Medianews.az
Bizə yazırlar...
183 baxış

Bizə yazırlar...

zamin yeni raz
Bir oxucu məktubunu dərc eləmək istəyirəm, düzdür, qardaşımız bir az uzun yazıb, ancaq oxuduqca hiss edirsən ürəyi partlaya-partlaya yazıbdır: “Hər il təyyarəylə gəldiyim ölkəyə bu il maşınla gəlməyə qərar verdim. Azərbaycanadək 8 ölkəni problemsiz və çox rahat keçdim. Hər ölkənin sərhədində ən çox 5 dəqiqə vaxt itirdik. Problemlər Azərbaycana girişdə başladı. Öncə gömrükçülər qanunsuz olaraq məndən öz adıma olan maşınımla ölkəyə giriş üçün ”zaloq-rastamojka pulu" qoymağı tələb etdilər.
Mən bunun qanunsuz tələb olduğunu sübut etmək üçün 3 saat vaxtımı və əsəblərimi sərf etdim və nəhayət, Azərbaycana girdim. Ölkə heç dəyişməmişdi. Hara gedirsən qanunsuzluq, hara gedirsən rüşvət. Qiymətlər Avropadan da baha, maaşlarsa Avropadan ən az 5 dəfə aşağı. Rayonlarda iş tapmaq imkansız olduğundan insanların 60 faizi öz maşınıyla taksi xidməti göstərir. Taksi çox, minən yox. Maşın yolları çox pis vəziyyətdə, dağılmış haldadır. Masallıya qonaq getmişdim. Ona görə də Masallının nümunəsində danışacağam.
Həkimlər rüşvətsiz heç kimə baxmır. Rayonda bir maraqlı hadisənin şahidi oldum. Kasıb bir qohumumun gəlinini uşaq dünyaya gətirmək üçün Masallı mərkəzi xəstəxanasına apardılar. Doğum şöbəsində 200 manat rüşvət olmadan xəstəni qəbul etməyəcəklərini söylədilər. Anası yalnız 100 manatı olduqlarını söylədi. Həkimin cavabı belə oldu: “Bura bazar deyil, 200 manatınız yoxdursa, rədd olub gedin. Və gedin hara istəyirsiniz şikayət edin”. Əlacsız qalıb 2 saata borc tapıb həkimə verdilər.
Qohum-tanışlardan kimlə görüşürdümsə hamısı “məni də özünlə Avropaya apar” deyirdi. Sanki analoqu olmayan ölkədə yaşayan, həftədə 5555 ədəd iş yeri açılan ölkədə yaşayan onlar deyilmiş.
2-ci məsələ sürücülərin anasını ağladan radar məsələsidir. Mən maşınımla Avropa və Rusiyada 30-dan çox ölkə gəzmişəm və bunu qəti deyə bilərəm ki, bu ölkələrdəki bütün radarların ümumi sayı Azərbaycandakı radarların sayından 2-3 dəfə azdır. Azərbaycandakı hər 2 km-dən bir qoyulan radarlar yol hərəkətinin təhlükəsizliyini qorumaq vəzifəsini yox, polisin rüşvəttoplama vəzifəsini görür. Avropaya geri dönəndə məni Nəvahi postunda saxlayan yol polisi “Radarın var” deyərək, posta dəvət etdi. Posta daxil olanda dəhşətə gəldim. 
Bura sanki dövlətin polis postu deyil, topdansatış bazarı idi. İçəridə sürücülərlə yol polisləri arasında şıdırğı “Radar alveri” gedirdi. Sürücülərdən rüşvət alaraq radar qeydlərini pozurdular. Növbə mənə çatanda 7 dəfə radara düşdüyümü söylədilər və açıq-aşkar rüşvət alaraq, radar qeydlərini pozdular. Azərbaycan nə vaxt düzələcək görəsən?
8 ölkə keçdim, 6500 km yol sürdüm, yolda heç bir problem olmadı, ancaq Azərbaycanda yol polisləri başıma oyun açdılar. Hər addımbaşı radar, polis postu qoymaqla yollardakı qəza və ölümlərin qarşısını almaq mümkün olsaydı, polis və radarların ən çox olduğu Azərbaycanda yollarda bu qədər insan ölməzdi. Azərbaycanda yol qəzalarının ən böyük səbəbi yollardakı xaos və anarxiyadır. Yeni tikilən və köhnə yolların 95 faizində işıqlandırma və məlumatlandırma yox səviyyəsindədir.
Bakı-Qazax, Bakı-Astara magistrallarında cəmi 2-3 dəfə yolların hansı istiqamətə davam etdiyi göstərilir. Hava qaralandan sonra isə bu yollarda maşın sürmək əsl riskdir. İşıqlandırması və yol qıraqlarında dönüş və yol sonunu bildirən reflektorların olmadığı yollardakı qəzalarda bu qədər insanın ölməsi çox təbiidir.
Ən çox sevindiyim isə o oldu ki, məzuniyyətim bitdi, Azərbaycanı tərk etdim. Və öz-özümə dedim ki, nə yaxşı zamanında Azərbaycanı tərk etmişəm.
Dünyanın heç bir ölkəsində bu qədər məmur harınlığı, rüşvət, qanunsuzluq yoxdur. Yazıq əhalinin halına, çox yazıq...
Təşəkkürlər, Zamin bəy. Onu da əlavə edərsiniz ki, geri döndükdən sonra Azərbaycan prezidentinə, Korrupsiya ilə Mübarizə İdarəsinə, yol polisinə e-maillə bu biabırçılıqlar haqda məlumat vermişəm, ancaq heç bir cavab almamışam. Yazıq Azərbaycan. Gör kimlərin əlində aciz qalıb".
Açığı, məktubu oxuyandan sonra uzun müddət söz tapa bilmədim. Amma böyük ehtimalla bu qardaş bizim müstəqil dövlətçiliyin paxıllığını çəkir.

Bizə qoşulun