Medianews.az
Cızıqda dızıldaşanlar
214 baxış

Cızıqda dızıldaşanlar

zamin yeni raz (Metro Tağıya ithaf edilir) Deyir 1-ci Avropa Oyunlarının məşəli rayonları hərlənib-fırlanıb, nəhayət, Bakıya varid olmaq üzrədir. Ya da artıq paytaxta giribdir - dəqiq xəbərim yoxdur. Ancaq paradoksal bir hal var ki, məşəli rayondan Bakıya gətirən maşını ola bilər heç Bakıya buraxmasınlar. Məşəl daşıyanlarımızdan müğənni İlhamə xanım Qobustana getsin, ordan 53 kilometr yolu qaça-qaça gəlsin, “Müjdə, ey afinalılar! Biz qalib gəldik! Hətta Anar müəllim demişkən, qalib gəldik, qalib getdik! Hamınız sevinin, bir Nazpəridən başqa!” söyləyib qan-tər içində ana vətən torpağına yıxılsın. Ta bundan sonrakı ssenarini yazmıram. Yalnız onu qeyd edim ki, həmin 53 kilometri biz gələcək olimpiya oyunlarına “qobustan” yarışı adıyla daxil eləmək hüququnu özümüzdə saxlamalıyıq. Bu arada İlhamə Quliyevanın məşəli nə cür daşıyacağı xalq arasında çox müzakirə edildi, dərhal gənclər və idman naziri Azad müəllimdən açıqlama gəldi: “O, məşəli qaça-qaça aparmayacaq, hərəkət edəcək”. Lakin İlhamə müəllimə dərhal Azad müəllimi təkzib elədi, nəinki məşəli öz əlində tutacağını, həmçinin qaçacağını, hələ lazım gəlsə sinxron üzgüçülük üzrə milli komandamızı təmsil edəcəyini bildirdi. İndi bütün dünya ictimaiyyətini, o cümlədən Ağcabədi qaçqınlarını düşündürür ki, görəsən, İlhamə xanım düz deyir, yoxsa Azad müəllim. Yaşayarıq görərik. Məşəli rayon nömrəli maşınla Bakıya gətirmək isə doğrudan böyük qalmaqala səbəb ola bilər. Çünki hazırda rayon nömrəli maşınlar Avropa Oyunları səbəbindən Bakıya buraxılmır. Bunun özü çox gülməli tədbirdir, paytaxtın infrastrukturunun heç nəyə hazır olmadığını göstərir. Təsəvvür edin, oyunlara gələcək komandaların tərkibi məşqçi-zad qarışıq hardasa 6 min nəfər olmalıdır. Bunun da üstünə lap optimist hesablama ilə 20 min xarici tamaşaçını gələk (Hərçənd 2 min gəlsə sevinərsiniz, çünki ağlı başında olan əcnəbinin nəyinə lazımdır yayın 35 dərəcə istisində gəlib Biləcəri yolunda hansısa 35-ci dərəcəli velosiped sürənlərə baxsın?). Amma lap özümüzü AzTV-nin yerinə qoyub yarışlara xaricdən toplam 50 min nəfərin gələcəyini təsəvvür edək. Bakı 3 milyondan çox adamın yaşadığı bir böyük meqapolisdir. Əgər bu meqapolis bir ay ərzində, özü də çox adamın tətildə olduğu bir vaxtda, 50 min adamı qəbul eləməyə zülm çəkirsə, demək, bu şəhər yaşamalı yer deyil. Yaxşı olar rayonlar da qeyrətə gəlsinlər, cavab tədbiri olaraq Bakı maşınlarını rayona buraxmasınlar. Misal üçün, Kürdəmirdə pambıq yığımı zamanı, Lənkəranda kələm mövsümündə, Xaçmazda pomidor bitəndə paytaxta qapanmaq lazımdır. Qisas almaq lazımdır, bəs necə! Bu arada bir vicdanlı vətəndaş olaraq məlumat verim ki, srağagün Bakıda küçədən keçərkən yoldakı Avropa Oyunları sarı zolağını 2 dəfə tapdalamışam. Buna görə cəzam nədirsə çəkməyə hazıram. Hətta qeyd edim ki, birinci tapdalama zamanı zolağı görməmişdim, ikinci dəfə isə qəsdən ayaqladım. Cəzalar ancaq maşınlara aiddir, yoxsa piyadalara da düşür - bunu bilmək maraqlı olardı. Söz düşmüşkən, həmin sarı zolağı keçən maşınların cərimələnməsi, təkcə ilk gün 700 maşına 40 manatdan cərimə yazılması əhalini əməllicə zolağa salmışdır. İndi yol tıxac olsa da heç kim risk edib həmin zolağa girmir. Bütün sutka boyu zolaq boş qalır, nə gələni var, nə gedəni. Məncə, bunu davamlı eləmək lazımdır, qoy həmin zolaq həmişə boş saxlanılsın. Bir tarixi abidə, qan yaddaşı kimi. Millət o zolağa baxdıqca hansı gündə yaşadığını, hansı cızıqla getməli olduğunu başa düşür. Yoxsa cızıqlarından çıxmışdılar, neft pullarından pay-zad istəyirdilər. Bu mövzuda bir yaxşı lətifə də var, cızıqdan çıxmağı nəzərdə tuturam, amma burda yazılası deyil. Bilənlər bilməyənlərə danışsın.

Bizə qoşulun