Medianews.az
Gedək kassirlə tanış olaq
181 baxış

Gedək kassirlə tanış olaq

zamin yeni raz “Biz nefti, qazı unutmalıyıq, ümumiyyətlə kənara qoymalıyıq” - bu sözləri dövlət başçısı təzəlikcə söyləmişdir. Maraqlı sözlərdir. Bununla qeyri-neft sektorumuzun inkişafı vurğulanır, amma biz neft və qazı əslində çoxdan unutmuşuq. Bəlkə yadımıza düşmədən unutmuşuq. Təkcə son 10 ildə Azərbaycana milyardlarla neft pulu gəldi, getdi, yadımızda qalan nə var ki? Bəlkə Qarabağ probleminin həlli yolunda bircə qarış irəli getdik? Bəlkə demokratik seçkilər oldu, respublikanın gələcəyinə ümidlər yarandı? Bəlkə dünya səviyyəsi cəhənnəm, adicə qonşu və 30 ilin embarqosu altındakı İran səviyyəsində səhiyyəmiz var? Təhsilimiz nə kökdə, regionlar nə halda... Hər yerdə bizə qalan ancaq uydurma rəqəmlərdir. Doğrudur, bəzi avam adamlar “bəlkə gələcək nəsillərə neft fondunda nəsə qaldı” deyirdilər, indi isə bizə açıq mətnlə duyurulur: “Unudun getsin, neft və qazdan sizə heç zad olmayacaq”. Milli azadlıq hərəkatının ilk çağlarında, Qorbaçov yenidənqurmasının isə çöküş dövründə bizdə populyar bir deyim yaranmışdı: “Xalqımız unutqan xalqdır”. İndi də bütün olanları sakitcə unudacaqlar, yapistlərin narahatçılığına ehtiyac yoxdur. Prezident həmin cümləni “Qalaaltı” turizm-müalicə kompleksinin açılışında söyləmişdi, bəlkə buna görə effektli olacağını düşünür. Mən o yerdə hardasa 15 il qabaq olmuşam. Çıraqqala tarixi abidəsinin ətəklərində yerləşən sovetdən qalma obyekt pis vəziyyətdə idi. İndi necədir, deyə bilmərəm, açılış süjetinə də baxmamışam. Amma yapistlər həmin obyekti 15-20 il sonra yararlı duruma gətiribsə, bunun özü də pis faktdır. Bu qədər müddətdə həmin obyekt və ətrafı dövlətə, büdcəmizə nə qədər xeyir verərdi. Yeri gəlmişkən, o vaxtlar Qalaltına gedən yol çox bərbad idi, indi bilmirəm necədir. Yol demişkən... İstənilən turizmin əsasında normal infrastruktur dayanır. Keçən dəfələr yazdığım kimi, minlərlə azərbaycanlı adi istirahət üçün Gürcüstan üzərindən xaricə uçmağa üstünlük verirsə, AZAL-ın korrupsiyalı qiymətlərindən qaçırsa bunlar hansı turizmdən danışırlar? Qalaaltına, başqa ərazilərimizə getmək istəyənlər ilk növbədə Bakı Beynəlxalq Avtovağzalı adlı dünya səviyyəli biabırçılığın içinə girməlidir. Təsəvvür edin, burda açıq havada dayanan avtobusun yanına taksidə getmək üçün qanunsuz olaraq 3 manat pul istəyirlər. Əks halda gərək 150 metr məsafəni çamadanlarını özün sürüyəsən. Bina qorxu filmlərindəki labirinti xatırladır, lap alt qatda, quyunun dibində isə əcinnəyə oxşayan kassirlər oturub sərnişin əti gəmirirlər. Şişirtmə üçün yazmıram, Bakı avtovağzalından harasa qanuni, bilet alaraq getmək istəyən insan canından keçməlidir. Bəlkə illərdir üst qatlarda kassa otaqlarına yalandan “təmir gedir” yazıblar, kassanı isə zirzəmidəki gizli otağa soxublar. Məqsəd korrupsiyanı gizli aparmaqdır, sərnişinlərin, xalqın əsəbləri ilə oynamaqdır. Guya Ziya Məmmədov bunları bilmir. Bunu mənə yaltaq taksi sürücüsü dedi. Ona dedim ki, avtovağzal rəsmən Ziyanın oğluna və qardaşına məxsusdur. Susdu, nəsə mızıldandı. Təzəlikcə Gürcüstana gedərkən Bakı avtovağzalında başıma gələn karikatur olayı da yazım. Bilet almışam, Bakı-Tiflis avtobusuna oturmaq istəyirəm. Sürücü deyir ki, gərək biz kassirin yanına gedək. Soruşuram nə üçün. Deyir elə-belə, problem yoxdur, gedək, qayıdaq. Məni gülmək tutdu, sanki Bekketin pyesinə düşmüşdüm. Çox absurd təklif idi. Beynimdə bir az da maraq qığılcımları oyandı, fikirləşdim bəlkə kassir mənə aşiq olub. Nə isə, 3-4 qat aşağı düşdük, kassir biletə baxdı, dedi gedin. Soruşuram bu prosedur nə deməkdir. İzahat dəhşət idi! Sən demə qanuni yolla bilet alan sərnişinlərlə gedişə az qalmış sürücüdən “bilet alan” sərnişinlər 2 kateqoriyaya bölünür və qanuni yolla bilet alanları bu xarabada sevmirlər. O üzdən şəxsən tanış olmaq istəyirlər. Zarafat edirəm. Sadəcə, belə anladım ki, əgər kimsə bilet alıb gəlməsə sürücü onun yerini başqasına satır, kassirə isə qoz da vermir. Sürücü də sərnişinin həqiqətən gəldiyini kassirə sübut eləmək üçün ya biletləri yığıb təzədən kassirə aparır, ya da sərnişinin özünü göstərir. Bizim avtovağzaldan yaxşı tragikomediya filmi çəkmək olar. Bunlar da turizmdən danışır.

Bizə qoşulun