Medianews.az
Müstəqilliyimiz əbədidir
233 baxış

Müstəqilliyimiz əbədidir

zamin yeni raz

“Birələri barmaqları ilə tutur! Barmaqları ilə! - Filipp Filippoviç qəzəblə qışqırdı, - üstəlik, mən anlamıram, siz bu birələri hardan çıxarırsınız?”

(Mixail Bulqakov, “İt ürəyi”)
Yapistlərin son illərdəki leksikonunda ən çox işlənən ifadələrdən biri də “müstəqil dövlətçiliyimizə qarşı qısqanclıq” söz birləşməsidir. Onlar yeri gəldi, gəlmədi, deyirlər ki, Azərbaycanın uğurlarına dünyada az qala hamı paxıllıq edir. Sən də qalırsan əlin üzündə. Çünki ölkənin harasına baxsan yırtıq-deşik bir şeylər görürsən, bilmirsən Almaniyadan tutmuş Amerikaya, Yaponiyadan Fransaya, Avstraliyadan Norveçə qədər bütün Yer planeti bu yamaqlı dövlətçiliyin nəyinə paxıllıq eləməlidir.
 
Müstəqil dövlətçiliyə niyə qısqanclıq edəsən ki, Moskvada Putin asqıranda Bakıda bütün yapistlər arasında quş qripi epidemiyası yayılır? İstənilən vaxt Volodya müəllimin gəmisi gəlir durur Bakı buxtasında, Artur müəllimin kabinetinə tərəf bir uzun fit çalır. Yəni demək istəyir sizin müstəqilliyinizə bir fıştırıq. 
Cənub tərəfə gedirsən, açırsan telefonu, görürsən belənçik bir mesaj gəlmişdir: “İrana xoş gəlmisiniz”. Fikirləşirsən, ey dadi-bidad, axı buralar bizim üçrəngli, müstəqil respublikanın ərazisi idi, burda niyə İrandan belə mesaj yayılır? Amma çox fikirləşmirsən, başını aşağı salıb gedirsən Təbrizdən aftafa gətirməyə.
Qərb tərəfə gedirsən... Yox, yaxşısı budur getməyəsən, çünki hal-hazırda o zonanı Zakir müəllim darmadağın edib ərazi bütövlüyümüzü bərpa eləməklə məşğuldur. Qarabağın azad olunması istiqamətində növbəti virtual yay hücumları vaxtıdır. Payız gəlsin, inşallah, sakitlik olar, sən də internetə girib Ağdamda otlayan donuzlara rahat baxarsan. 
Şərq tərəf də onun kimi. Vay o günə istəyəsən ürəyin bir sərinləsin, dənizdə çiməsən, hər yeri hasarlamış məmurların qarovul dəstələri adamı it sürütməsi eləyir, doğulduğuna peşman edirlər.
Bəs bu müstəqillik özünü nədə göstərir? Bəlkə dilim-ağzım qurusun, doğrudan bizim heç bir müstəqilliyimiz yoxdur? Vardır! Özü də əməllicə vardır. Sadəcə, ölçü sistemlərimiz fərqlidir. Gərək dünyaya yapistlərin gözü ilə baxasan, o zaman çoxlu müstəqillik əlamətləri gözünə girər.
Örnək üçün, bizdə jurnalistləri, qeyri-hökumət təşkilatı nümayəndələrini, müxalifətçiləri, ümumiyyətlə hökumətin xoşuna gəlməyən söz danışanları tutmaq müstəqilliyi var. Yapistlər Rəşadət Axundovu, Anar Məmmədlini, Tofiq Yaqublunu, Xədicə İsmayılı və adını çəksək bir qəzet dolacaq onlarla başqa günahsız insanları müstəqil şəkildə zindana salıblar. BMT insan haqları konvensiyaları, Avropa Məhkəməsi-filan bizim ərazidə keçmir. Sırf müstəqilik. Bəlkə arada Rusiyadan, İrandan-zaddan “filankəsi də tutun” göstərişi gələ. Qalan adamları həmişə özümüz tuturuq, öz işverənlərimiz, öz zorakılıq aparatımız var. 
Tarix göstərib ki, bu məsələdə yapistlərin müstəqil siyasətinə doğrudan təsir gücü yoxdur. Hər kəsin azadlığı, ya da dustaqlığı, yaxud vətəndaşlıqdan çıxarılıb qovulması yalnız və yalnız cənab prezidentin səlahiyyəti daxilindədir. Bu müstəqilliyi yaxşı hesab edirsinizsə başqa məsələ. Amma sivil dünyada, siyasi ədəbiyyatlarda bunun adına “avtoritarizm” deyirlər. Hesab eləyək müstəqil avtoritarizmdir, ləzzət alaq. 90-cı illərin gerizəkalı milli istiqlalçı lideri necə demişdi? “Öz millətimin diktatoru, başqa millətin demokratından əzizdir”. Bax, həmin xətdir.
Yaxud Bakıda binaları nə ilə üzləmək lazımdır, deputatxanaya hansı siyahı ilə kimlər girsin, diplomat açılmasa rüşvəti “atvyorka” ilə, yoxsa avtogenlə kəsib çıxaraq, yol təmirində hər metrdən neçə manat yemək olar, gömrükdə yığımın hansı faizi rüsumdur, monopoliyaya alınmayan sahələr qalıbsa kimi cəzalandırmaq lazımdır, Biləcəridə hamam qayırmaq üçün icra başçısına neçə kisə pul verilməlidir və sairə işlər də müstəqil şəkildə həyata keçirilir. Bu işlərin görülməsinə nə Obamanın, nə Merkelin təsir gücü vardır.
 
O üzdən bizə paxıllıq edirlər. Çünki Angela Merkelin həyatda ən böyük arzularından biri Binəqədidə vulkanın üstündə özünə ev tikmək imiş.

Bizə qoşulun