Medianews.az
İstirahət istehsalı
451 baxış

İstirahət istehsalı

zamin yeni raz
Nazirlər Kabineti azı ildə iki dəfə iclas keçirməyə yarayır, bu ilin 6 ayının yekunlarına həsr edilən iclasda prezident dedi ki, 52 min yeni iş yeri açmışıq. Bu, 6 ayın yekunudur, 2003-cü ildən bəri isə nə az, nə çox: 1 milyon 300 min yeni iş yeri açılıbmış.
Görəsən, bu yeni iş yerləri Azərbaycanın hansı bölgələrində açılır, bu işlərdə çalışanlar kimlərdir - uca millətimizin heç bir məlumatı yoxdur. Lakin mənim bəzi təxminlərim var. Məsələn, bizim məhəllənin yaxınlığında sovetdən qalma bir park var idi. Cənab prezident haçansa gəlib parka baxdı, bundan sonra pul ayrıldı, ağacları kəsib yerinə daş döşədilər.
İndi, göz dəyməsin, parkda ayağımızı bulaşdırmaq istəsək bir qırıq torpaq tapmarıq. Həmin parkın əvvəlki vaxtında heç bir işçisi yox idi, indi isə parka 20 nəfərdən çox adam qulluq eləyir. (Neft gəlirlərinin canı sağ olsun). Siz bəlkə bu rəqəmi şişirtmə hesab edirsiniz, ancaq özüm saymışam. İstəyirsiniz sizə də adbaad göstərim: parkın direktoru, onun 2 müavini, 6 süpürgəçi, 4 qarovulçu, 3 bağban, 1 tualetə baxan, 1 fəvvarə püskürdən, 3 sulayıcı və s. 21 oldumu? Hələ mən yadıma düşənləri yazıram. Bizim park böyük təsərrüfatdır. İstirahət istehsal edir. İstirahət xalq üçün çörək və su qədər, bəzi hallarda onlardan artıqdır. 1892-1993-cü illərdə küçəyə çıxa bilmirdik. 1913-cü ildə heç bu park yox idi. Getsin o günlər gəlməsin.
Prezidentin çıxışında göstərildi ki, yeni iş yerlərinin açılması indiyə qədər kortəbii proses imiş. Biz, əlbəttə, bu özünütənqid ruhlu cümlə ilə qəti razılaşmırıq. Necə kortəbii ola bilərdi? Bizim parkda təmir işləri, orda neçə süpürgəçi işləyəcək, hansı yüksək texnologiyalar ilə qazonu biçəcəklər, fəvvarə püskürdənin xaricdəki universitetlərə təcrübə mübadiləsinə göndərilməsi və sairə - hamısı dəqiqliklə planlaşdırılmışdır, regionların və paytaxtın, paytaxt ətrafı kəndlərin və regionlar ətrafı qəsəbələrin, həmçinin, qəsəbələr ətrafı gecəqonduların və ucqar dağ kəndlərinin inkişafı proqramlarına uyğun olmuşdur.
Bu arada kənd təsərrüfatı naziri yerdən söz alaraq dedi ki, xaricdən 700 keçi gətirmişik. Onu da tərəfimizdən sürəkli alqışlayırıq, hamı ayağa qalxır.
Müşavirə öz axarıyla davam etdi, bildirildi ki, yeni iş yerlərinin açılması həm planlı, həm davamlı olacaqdır, biz 1 milyon 300 min iş yeri ilə kifayətlənə bilmərik. Təbii. Gərək biz özümüz də hərəyə 1-2 əlavə iş yeri götürək, hökumətin statistikasına yardım edək. Mən söz verirəm? zərbəçi əmək qəhrəmanı olacam, daha 4-5 qəzetdə çalışacağam! Azərbaycan deyiləndə ayağa dur ki!
İclasda başqa tənqid ruhlu çıxışlar da olmuşdur, çünki bizdə plüralizm, aşkarlıq, yenidənqurma, sürətləndirmə, zəhmətsiz gəlirlərlə mübarizə, alkoqolizmin kökünün kəsilməsi prosesləri davamlı aparılır, xalqımız YAP-ın 3-cü qurultayının qarşıya qoyduğu vəzifələri yerinə yetirməkdə inamlıdır. Tənqidi çıxışlardan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ürək açan sözləri xüsusi qeyd edilməlidir. Sitat: “Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilib, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq-mühafizə orqanlarına göndərilib”.
Burada təbii sual yaranır ki, əgər əmək nazirliyinin 280 nəfər işçisi 6 ayda işdən çıxarılıbsa, bəs o 52 min nəfərin işə düzəlməsinə kim yardım edib? Ya onlar heç bir işlə məşğul deyilmiş, camaat iş yerini özü tapırmış (yuxarıda park misalında yazdığımız kimi, bu, inandırıcı deyildir), ya da işdən çıxarılan 280 nəfər nazirlik əməkdaşı olmasa ilin 6 ayı ərzində yeni iş yerlərinin sayı 104 min nəfərə çatarmış.
Başım şişdi, gedim parka...

Bizə qoşulun