Medianews.az
Mavi Xəzərin qoynunda
210 baxış

Mavi Xəzərin qoynunda

zamin yeni raz
Ağsaqqallarımız düz deyirlər ki, internet xalqın mənəviyyatını pozur. Bunun tipik örnəyi xəbər lentləridir.  Kağız qəzetlərdə hər xəbərin öz yeri olur. Misal üçün, “Nazir geopolitik maraqlarımız haqda danışdı” başlıqlı xəbər heç vaxt “At əti satan kürdəmirli ifşa edildi” xəbərinin yanına düşmür. 
Yaxud qəzeti alanda bilirsən ki, bunun dal səhifəsində ancaq əyləncəli xəbərlər var, kimin iti buzov doğub, Kanadada nə üçün “Bismillah” yazılan qarpız bitib, Səbuhi müəllim “Filfilositi” uçan aparatı ilə ulduzlardan hansı xəbərləri gətirmişdir - bunları oxuyacaqsan. Sürpriz-zad olmur, uzun sözün qısası. Ancaq virtual aləmdə belə deyil. Bəzən elə şeylər bir-birinə qarışır ki, qalırsan əlin üzündə. Heyrətdən cibindəki qəpiklər biz-biz olur.
Örnək üçün, dünən üzləşdiyim mənzərəni sizə yazım. Demək, internetdə eşələnirdim, birdən qabağıma yanbayan qoyulan 4 xəbər çıxdı. Bunlardan biri təzə təhsil nazirimiz Mikayıl müəllimin Avropa Oyunları ilə bağlı açıqlaması idi, deyirdi idmançılar stadiona rahat getsin deyə dərsləri may ayının 1-dən bağlayırıq. Zarafat edirəm, qorxmayın, Mikayıl müəllim mayın axırına qədər vaxt verib, uşaqlarınıza deyin hələlik kitabları cırmasınlar. Əslində biz bu dövlətçilik sisteminə uyğun camaatıq, mən özüm sovet vaxtında hər dərs ilinin yalan olmasın 1 rübünü üzümlükdə bel vurmaqda, çubuq bağlamaqda və sairədə keçirirdim. İndi də oyuna görə məktəb bağlanırsa lap yaxşı.
İkinci xəbər isə məktəbləri bəlkə daha tez bağlamaq lazım gəldiyini göstərirdi: orda yazılmışdı ki, orta məktəblərimizdən birində iki oğlan şagird qız şagirdi elə məktəbin tualetində zorlamağa cəhd ediblər.
Üçüncü xəbər isə görkəmli təhsil ekspertimiz Etibar Əliyevin məqaləsi idi. Etibar müəllim yazırdı ki, əgər təhsil naziri məktəblərdə olimpiada keçirməyə başlayıbsa bizim təhsilimiz yüksəlişdədir.
Dördüncü xəbər də təxminən olimpiada haqda idi, yazmışdılar ki, Avropa Oyunları münasibətilə məktəbdə pul yığırlar.
İndi belə şeyləri yanaşı görəndən sonra səndə təhsilimiz haqda hansı təsəvvürlər yaranar? Yaxşısı budur heç nə yaranmasın. Elə nazir Səlim Müslimovun bazarlıq eləməsi xəbəri də bunların tayıdır, bəziləri tənqid edir ki, nazir niyə Türkiyədə bazara gedir, Azərbaycanda getmir. Halbuki bizdə bir millət, iki dövlət, bir bazar siyasəti aparılır.
Nazirin İstanbulda bazara girməyi ilə Bakıda girməyi fərq eləməz. Üstəlik, Səlim müəllimin naziri olduğu pensiyaçılarımız 100 manat pul alırlar, həmin külli miqdarda vəsait tərəfimizdən aşkar edilib götürülmüşdür... üzr istəyirəm, bu cümləni səhv yazdım. Səlim müəllimin verdiyi pensiya ilə qocalarımız bütün ili Tailandda, Amazon meşələrində, Antarktidada gəzirlər. Mənim babam cavan öldü, bu günləri görmədi, heyf.
Doğrudan da respublikamız aramsız şəkildə, dayanmadan inkişaf edir. Bu münasibətlə mən dünən prezidentin xarici məsələlər üzrə müavini Novruz Məmmədovun çürüməkdə və batmaqda olan Avropa dövlətlərinə rişxəndini oxudum. Aralıq dənizində Afrikadan, Asiyadan qaçan mühacirlərin gəmisi batıb. Bu mühacirlər hamısı müsəlman ölkələrinin vətəndaşlarıdır, o biri dünyadakı cənnəti gözləməyə hövsələ etməyib şeyxlərinin, padşahlarının üzünə ağ olan qara-qura adamlardır. Ona görə də Allah-təalanın qəzəbi tutur, Aralıq dənizində vaxtaşırı tufan qopardıb bunları cəhənnəmə vasil edir. Yaxşı insan gərək ölkəsini atmasın, öz vətənində mal nəcisinin içində yaşasın, nəinki gedib Fransada kafir nərgizi qoxlasın. Nə isə, bunlar dini-patriotik mövzulardır, vaxtımız olanda yenə qayıdarıq. İndi görək Novruz müəllim nə deyir: “Avropanın günahı üzündən Aralıq dənizində o qədər mühacir batıb ki, bu dəryanın dibi artıq qəbiristanlıqdır”.
Bəli, Novruz müəllim düz deyir. Qoy o afrikalılar və asiyalılar namərd Avropaya yox, Azərbaycana üz tutsunlar! Lazım gəlsə Novruz müəllim öz evini banqladeşli qaçqınlara verər. Gəlin, Bakımızda yaradılan şəraitlə tanış olun, burda qalın, yaşayın, yaradın! Niyə gedib dənizdə boğulursunuz? Gəlin Azərbaycanda azad nəfəs alın!
İndi söz əlaqədar mühacirlərindir.

Bizə qoşulun