“Yağış hey tökürdü. Ayaqqabılarıma da su keçirdi. Özüm də yamanca islanmışdım. Tir-tir titrəyirdim.
Cavan bir oğlan mənə yaxınlaşdı.
- Bağışlayın, əmican! - dedi.
Mənə elə gəldi ki, o məndən vaxtı soruşacaq. O isə soruşdu:
Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?"
(Əziz Nesin, “Uçuruma yuvarlanırıq” hekayəsindən)
***
Almaniya idman federasiyası bəyan edib ki, Bakıdakı Avropa Oyunlarına 300 idmançı göndərəcəklər, onlardan 67 nəfəri isə üzgüçü olacaqdır. Alman komandasında ən çox say üzgüçülərdə imiş. Mən belə başa düşdüm ki, yarışın müftə olduğunu öyrənən Almaniyada suda batmayan hər kəsi yığıb göndərirlər Bakıya. Halaldır. Malını yeməyənin malını yeyərlər.
Başqa dövlətlər də Avropa Oyunlarına bu prinsiplə yanaşıbmış. Örnək üçün, Britaniyada iki ayağı olan, yayda Bakıya müftə səfər etmək istəyən hər kəs yüngül atletika komandasına götürülürmüş. Fransada qumda eşələnmək həvəsində olan 100 nəfər çimərlik voleybolu komandasına yazılmışdır və sairə.
Vətəndaşlarımız da oyunlardan səmərəli yararlanmağın yollarını tapırlar. Hökumət bizə fırıldaq gəlirsə, biz niyə ona atmayaq - sadə xalqın məntiqi belədir, düz də edirlər.
Misal üçün, hazırda bir çox avtobus marşrutlarının şəhərə girişi qadağan edilib, metro qatarı isə “Koroğlu” stansiyasına çatanda, maşinist mühərriki söndürür, ərazidən sakit keçirlər. Stansiyanın üstündəki “Atletlər kəndində” xarici qonaqlar narahat olmasın deyə ümumiyyətlə qərar var ki, qatarlar “Ulduz”dan birbaşa “Qara Qarayev”ə keçsin. Hələlik bunun yolunu axtarırıq. Ola bilsin əlavə deşik qazılsın.
Ancaq ən orijinal mübarizə üsulunu Biləcəridən “Əcəmi” metrosuna işləyən 91 və 92 saylı avtobus marşrutlarının sürücüləri fikirləşmişdir. 3 gündür Nəqliyyat Nazirliyi onlara şəhərə girməyi qadağan edib, bu isə vətəndaşlarda əlavə xərc yaradırdı. Onlar 20 qəpik verib Beynəlxalq Avtovağzala gəlir, orda yenə 20 qəpik verib başqa avtobusla Bakıya girməli olurdular. Lakin çıxış yolu tapılmışdır: indi 91 və 92-lərin sürücüləri Avropa Oyunlarının rəmzləri olan böyük plakatlar çap etdirib avtobusların önünə yapışdırırlar. Guya, misal üçün, Biləcəri sakinlərini deyil, yunanıstanlı güləşçiləri şəhərə gətirirlər. Təcrübə göstərir ki, qabağına oyunların emblemi yapışdırılan bu cür marşrutları nəinki nəqliyyat müfəttişləri, heç yol polisləri də saxlamağa cürət etmirlər. Bir avtobus bu minvalla hətta Prezident Administrasiyasına qədər getmişdir.
Məncə başqa qəsəbə və kənd sakinlərimiz də uyğun təcrübədən yararlana bilərlər. Bilgəh avtobusuna Hollandiyalı taekvondoçuların, Maştağa marşrutuna Danimarkalı velosipedçilərin, Zabrat maşınlarına Rusiya sinxron üzgüçülərinin şəkillərini yapışdırmaq böyük xərc tələb etmir.
Avtobuslardan söz düşmüşkən, Bakıya nəsə təzə avtobuslar gətirilib, bu mövzuda nəqliyyat nazirinin müavini Musa Pənahovu danışdırmışdılar, onun fikirləri heç yadımdan çıxmır. Musa müəllim demişdi ki, bunlar çox müasir, yeni avtobuslardır, heç Avopanın çox yerində bunlardan yoxdur: “Vətəndaşlardan xahiş edirik bu avtobuslara çox diqqətli yanaşsınlar, qorumağa çalışsınlar”.
Əlbəttə, oturacağı yazmaq, avtobusa tüpürmək mədəniyyətsizlikdir, Musa müəllim bu mənada haqlıdır. Amma avtobusun birinə diqqətlə yanaşıb o birinə laqeydlik göstərmək sonra onların qəlbini - motorunu qırmazmı? Avtobusları qorumaq üçün gecələr onlara keşik də çəkəkmi? Axı vətən həm də avtobusdan başlanır! Yenə sağ olsun, tam əmr verməyib, deyir “qorumağa çalışın”. Yəni, alınmasa canınız sağ olsun, eyib etməz, biz 17 mayda - dünənki gün Laçını da elə bu cür, avtobus kimi atıb getmişik. Neçə illərdir izləyirəm, məncə Musa müəllim nəqliyyat sektorunda ən realist adamlardan biridir, heç vaxt nağıl danışmır.
Sonda Konstitusiya Məhkəməsinin əhalinin əmanətləri ilə bağlı qərarı haqda. Bildiyiniz kimi, məhkəmə bankların xeyrinə qərar verib - valyuta ilə kredit ödəyənlər müqavilə bağladıqları vaxt yox, indiki valyuta kursu ilə faiz ödəyəcəklər. (Üzvləri “demokratiyanı beşikdə boğaq” deyən keçmiş ədliyyə naziri, xalqa divan tutan keçmiş prokurorlar tipli ünsürlərdən toplanan məhkəmədən ayrı nə gözləmək olardı?). Amma “əsaslandırmanın” bir maddəsinə xeyli güldüm. Yazıblar ki, Azərbaycanda pul ödəmə vasitəsi yox, mülkiyyətdir, o səbəbdən xarici valyuta ilə ödəmələr qanunidir.
Hələ yaxşı ki, “pul əl çirkidir” qərarı çıxarmayıblar.
18.05.2015, 06:54
205 baxış
Zamin Hacı
Yunan güləşçilərin avtobusu