Medianews.az
Qeyri-yaşayış zonası
207 baxış

Qeyri-yaşayış zonası

zamin yeni raz
Hüquq-mühafizə orqanları jurnalist Rasim Əliyevin faktiki qətli haqda informasiyada şablon cümləni yenə yazmışdılar: “Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Təxminən bənzər açıqlamanı prezidentin köməkçisi Əli Həsənov da verib, üstəlik, cəmiyyəti tələsməməyə çağırıb: “Dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.
Məni bu açıqlamalardakı “təxirəsalınmaz” və “gözləmək” sözləri düşündürdü. Bu sözlər Azərbaycan hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, özəlliklə tanınmış insanların qətlinə aid olanda çox ironik səslənir. Görəsən bunlar indiyə qədər hansı belə hadisədə yüksək sürətlə cinayətkarı yaxalayıblar? Biz nəyi gözləməliyik? Bəlkə 10 il qabaq qətlə yetirilən jurnalist Elmar Hüseynovun qatillərini tapıblar? Bəlkə 18 il qabaq öldürülən Ziya Bünyadovu vuran tutulub? Bəlkə son 5-6 ildəki Rafiq Tağı, Rail Rzayev olaylarında cinayətkarlar yaxalanıb?
Prinsipcə, düşünsək xeyli sayda belə cinayətlər saya bilərik. Bu qara cinayətlər siyahısında hətta ABŞ Respublikaçılar Partiyası Bakı ofisinin rəhbəri Con Elvisin də öldürülməsi faktı var. Bizim quqqulu-mühafizə orqanları sadə cinayətləri kiminsə boynuna yıxıb hadisəni ört-basdır edə bilirlər, iş məşhur adama aid olanda, cəmiyyətin, dünyanın diqqəti altında olanda isə bu, mümkün deyil. Hansısa yazıq adamın belinə bunu yükləmək olmur. Qəzetlər yazır, jurnalistlər diqqət edir, cəmiyyət özü müzakirə edir və sairə... Yoxsa bizim ölkədə məşhurların və qeyri-məşhurların başına açılan oyunlar, cinayətlər elə də fərq etmir. Statistika nisbəti də eyni olar.
Rasim Əliyevin öldürülməsi müəyyən qədər Rafiq Tağının öldürülməsinə bənzədi. O baxımdan ki, hər ikisi xəstəxanada öldülər. Bundan qabaq “pasportstol”da döyülüb aldığı zədələrdən xəstəxanada ölən fotojurnalistimiz Alim bəyin də faciəsi var. Niyə bunları sadalayıram? Rafiq Tağı ağır bıçaq zədələri ilə xəstəxanaya düşən günlərdə onun palatasını “Binə” yarmarkasına döndərmişdilər. Kim istəsə sərbəst girib-çıxırdı. Jurnalistlər palatadan, hətta reanimasiya otağından canlı yayım yapırdılar. İndi Rasim Əliyev də həmçinin səhiyyə sistemindəki biabırçılığın qurbanı olmuşdur.
Məni başqa detal da düşündürür. Bizim futbol onsuz bir zad deyil, üstəlik buna görə adam öldürürlər. Yenə adamı örnək üçün, “Barselona”ya, nə bilim, Messiyə-filana görə döyüb öldürsələr yandırmaz. Qotur bir klubun yoluq bir futbolçusuna görə həyat kimi qiymətli şansdan məhrum olmaq - böyük faciədir.
Çirkli pullar, korrupsiya ilə qazanılan yalançı ad-sanın qurduğu komandanın qatilliyə yolu uzaqdan gəlir. Bir əcnəbi ata sözündə deyilən kimi: “Qurbağanı öküz həddinə qədər üfürsən partlayar”. İndi bizdə qurbağaların partlama erasıdır. Onların iyrənc kloakasından tökülən üfunətli tullantılar altında hələ nə qədər gözəl insanlarımız boğulacaq - şeytan bilir. Bəzən dindarlar mənə “şeytan bilir” ifadəsinə görə irad tuturlar. Mən mistik deyiləm, dinlərə inanmıram, amma Azərbaycan kimi ərazilərdə olub-keçənlərin xeyirxahlıqdan qaynaqlanmadığı çox aydın məsələdir. Burda olanların Tanrıya, Allaha, Boqa dəxli yoxdur.
Yadınıza gəlirsə, başqa futbol komandamızın bir futbolçusu da neft pulları ilə alınan, xalqın cibindən oğurlanan bahalı avtomobillə 2 nəfər küçə süpürgəçisi yazıq qadını vurub öldürmüşdü. Deyəsən onu da heç tutmadılar, yenə həyasızlıqla küçələrdə şütüyür. Bəlkə yenə adamları öldürür.
Qanunların işləmədiyi ölkədə jurnalistləri öldürməyin çoxlu yolları var. Birini blokda güllə ilə, o birini pulsuz mənzil verib öldürmək olar. Başqasını zindanda çürütmək, bir ayrısını döymək və sairə - yapistlərin “təxirəsalınmaz” tədbir çeşidləri çoxdur. “Ölməyə vətən yaxşı” misrası ilə bitən bayatımız sanki boyumuza biçilib, hər kəs “bura yaşamalı yer deyil” söyləyib şikayətlənir.
Yeri gəlmişkən, belə hadisələr olanda sanki mərkəzi aparatdan yaltaq KİV-lərə göstəriş gəlir: “Dəxli yoxdur, harda olsa belə hadisələr tapıb yazın”. O üzdən görürsən “Burundidə jurnalisti begemot uddu” tipli xəbərlər pırtlayır. Cəmiyyətə belə ovqat sırınır ki, neyləyək, hər yer belədir. Amma heç deyən yoxdur ki, görəsən başqa harda hüquq-mühafizə orqanına rəhbərlik edən şəxslər 20 il kresloya kök atır, daha harda saxta seçkilər olur? Niyə xaricdən yaxşı şeyləri də götürmürük?

Bizə qoşulun