Medianews.az
Diffuziya
501 baxış

Diffuziya

zamin yeni raz
Azərbaycan Yazıçılar Birliyi iki gün qabaq sürətli şəkildə qurultayını keçirtdi. Sağ əli Müsavat Partiyasının başına. Doğrusu, mənim sovet dövründən qalma, naftalin iyi verən Azərbaycan ədəbiyyatına heç bir hörmətim qalmamışdır. Həmişə hesab eləmişəm ki, müəllifi üstündə dava düşən, xaricdə yazılsa da bütün ruhu ilə vətənimizə aidliyi şübhə doğurmayan “Əli və Nino” romanı 70 illik Sovet Azərbaycanı ədəbiyyatını qatlayıb zibilliyə atmağa dəyəcək səviyyədə qiymətli bir əsərdir. Yaxud, Güney Azərbaycanda Səməd Behrənginin yazdığı “Balaca qara balıq” hekayəsi yenə bütün Quzey Azərbaycan ədəbiyyatını “happ” eləyərək udmuşdur. Əlbəttə, bunlar ədəbi müzakirələrdir, zövq məsələsidir, istəsəniz sabah gəlin qəbiristanlığa, bu mövzuda dava açaq.
Mənim məqsədim AYB qurultayı, Anarın 69-cu dəfə sədr qoyulması və bu ətrafda müzakirələrə baş qoşmaqdır. Bekarçılıqdır, ayrı mövzu tapa bilmədim, oxucular üzrlü saysın. Adam bir küçədən hər gün keçəndə ayağına zibil torbalarının ilişməsi qaçılmazdır.
Qurultayda həmişəki kimi virtual düşmənlərin kölgəsini qılınclayıblar. Guya kimsə Anarın AYB sədri olmasını istəmirmiş. Şair Ramiz Rövşən lap uzağa gedib, deyib onda əməliyyat-istintaq məlumatları var, AYB-ni dağıtmaq istəyənlər tərəfimizdən aşkar edilib götürülmüşdür.
Lənət şeytana... Axı kimə lazımdır AYB və kim onu dağıtmaq istəyir və dağıda bilər? Bu sualların hər üçünün cavabı sıfırdır. Sadəcə, hörmətli şairimiz niyə belə xoflanıbdır, nə üçün belə bədbin, dekadent fikirlərə düşübdür, anlamırıq.
AYB Bakımızın tən ortasında, paytaxtın təxminən  göbəyində (ola bilsin bir az da cənubda) qərar tutmuş, möhkəmləndirilmiş atəş nöqtəsi kimi bir yerdir. Hərbidə buna “DOT” deyirlər, yazıçılar arasında cüzi hərf fərqi olması mümkündür. Yəni, AYB-ni rəhmətlik Stalin və Mircəfər Bağırov 1934-cü ildə yaradıb, əsas məqsəd də elə yazıçıların öz əliylə başqa yazıçıların başını yemək, ayağından xaş bişirmək olmuşdur, təşkilat həmin dövrdə bu vəzifənin öhdəsindən uğurla gəlmişdir.
SSRİ-nin sonrakı dövrlərində də AYB həmişə hökumətə can-başla xidmət eləmişdir, buna görə dəfələrlə qırmızı bayraq, medal, ev, maşın, turist putyovkası-zad almışdır. Məhz bu səbəbdən bir yazıçımızı da xaricə qovmaq cəhənnəm, heç Kürdəmirə sürgünə göndərməyiblər. Hamısı yeyib-içib kef çəkib, hər cür zir-zibillərini saysız-hesabsız tirajla çap etdiriblər.
Müstəqillik adlandırılan indiki dövrdə də AYB daima hakimiyyətin qulluğunda iki əlli, dörd ayaqlı hazırdır. Yapokratiya hansı dirəyə istəsə bu qurumu bağlaya bilir. Bəs onda Ramiz Rövşən nədən danışır? Kim bu təşkilatı buraxacaqmış? Hansı ağılsız ildə min ton yaltaqlıq südü verən sağlam inəyi aparıb çöldə azdırar, canavara yem eləyər?
Ramiz müəllim orda rus şairi Pasternakdan misal gətirib, deyib Pasternakın sözlərinə görə kim nədən danışırsa həmin yuvanın quşu olur. Doğrusu, totalitar rejimdən başı min bəla çəkmiş Pasternakın adını AYB kimi maşa təşkilatın qurultayında, məsəl üçün, Ənvər Əhməd və Fikrət Qocanın qabağında və “Heydər Əliyev” ordenli Anarı müdafiə məqsədiylə çəkməyinin günahını Ramiz Rövşən haçansa yuya biləcək, ya yox, bu, məni maraqlandırmır. Ancaq elə həmin aforizmdən belə çıxır ki, Anarı müdafiə edənlər də avtomatik AYB yuvasının quşu olurlar.
AYB-nin buraxılması Azərbaycan üçün hansı fəlakətlər törədə bilər, 27 il kreslodan qalxmayan adamda kreslonun molekulları ilə hansı diffuziya prosesləri gedir, ümumiyyətlə, bu xarabada öz qarnını və uşaqlarını yox, millətin gələcəyini düşünən bir ədəd ziyalı tapa biləcəyikmi - bu sualların cavabını tapmağı da Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın qaçqını Əbdülcabbar müəllimin öhdəsinə buraxaq.

Bizə qoşulun