“Məgər mən cəngavər olduğum üçün səsləri tanıyıb bir-birindən seçməyə, bunun çəkic səsi olub-olmadığını bilməyə məcburam? Ömrümdə mən onları görmədiyim üçün nə etməliyəm? Siz yaramaz kəndçilər bunların içərisində doğulub boy atmısınız”
(Migel de Servantes Saavedra, “Lamançlı Don Kixot”)
Daimi oxucularımızdan Vasif Həsənov “Gəzinti çubuqları” köşəmizlə bağlı məktub yazmışdır: “Yazınızda Nazirlər Kabinetinin dağa çıxanlara prokata verilən əşyaların dövlət qiyməti əks olunmuşdu. Mən Artur müəllimin idarəsinin başqa bu tipli qərarını əldə etmişəm. Həmin qərarda gözəl vətəndaş Koroğlu adına metronun yanındakı intihar körpüsünə çıxanlar üçün bəzi şeylərin və xidmətlərin prokat qiyməti belə müəyyən olunmuşdur:
Kəndir - 3 manat,
Sabun - 50 qəpik,
FHN-in xilasedici briqadası - 30 manat,
Hadisənin mətbuatda əks etdirilməsi - 40 manat".
Hesab edirəm ki, Artur müəllim yetərincə ədalətli, iqtisadi inkişaf səviyyəmizə uyğun preyskurant düzüb-qoşubdur, buna görə Gədəbəy rayon xalq aşıqları adından ona dərin minnətdarlığımızı bildiririk. Ancaq mən diqqət elədim, orda “deputata zəng” maddəsi hələlik yoxdur. Bunu da əlavə eləmək yaxşı olardı, qoy ermənipərəst Con Kerrinin gözü çıxsın.
İkinci bir mühüm məsələ ondan ibarətdir ki, Rusiyət prezidenti Volodya Putin “Yaramaz” kinosunun və “İspeysialnı” telekanalizasiyasının şefi, Fəxri Xiyabanda şpaqat açaraq əyilmək üzrə dördqat dünya çempionu Vaqif Van Damm Mustafayevə “Drujba” mişarı... üzr istəyirəm, medalı vermişdir. Sən demə, Vaqif müəllim rus və azərbaycanlı xalqları arasında dostluq münasibətlərini möhkəmləndirən hansısa gizli fəaliyyətlə məşğul imiş. Aldığımız xəbərə görə, medal elə Vaqif müəllimi də dərindən təəccübləndiribdir, hələ fikirləşir görəsən neyləmişəm.
Bundan başqa, bizim evə verilən mavi yanacaq tez-tez, hansısa xəbərdarlıq-zad edilmədən kəsilir. Özü də mən Allah heç qoymasa guya Təmiz Binəqədi kimi mərkəzi rayonda qalıram (qabaqlar yaşayırdım), gör indi ucqar ellərimizdə qaz nə kökdə gəlir. Ümid edirəm Transatlantik-Adriatik-Nabukkovari-Transparantik-Transvestik qaz kəmərimizin növbəti durbası bizim evin qabağından keçər, yoxsa xörək bişirə bilmirik, uşaqlar vəhşiləşib, əti çiy-çiy yeyirlər, bu isə Avropa Oyunları Respublikamızın gələcəyinə yaraşan hal deyildir. Nifrətimi bildirirəm! Con kerriyə! Hamınıza müraciət edirəm, bunun soyadını balaca hərflə yazın, qoy ölsün!
Ancaq hələlik kəmər çəkilənə qədər dövlət rəhbərliyindən acizanə xahiş edərdim Avropa Oyunlarının rayonlarda gəzdirdikləri məşəlini bizə göndərsinlər, yemək bişirib qaytaraq. Mən fikir vermişəm, bu məşəl gündüzlər rayonlarda gəzir, ancaq gecələr boş-boşuna yanır. Bax, mən də həmin gecə saatlarını nəzərdə tuturam. Bir yapist kimi pulqabıma and içirəm ki, səhər açılmamış, qancıq tayadan düşməyə imkan tapmamış məşəli lazım olan rayona çatdıraram.
Yazının sonunda isə AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) prezidenti Akif müəllimdən bir söz soruşmaq istəyirəm: keçən ilin noyabrında demişdiniz ki, elm şəhərciyi yaradacağıq, o söhbətin axırı necə oldu? Şəhərciyi yaradırsınızmı? Neçə ev sata bilmisiniz? Hamam-tualeti təmirlidirmi? O söhbətlə eyni gündə Azərbaycan alimlərinin Ukrayna alimləri tərəfindən Antarktidanın araşdırılmasına dəvət edildiyini də bildirmişdiniz. Nə oldu, Cənub qütbünü təzədən kəşf eləyə bildinizmi? Nəsimi bazarına pinqvin kəsib vurmaq imkanları necədir? Ümid edirəm bu elmi proseslər hamısı öz qaydasında gedir.
Bir də, çoxdandır AMEA-da növbəti alimimiz Eynşteyndə səhv tapmır, bu isə kədərli haldır, nə elmimizin inkişafına, nə Avropa Oyunlarına yaraşır. Bu işin üzərində də düşünün, Akif müəllim.
