Medianews.az
Xəyanətin məbləği
234 baxış

Xəyanətin məbləği

zamin yeni raz

“Sən dəsmalı gətir, danışmaq yetər, Dolanır başımda pis-pis fikirlər" (“Otello”, Şekspir)

Azərbaycan dünyaya Günəş kimi doğmaqda davam edir, bunun əlamətlərindən biri hazırda iqtisadi ədəbiyyatlara düşmək üzrədir. “Maliyyə xəyanəti” - ölkə mediasının uydurduğu, qoltuğunun altından çıxardığı təzə bank termini belənçik adlanır. “Beynəlxalq Bank”ın keçmiş şefi Cahangir Hacıyevin ətrafında cərəyan edən proseslər Azərbaycanın necə karikatur bir iqtisadi, siyasi sistemə malik olduğunu göstərir, elə medianın maliyyə xəyanətində suçladığı adamlar da bu “kruqdandır”. Elə bil ölkəmizin maliyyə sektoru ər-arvad, ailə münasibətləri kimi bir təməl üzərindəymiş, indi burda xəyanət olubdur.
Bəs niyə konkret hüquqi terminlərdən, iqtisadi anlayışlardan yararlanmırlar, xəyanət kimi bədii sözü işlədirlər? Çünki dövlət bazar iqtisadiyyatı, makroiqtisadi qanunlar, liberal dəyərlər əsasında idarə olunmur, bütün sistem ailə-klan münasibətlərinə, zəncirin həlqələrinin aşağıdan yuxarıya ümumi qazanı (“obşiy kotyol” yazaq, anlaşıqlı olsun, çünki bizim pullu yapistlər rusdillidir) doldurmasına xidmət edir. Ona görə də dünənə qədər yapizmin vitrin siması olan gənc bankirlər, dünya brendlərini guya Bakıya daşıyan ingilisdilli “ağ yaxalıqlılar” qəfildən xəyanətdə suçlanır, qara qüvvə elan edilir, onların əmlakı, qazandıqları vəhşicəsinə, aman verilmədən yağmalanır. Bu proses Fərhad Əliyev və Rafiq Əliyev qardaşlarından başlanıb, Heydər Babayev “Quska” və AMAY Abdullada davam edib, şübhə yoxdur ki, “Nizami Piriyev, Cahangir Hacıyev və kompaniyası”nda dayanmayacaqdır. Avtoritar sistemə daim suç keçiləri lazımdır. Su meymunun boğazına çıxanda, ya da neft topuğa düşəndə - proses eyni cür gedir.
Həbslər, istintaq prosesi niyə sirli, qapalı, yarıgizli aparılır? Burda hüquq-mühafizə orqanlarını başa düşmək lazımdır: onlar gözəl bilir ki, şayiə nə qədər çox olsa, nə qədər artıq biznesmen və bankir qorxudan “altını batırsa” sonra bunları toplu halda yolmaq daha asandır. O üzdən “70 nəfər bankir saxlandı”, “Filankəsi tutublar, behmənkəsi də istintaqa aparacaqlar” tipində söhbətlər yayırlar. Yeri gəlmişkən, qara polkovnik Hacı Məmmədov böyük ehtimalla indi MTN-in zindanında qımışır: axı onun vaxtilə həyata keçirə bilmədiyi prosesi indi hüquq-mühafizə orqanları qanuni əsaslarla tətbiq edirlər və Cahangir Hacıyevi tutub soyurlar. Hacıyev özü isə kədərlə düşünür: “Hacı bunlardan insaflı idi, bir-iki milyon istəyirdi. Bunlar yüz milyonları alıb sakitləşməyəcək”.
Dövlət Bayraq Meydanı idarəsinin keçmiş müdiri isə hətta yapizm üçün də unikal kriminal buket hədiyyəsi almışdır. Onu Bakıda hasar çəkilişində daş oğurlamaqdan tutmuş camaatın ev pulunu mənimsəməyə qədər min bir cinayətdə suçlayırlar. Hələ üstəlik anası erməni imiş! Dəhşətdir! Adə, vur! Elə bil bu bədbəxt oğlu anasını da özü seçməli imiş. Bəzi mətbuat nümayəndələri isə hətta daha uzağa gedir, manatın devalvasiyasını da həmin başabəla bayraqdara yükləyirlər. Halal olsun. Qabaqdan Laçının işğalı gəlir, görün neyləyirsiniz. Basın onu da Cahangir və kompaniyasının boynuna.
Şəxsən mən böyük sevinclə, gülərək bu prosesi izləyirəm. Səbəb sadist ya da sinik olmağımız deyil, biz kimsənin bəlaya düşməsini arzu eləmirik. Sadəcə, bu adamlar avtoritar sistemə xidmət edib pullananda bu pulların qanuni və dayanıqlı əsasları olmadığını da bilməli idilər. “Dünya beş gündür” çürük səfsəfəsi ilə yaşayırdılar, Azərbaycan xalqının heç bir qlobal problemini, ölkəmizin gələcəyini düşünmürdülər, nəticə də belə olmalı idi. Hələ sevinsinlər biz tam Şimali Koreya olmamışıq. Orda rejim şefinə “xəyanət” edənləri itə yedizdirir, topa qoyub atırlar.
Canavarlar, deyilənə görə, ağız-ağıza yatırlar. Bir-birindən ehtiyat elədikləri üçün. Görünür, indi kimsə pis yatıb - arxasını çevirib. Xəyanət edib...

Bizə qoşulun