Medianews.az
İdmana siyasət qatmaq olarmı
203 baxış

İdmana siyasət qatmaq olarmı

zamin yeni raz Amerika səfiri iki gün qabaq əlində yekə bir torba, girmişdi Şıx çimərliyinə, guya zibil toplayırdı. Bunun səhərisi gün isə YAP icraçı katibi Əli müəllimlə görüşdü. Açıq-aşkar müstəqilliyimizə həqarət, dövlətçiliyimizə badalaq, sabitliyə şaqqanaq, balanslaşdırılmış xarici siyasətimizə isə taqqanaq gəlinməsi cəhdləridir. Guya biz bilmirik bunlar hansı məqsədi güdürlər? İstəyirlər Azərbaycanda Avropa Oyunları pis olsun, heç kim medal ala bilməsin. Tapşırıqlar isə ermənipərəst dövlət katibi Con Kerrinin ofisindən verilibdir. Orda hətta xüsusi qrup yaradılıbdır, oyunlarımıza qara yaxmağa cəhd edirlər, Vüsalə xanımın sayəsində ifşa olunmuşdurlar. Con Kerri, heç olmazsa Cim Kerriyə bax, öyrən. Yoxsa heç gülməli də deyilsən. Ümumiyyətlə, idmana siyasət qatmaq olmaz. Nə olsun ölkəmizdə kimisə tutub qanunsuz zindana salıblar, bəyəm bu, yarışlara maneçilik törətməlidir? Tərsinə olsa idi başqa məsələ - siyasətə idman qatmaq istəyirsinizsə, buyurun. Sağlam bədəndə sağlam ruh olur. Lazım gəlsə idmançılardan qoçu dəstələri də düzəltmək mümkündür. Bunlar hamısı kimyəvi problemlərdir. Yəni, nəyi nəyə qatmaq olar, hansı temperaturda qatsan yaxşı sintez gedər. Məsələn, dünənəcən kənddə divara təzək yapan adamlar indi Amerikanın üzünə lomba ilə tüpürürlər. Mövzuya uyğun oxucu məktubumuz var, çoxdan qalıb poçt qutusunda, güvə yeməmiş dərc edim getsin. Vasif Həsənov yazır ki, hakimiyyət icra orqanlarında aqrar məsələ üzrə müavin vəzifəsini ləğv edib, bunun yerinə bütün dövlət qurumlarında aqrar təfəkkür üzrə vəzifələrin yaradılması məqsədə uyğun olardı. Doğrudan da aqrar təfəkkür qiymətli keyfiyyətdir, insanı istənilən şəraitdə xoşbəxt eləyir. Amerika səfirinin plyajdan zibil toplaması isə artistlikdən başqa bir şey deyildir. Guya indi plyajda nə zibil olur? Yaxşı adamsansa yayda gəl, gör nə qədər qarpız qabığı, toyuq sümüyü, qarğıdalı cecəyi olur. Hətta suya baş vuranda adamın burnuna az qalır neft buruğu girsin. ABŞ səfiri indiki hərəkəti ilə sadəcə gizli mesaj verir, xariciləri Avropa Oyunlarına gəlməkdən çəkindirmək istəyir. “Baxın, çimərliklərindən neçə torba zibil yığdım, hara gəlirsiniz?” - mesajın məzmunu budur. Məndə sənədlər var, o zibilləri Amerikadan gətirib plyaja töküblər. Gecəyarısı. Bah-bah-bah... Nə sənədlər var hələ, neft pulu qurtaranda üzə çıxacaq. Zibildən qabaq isə ABŞ səfirliyi ölkəmizi biabır eləmək üçün daha bir gizli tapşırıq həyata keçirdi. Açıqlama yaymışdılar ki, səfirliyin adından kimlərsə fırıldaq gəlir, adamları guya işə düzəltmək üçün pul yığırlar, buna aldanmayın, biz kimsəni işə çağırmamışıq və sairə. Əslində bu, kimlərisə fırıldaqdan qorumaq cəhdi yox, fırıldağın yekəsi idi. Amerika bununla bizə böhtan atır, demək istəyir sizdə işsizlik yayılıb. Halbuki, bizdə işsizlik mənfi 5 dərəcədən aşağı düşüb, bunu hamı gözəl bilir. Təkcə son 1 ayda 500 faiz yeni iş yeri açılıb. Suriya erməniləri gəlib nazirlərimizin villasında suvaq vurur, biz niyə Amerika səfirliyində iş axtaraq? Gedin özünüzə gülün. Bu haqda da sənədlərimiz var, hələ çıxarmırıq. Çıxarsaq qan düşər. Hər halda, XİN bu zibil və iş məsələsinə nota versə yaxşı olardı. Asim müəllim demişkən, bu, daha çox Amerikanın özünə xeyirdir. Zahid müəllim isə daha uzağa gedib, deyir Amerika səfiri həqiqətən amerikalı olmasını sübut eləsin. Nə bilək, bəlkə o bir meksikalı ermənidir? Bəlkə o piyanardır? Dua oxuyub kimlərisə qurbağaya çevirəcəkdir? Sonda bir daha vurğulamaq istərdim ki, idmana siyasət qatmaq olmaz. Siyasətə idman qatmaq olar. Südə maya qatanda qatıq alınır. Amma hər qabda qatıq çalmaq da düzgün deyildir. Gərək adamın qatığa uyğun qabı olsun. Yadıma rəhmətlik “Çeşmə” qəzetindən bir lətifə düşdü. İndi deputat olan yoldaşlardan biri Tərtərə gedir, görür uşaq qum, palçıq, mal təzəyini qatıb heykəlcik qayırır. Deyir, a bala, nə qayırırsan? Uşaq deyir sənin heykəlini. Uşağın qulağını dartır, gedir. Qayıdanda görür uşaq yenə heykəl qayırır, amma bu dəfə mal təzəyi qatmır. Sevincək soruşur bu nədir, uşaq deyir bozqurd heykəli. Deyir bəs təzək niyə qatmırsan. Uşaq deyir: “Təzək qatsam olar sənin heykəlin”. Bəli, kimya belə ciddi elmdir.

Bizə qoşulun