“Gurultulu olsa da, diqqətlə etsən nəzər,
Xeyri yoxdur o səssiz, vüqarlı çəllək qədər.
Tutduğu işdə hər kim böyük səs-küy qoparır,
İnan ki o adamın faydası, xeyri azdır!"
(İvan Krılov, “İki çəllək”)
Təzəlikcə şimal tərəflərə yolum düşmüşdü. Açığı, ölkəmiz elə balacadır ki, bu “tərəflər” sözünü yazanda bir az adamın qıdığı gəlir. Kaş Bütöv Azərbaycan qurulmasını görəydik, bizim də bir geniş dövlətin ucu-bucağı görünməyən ərazilərinə baxıb sevinmək imkanımız olaydı. Yoxsa indiki kimi... Bir şəhərdən, bir meqapolisdən bezəndə başqasına getmək imkanı yoxdur. Başqalarını deyə bilmərəm, ən azından jurnalistlər üçün fəlakət durumdur, çünki qəzet çıxan yeganə ərazi Bakıdır. Amma böyük ölkəmiz olsaydı çıxıb gedib Təbrizdə qəzet yazardıq. Nə isə, tərəf məsələsi çox uzandı.
Demək, Xaçmaz istiqamətinə gedən bütün avtobusların 5-10 dəqiqəlik istirahət üçün dayandığı yeganə məntəqə Siyəzəndəki Beşbarmaq pirinin ətəyidir. Elə avtobus sürücüləri də minik zamanı belə elan edirlər: “Bir də pirdə saxlayacağıq”. Amma bu “pir” deyilən yerin nə gündə olduğunu respublikanın başbilənlərindən kimsə görməyibmi? Natəmizlik, tam antisanitariya, zir-zibil içində bişirilən kabablar, düz yolun içində qaynayan qarğıdalı qazanları, səs-küy, pis qoxular... Düzü, mən bilmirəm bu obyekt ümumən kimin balansındadır. Ziya Məmmədovun, yoxsa Allahşükür müəllimin? Bəlkə hər ikisinin? Bütün hallarda, adam orda dayananda belə ölkədə yaşadığına utanır.
Təsəvvür edin, 25 qəpiklik qazsız suyu dükanlarda 40 qəpiyə satırlar. Qalan hər şey də bu cür bahadır. İstər-istəməz düşünürsən: əgər bu pirdə kəramət varsa, niyə bunun böyründə dükan işlədən bu soyğunçulara təsir göstərib onları adam eləməyib?
Əlbəttə, başa düşürəm Beşbarmaq piri dayanacağında qayda yaratmaq, Avropa Oyunları keçirən respublikamızın analoqu olmayan səviyyəsinə çatdırmaq üçün bir-iki nazirliyin gücü yetərli deyildir. Bu baxımdan, xahiş edərdik cənab prezident bir müşavirəni də bu dayanacağa həsr eləsin, bəlkə bundan sonra orda vəziyyət dəyişər.
Ümumən götürəndə isə respublikamızın ictimai-siyasi həyatında böyük dəyişikliklərin astanasında olmağımız aydın hiss edilməkdədir. Zakir müəllimin azad elədiyi rayonlarda payızlıq taxıl əkinlərinə, o cümlədən faraş tərəvəz, bostan bitkilərinin yetişdirilməsi işlərinə, yoncanın üçüncü çalımına hazırlıq gedir. Bir qohum var, dünən Kəlbəcərdən zəng vurub deyir ki, atın ipini bir az da uzatdım, indi Ağdərədə subalp çəmənliyində otlayır. Başqa bir qohum isə srağagün dükanda pivə aldığım yerdə yaxamdan yapışıb nə desə yaxşıdır? “Sən heç bilirsənmi milli ideya nədir?”. Dedim vallah, billah, mənim elənçik ziyalı söhbətlərindən qandığım qrafa yoxdur. Mən nə bilim ideya nədir?
Hər halda, arzu edərdik ASAN-xidmətin səyyar avtobusları Zəngilanın Pirçivan məntəqəsinə, Qubadlının Aşağı Mollu kəndinə, Ağdama, Füzuliyə, Malıbəyli kəndinə də getsin. Yoxsa Zakir müəllim yüksək döyüş hazırlığı ilə ordunu ayağa qaldırıb, torpaqlarımızı artıq 3-cü dəfə azad etmişdir (adamın vəzifəsi budur, daim azad etməlidir), lakin orda bəzi sakinlər hələ də uşağın sünnət kağızına peçat vurdura bilmir. Sabah belə prosedurlar dövlətçiliyimizə çətinliklər yaradacaqdır.
Ancaq etiraf edim ki, hər dəfə bu “yüksək döyüş həyəcanı ilə ordu ayağa qalxıb” tipli cümlələr eşidəndə bir əsgərlik xatirəsi yadıma düşür. Uzun, qaranlıq bir blindajımız var idi, bütün bölük yerləşən bu qazma qabaqlar çobanların qoyun damı olmuşdu. Taborun bir dükana bənzər yeri var idi, əsgərlər ordan 20 qəpiyə “bakkuş” deyilən kökəyə bənzər yemək alırdılar. Pul hamıda olmazdı, o üzdən bəzi əsgərlər “bakuş”u gizli alıb gecə hamı yatandan sonra yemək istərdilər. Amma bu kökənin örtüyü çox satqın örtük idi. Çavuşlar “yatın” komandası verib diqqətlə qulaq asardılar. Bir də eşidərdin kimsə yataq örtüyünün altında kökəni “xışıldadır”. Bah! O anda elə bil İkinci Dünya Savaşı başlanırdı! “Döyüş həyəcanı” komandası verilir, bölük ayağa qaldırılır, “bakuş” yeyən əsgər tapılıb çox pis cəzalandırılırdı. Bizim bölüyün hər gecə minimum 1 dəfə “trevoqa”sı olmalıydı.
Kökə həmin kökədir, ölkə də həmin ölkədir. Bir az fərqi var ki, indi həyəcan siqnalını kökə oğruları özləri verir.
