəm, götürüb gözlərinə soxsunlar, üzr istəyirəm, yararlansınlar.
Gürcüstanın hava sərhədini keçib ölkəyə girənlər maraqlı bir hadisənin şahidi olurlar: sərhədçi məmur Gürcüstana giriş möhürünü pasporta vurandan sonra adama 330 qramlıq miniatür butulkada gürcü şərabı hədiyyə edir. Yaxşı jestdir. Qonaqpərvərliyin minnətsiz formasıdır. Yoxsa bizdə iki əcnəbiyə beş litr neft verəndə yüz il minnət qoyuruq. Özü də butulkanın üzərində “Gürcüstan hökuməti” yazılıb, yəni, bu, dövlət büdcəsi hesabına olan bir şeydir. Bəs gürcülər bizdən kasıb dövlət idi? Niyə ordan insanlar həm ucuz qiymətə uçurlar, həm hədiyyə alırlar? Yapistlər xəsislik eləməsin. Məncə onların da şəhərimizin qonaqlarına verməyə bir zadı vardır. Qoy bu, ölkəmizə uyğun olaraq bir parça zəncir qırığı olsun. Çünki biz müsəlmanıq, şərab verə bilmərik. Zəncir isə hər baxımdan simvolikdir.
Qoy bilsinlər hara gəlirlər, əl-ayaqlarını yığışdırsınlar.

Bizə qoşulun