Medianews.az
Gülün ölçü vahidi
231 baxış

Gülün ölçü vahidi

zamin yeni raz Oxuculara söz verdiyim dünənki mövzunu yazıram. Dünən kasıbçılıqdan yazacaqdım, gəldi uzun yaşamaq mövzusu araya girdi. Heç kimin mövzusunun arasına yad mövzu girməsin, hər mövzu öz yiyəsinə qismət olsun, ilahi, amin! Yaxından uzaqdan Avropa Oyunlarına gələnlərin əzizlərinin də ruhuna bir salavat çevirək! Hakimiyyətin boynuna düşüb, oyunlara-zada son milyonları xərcləyir, əslində sizə deyim ki, neft gəlirləri azalandan bəri yapokrat yoldaşlarımızın durumu heç də qibtə ediləsi deyil. Görünən faktları - manatın devalvasiyası, işsizlik, bahaçılıq və sairə - özünüz məndən yaxşı bilirsiniz, mən sizə gizli qalanlardan danışım. Son vaxtlar xarici kredit təşkilatları yaman fəallaşıblar. Asiya İnkişaf Bankı (AİB) Azərbaycana 1 milyard kredit verəcəyini açıqlayıb, bunun tozanağı yatmamış Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təzədən Bakıda peyda oldu, bankın sədri Suma Çakroborti müəllim (bu, böyük ehtimalla Cimi-nin əkiz qardaşıdır, Elman Rüstəmovdan xahiş eləmək lazımdır tutanda soyundurub baldırına-zadına baxsın, yüz faiz bunun xalı var - Z.H.) “Şahdəniz” layihəsinin icrasına məmnuniyyətlə kredit verəcəklərini söylədi. Bütün bu “ayib” təşkilatların zühuru bizə neft bumundan əvvəlki dövrləri, hardasa 2005-2006-cı illərə qədərki Azərbaycanı xatırladır. O vaxtlar Azərbaycan hər yoldan ötəndən pul dilənirdi. Hər gün kredit alırdıq, xarici borc başdan aşırdı. Hətta bir dəfə prezident Sorosdan da istəmişdi, o isə həyasızcasına “Sənin öz pulun çoxdur” deyib verməmişdi. Namərd... Elə əcəb eləyib təşkilatlarını bağladıq. Amma yazdığım kimi, son 10 ildə milyardlarla neft pulları Bakıya axdı, daha “ayıbçı” (bu mənim 5 yaşlı oğlumun kəşf elədiyi iqtisadi termindir) bank-kredit təşkilatları yada düşmədi. İndi isə təzədən gəlirlər. Çünki ehtiyac var. Bu barədə şair yaman deyibdir: “Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə, Neməti-vəslin görüb, nazın çəkərdim can ilə”. Ey gidi dünya, vaxt var idi biz özümüz Belarusa-zada kredit verirdik. İndi qalmışıq sınıq təknə-buruğun qırağında, Cimidən pul istəyirik, o da kefi istəsə deyir oxumuram. Srağagün Bakıda məlum münasibətlə növbəti süni Gül bayramı keçirdilər. “Süni” ona görə yazıram ki, bu bayramın bizim xalqa heç bir dəxli yoxdur. Nə gülçülüyümüz var, nə də mentalitetdə gülə-çiçəyə sevgimiz. Əlində gül gördüyü kişini lağa qoyan millətin gülə nə dəxli ola bilər? Bizimki guya qılıncdır, baş kəsib qan tökməkdir, barıt qoxusudur. Hərçənd tarix göstərir ki, biz ən yaxşı tərəzidən istifadə eləyirik. Hər il olduğu kimi, bu il də Gül bayramının əsas mövzusu xaricdən nə qədər gül gətirilməsi oldu, Hacıbala əkə meydana çıxıb bəzi rəqəmlər qırıldatdı. Halbuki ağılları olsa heç bu rəqəmi deməzlər, çünki bayramın güllərinin xaricdən gətirilməsi də onun süni olmasının bir əlamətidir. Elə bil Ərəbistana çoxlu buz aparıb “Dondurma bayramı” qayırırsan. İndi gəlin Hacıbala əkənin rəqəmini birgə oxuyaq. Sitat: “80 ölkədən 2 milyon ədəd gül gətirmişik”. Keçən il, 2014-cü ilin Gül bayramında isə Abutalıbov “müxtəlif ölkələrdən 6 milyon ədəd gül gətirildiyini” jurnalistlərə söyləmişdi. Üç dəfə azalma! Necədir sizin üçün? 2013-cü ildə və ondan qabaqkı illərdə isə pul o qədər çox idi ki, hökumət gülləri tək-tək saymağa da ərinirdi, açıqlama belə verilirdi: “150 ton gül gətirmişik” (2013-cü ilin rəsmi rəqəmi), “116 ton gül almışıq” (2012) və sairə. Gördüyünüz kimi, hörmətli zəhmətkeşlər, nəinki gül sayı azalmışdır, həmçinin gülün ölçü vahidi də dəyişmişdir. Arzu edirəm neft pulu o qədər azalsın ki, Hacıbala müəllim bir çobanyastığı tapıb otursun “28 May” metrosunun qabağında və “sevir, sevmir” deyə ləçəklərini yolsun. Bax, əsl Gül bayramı onda olacaqdır.

Bizə qoşulun