“Qaçmağa xüsusi tələsmək lazım deyil. İndi onun əlində hər iki istiqamətə bilet: təmiz blank var və o özü istədiyi gediş vaxtını, təyinat məntəqəsini ora yazıb doldura bilər. Həm də o, özünün su yığmaq üçün qurğusu haqda danışmaqdan ötrü ölür. Kəndlilər isə onu tapa bilməyəcəklər. Bu gün olmasın, sabah olsun, o, kiməsə hər şeyi danışacaq. Qaçışa gələndə, bu haqda düşünməyə hələ vaxt olacaq”
(Kobo Abe, “Qumluqdakı qadın”)
Çox maraqlı ölkədə yaşayırıq. Misal üçün, mən bugünlərdə təsadüfən AzTV-yə yarım saatdan artıq baxdım, artıq Almaniyanın darmadağın olmasına şübhəm qalmadı. Mükəmməl zombiləşdirmə qurğusudur. Təsəvvür edin, cəmi yarım saat ərzində İbrahim Məmmədov adlı aparıcı prezidentin müşavirəsini şərh edərək bütün dərmanların qiymətini 3 dəfə ucuzlaşdırdı, gürcüləri Bakıya gətirib AZAL-ın uçaqlarına mindirdi, bütün evsizlərə faizsiz ipoteka təşkil elədi, iqtisadi artımı harasa qaldırdı, Ermənistanı uçuruma endirib məhv elədi, lap axırda isə gördü bir az efir vaxtı qalıb, həmin vaxtdan səmərəli yararlanaraq Mərkəzi Bankın sədri Elman Rüstəmovun başına tük əkdi.
Mən başa düşdüm ki, əgər iki-üç gün ardıcıl olaraq AzTV-yə baxsam YAP-a üzv yazılaram. Yalanı bu dərəcədə səmimi danışmaq qabiliyyəti yəqin tarixən heç kəsdə olmamışdır.
Uca millətimizin kredit problemlərinə görə intiharlarından sonra yeni bir bəla gəlir. Adamlar dəli olub çöllərə düşürlər.
Əsl roman(tik) hadisələr baş verir. Yüngülvari istedadı olan yazıçı bu hadisələrin əsasında dünya ədəbiyyatı səviyyəsində romanlar qayıra bilər. Amma harda... Bizim yazıçılar heç Təhminəni ərə verə bilmədilər. Misal üçün, bu həftə Salyandan ekzotik xəbər alındı. Orda bir kənd poçtunun müdiri 47 gün imiş yoxa çıxıbmış. Onun axtarışlarına qohum-əqrəba, polis qüvvələri cəlb edilibmiş. Nəhayət, adam yaşadığı yerdən təxminən 200 kilometr aralıda - Şabranın Qalaaltı kurortu yaxınlığında, meşədə anlaqsız durumda tapılmışdır. Psixikası pozulduğu üçün adam bu müddətdə neylədiyi haqda suallara cavab verməyib.
Bəs niyə bu insan havalanıb? Sən demə, onun banklara 30 min dollardan artıq kredit borcu var imiş! O məşhur klassik beyti bir az dəyişib belə yazmaq olar: “Müdir kredit əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”.
Burda daha bir ədəbi-bədii haşiyə çıxaraq qeyd edim ki, bankların əhalidən kreditləri yığmaq üçün çətinlikləri elə miqyas alıb, indi onlar hətta “kollektor” adlanan reket dəstələri düzəldirlər. Həmin dəstə üzvləri kredit borcu yaranan şəxslərə (deyilənə görə, bəzən borcu olmayanlara da!) hədə-qorxu gələrək pulları geri istəyirlər. Sanki bizim “Yeddi oğul istərəm”, həmçinin “Əla yeddilik” Hollivud filmlərində kəndlilərin quldurlardan qorunmaq üçün döyüşçüləri kəndə çağırması hadisəsidir. Bir az süjet tərsəməzhəb düşübdür, bankirlər kəndli rolundadır.
Poçt müdirinin əhvalatına qayıtsaq, əlbəttə, yenə klassik azərbaycanlı məntiqiylə “yəqin pulu verməmək üçün özünü dəliliyə vurub” düşünmək olar, elə biz də düşünürük. Amma özünü dəliliyə vurmaqla bu ölkədə canını qurtarmaq çətindir, çünki özünü dəliliyə vuranların sayı özünü ağıllı aparanların sayından onsuz da çoxdur. Bu baxımdan, poçt müdirini bankotdelə aparıb dilini açmaq lazımdır. Qoy o, 47 günlük macəralarını bizə nəql eləsin, biz də bunun əsasında təzə bir “Poçt qutusu” şedevri yaradaq.
Yevlaxdakı olay isə demokratiya tariximizə düşə bilər. Orda bir kənd sakini bütün suyu öz sahəsinə axıdır, başqa kəndlilərin əkinlərinə su buraxmırmış. Sakinlər kəndin bələdiyyə sədrinə şikayətə gediblər, sədr həm də o suyun qabağını kəsənin əmisi oğlu imiş. Uzun sözün qısası, sədr gəlib sahəyə, əlində də tüfəng. (Bu yerdə mən lap Oruellin “Filin öldürülməsi” essesini xatırladım). Və əmisi oğlunu tüfənglə vurub öldürüb! İndi əhali rəhmətliyin qanı axan sahələrdə pomidor-xiyarı asudə becərirlər. Polis isə xalqın yolunda doğmalarına belə qıymaqdan çəkinməyən bələdiyyə sədrini tutub zindana salıbdır.
Təəssüf ki, AzTV-də bu hadisələrin heç bir işıqlandırılmadı.
