Medianews.az
Putini yenilməz göstərən tək qüvvə
531 baxış

Putini yenilməz göstərən tək qüvvə

zahid yeni razmerYaxud Rusiyanı qınına necə qaytarmalı? Demokratiya paytaxtlarının Putin problemi sonuncunun səhhəti ilə bağlı yayılan qara PR xəbərləri fonunda da dəyişməz qaldı. Hələ ki, ABŞ və Avropa Birliyi çeşidli sanksiyalara rəğmən, Rusiyanın beynəlxalq hüquqa və düzənə yaratdığı real təhlükəni heç cür cilovlaya bilmir. Görülən tədbirlər, atılan addımlar Kremlin həmsərhəd postsovet ölkələrinə, hətta NATO üzvü olan həmsərhəd Baltikyanı ölkələrə qarşı təhdidlərini azaltmayıb. Ukraynada atəşkəs əldə olunsa da, vəziyyət hər an nəzarətdən çıxıb təzədən qaynar müharibə fazasına girə bilər. Rusiya dövlət başçısının iqtisadi çətinliklərə baxmayaraq bu il üçün ölkənin hərbi xərclərinin azaldılmayacağı haqda açıqlaması bu yöndə bədbin təxminləri bir az da artırıb. Qısası, yanında “nüvə çamadanı” gəzdirən “yenilməz Putin”lə dünya nə edəcəyini hələ ki, bilmir. Qərbin Kremlə qarşı ən radikal ölçü götürməsinə, Ukraynanı silahlandırmasına sözsüz ki, nüvə amili də maneədir. Bu faktor ən azı, çəkindirici rol oynayır yəqin ki. Çünki artıq Vladimir Putin haqda proqnoz edilməyən KQB zabiti obrazı formalaşıb; Rusiyanın bəzi rəsmilərinin “lazımi anda” nüvə zərbəsi endirilə biləcəyi barədə sayıqlamaları səslənir. Hərçənd, əksər təhlilçilər, o sırada nüfuzlu amerikalı politoloq və sovetoloq Zbiqnev Bzejinski hesab edir ki, Moskva qarısında real hərbi güc görməyincə, qınına çəkilməyəcək. “Bu gücü isə məhz Ukraynada ona göstərmək lazımdır” – bildirib politoloq. *** Hələliksə, iqtisadi durumun ağırlığına rəğmən, Rusiyada Qərb texnoloqlarının gözlədiyi ciddi daxili narazılıq da gözə dəymir. Hətta müxalifət lideri Boris Nemtsovun qətli belə, Putin rejiminə qarşı Rusiya cəmiyyətini hərəkətə gətirmədi. Görəsən niyə? Bu sual da ekspertləri, “beyin mərkəzləri”ni dərindən düşündürür. Təhlilçilər Rusiya cəmiyyətinin mental şüurundakı özəllikləri öyrənməyə çalışırlar. Bu özəllikləri isə sabiq Sovet lideri Nikita Xruşşovun Nyu-Yorkda yaşayan nəticəsi, Nyu-York Yeni Məktəbin beynəlxalq münasibətlər kafedrasının professoru Nina Xruşşova “Çar Putin həmişə haqlıdır” adlı məqaləsində yetərincə aydın göstərib. Xanım Xruşşeova qeyd edir ki, “istər imperator Romanov olsun, istərsə də sovet komissarı və ya prezident Vladimir Putin, rejimin qəddarlığından asılı olmayaraq, rusiyalılar həmişə belə hesab ediblər ki, onların liderləri səhvsiz hərəkət edir”. Müəllifin fikrincə, məntiqlə istibdad rejimi toplumda narazılıq yaratsa da, tarixdə bir neçə daha betər tiranlar görmüş ruslar hakimiyyət dəyişikliyindən qiyamətin başlaması qədər dəhşətli dərəcədə qorxurlar. “Rejimin rus xalqı üçün ümid yox, kataklizm deməkdir” yazır Nina Xrussova və əlavə edir ki, bu xalq necə ki, demokratiyaya inamsızlıq bəsləyir, bir o qədər “güclü əl”ə vazkeçilməz şəkildə sadiqlik göstərir. “Bundan əlavə, nə vaxt ki, ABŞ və Avropa Birliyi Kremlin repressiv siyasətdə ittiham edirlər, rusiyalılar öz hökmdarları ətrafında birləşirlər. Necə ki, bu, indi Putinlə baş verir”, - deyə o vurğulayıb... *** Əslində də belədir. Putin hakimiyyətinin ən böyük gücü, ilham mənbəyi elə budur – rus xalqının təbiət, mentalitet etibarilə demokratiyadan çox çara, imperatora, “dəmir əl”ə sevgi və arxayınçılığı, demokratiyadan daha çox hakimiyyət dəyişikliyindən qorxması. Ancaq rus xalqı yəqin bir məsəli ciddiyə almır - “hər cür müqayisə qüsurludur”. Çünki Putinin özündən əvvəlki padşahlara “rəhmət” oxutdura, Mixail Qorbacov kimi SSRİ-ni gücləndirmək əvəzinə, Rusiyanı daha böyük parçalanmaya tuş edə bilər. İstəməyə-istəməyə, bu dəfə həmişəlik, nüvə silahı ola-ola... (Sovet İttifaqı da çökəndə nüvə dövləti idi).

Bizə qoşulun