Medianews.az
Həyatımızın meliorasiyası
477 baxış

Həyatımızın meliorasiyası

zamin yeni raz
Cənab prezidentin sərəncamı ilə iyun ayının 5-i su işçilərinin bayramı elan olunmuşdur. Sərəncamı tam oxumağın faydası vardır. Məsələn, orda yazılmışdır ki, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi ilə əlaqədar, “Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli sərəncamı ləğv edilsin.
Gördüyünüz kimi, cənab prezident 2 sərəncam imzalamışdır. Bundan qabaq bizdə meliorator bayramı var imiş, indi isə su işçilərinin hamısı bir yerdə cəmlənmişdir. Ümid edirəm mürdəşirlər də bu sərəncamdan irəli gələn bayram sevinclərini dadmaq imkanına malik olacaqdır, çünki onlar çox faydalı su təsərrüfatı işçiləridir. Sərəncamın iki olması həmçinin sahənin ağırlığı ilə bağlıdır. Deputatxana spikeri, keçmiş “Azərsu” şefi Oqtay Əsədovdan soruşun, sizə izah eləsin. Yazıq pulları yığıb-yığışdıra bilmirdi.
Bu sərəncama görə mən həm də uşaqlığımı yada saldım, cənab prezidentə yerlə-göy qədər minnətdaram. (Minnətdarlığımı dünən jurnalist Pərviz Həşimlinin 8 il həbs cəzası alması qat-qat artırır, bizi də tuta bilərdilər, tutmayıblarsa nədən meliorator bayramını qeyd etməyək?) Demək, mən uşaq olanda, 19-cu əsrin 80-ci illərində yaşadığım Füzulu rayonunda bir icra raykom katibi var idi, bu yoldaşın adı Əhməd Əhmədzadə idi. Təsəvvür edin, mən bu adamı vəzifədə görəndə Məlikməmmədin cavanlıq almasını qorumaq üçün divlə dalaşmasına inanacaq qədər uşaq idim. İndi yalan olmasın, altmış yaşım var, özüm nəvələrimə nağıl danışıram, ancaq bu Əhmədzadə yenə vəzifədə oturubdur, neçə ildir Su Təsərrüfatı və Meliorasiya Komitəsini, indi isə Açıq Səhmdar Cəmiyyətini fırladır. (Bizdə Açıq Səhmdar Cəmiyyəti o deməkdir ki, yolun açıqdır, dövlət büdcəsindən nə istəsən evinə daşıya bilərsən).
Burada bir haşiyə çıxaraq filoloji araşdırmalarımızın növbəti hissəsini də oxuculara çatdıraq. Siz bu “meliorator” sözünün nə demək olduğunu bilirsinizmi? Çox maraqlı izahı varmış, latın dilində meliorato - yaxşılaşdıran demək imiş. Yəni, torpağı duzdan-zaddan təmizləyib yuyan, əkinçiliyə faydalı duruma gətirən peşənin adı melioratordur. Ancaq biz burdakı “yaxşılaşdıran” ifadəsini geniş anlamda götürək. Məsələn, idarədəki fəaliyyəti Əhməd müəllimin həyat və yaradıcılığını nə qədər yaxşılaşdırmışdır? Önəmli olan budur. Yoxsa cəhənnəmə olsun Yuxarı Şirvan kanalı, nə bilim, İmişlinin Kürdmahmudlu kəndinin böyründən keçən drenaj xətləri... Kimə lazımdır? Bizdə əsas meliorativ tədbirlər Bakıda həyata keçirdilir. Açırsan neft pulları yığılan kisələrin ağzını, var-dövləti yuyursan, həyatını yaxşılaşdırırsan. Həyatın meliorasiyası - peşə budur. Arvad-uşağın adına nə qədər çox ofşor şirkət açsan meliorasiya da o qədər inkişaf edəcəkdir.
Əziz bayramın məhz iyunun 5-nə düşməsi də sevinc hisslərini ikiqat artırır. Doğrusu, mənə tam məlum deyil 5 iyunda bizim su təsərrüfatı və meliorasiya işçiləri üçün hansı fövqəladə hadisə baş vermişdir, bu günün suyu hardan axır. Bəlkə yay təzə girir, camaat susuzluqdan mələməyə başlayır, ona görədir? Ya da Surət Hüseynovun Gəncədə 4 iyunda qiyama başlamasının sabahısı yapokratiya üçün suların durulmasını, göydən bərəkət yağdığını nəzərdə tuturlar? Bilmirəm, heç maraqlı da deyil.
Hakimiyyətin su məsələsinə diqqətlə yanaşmasının vacibliyi Gül bayramı vaxtı Naxçıvanda baş verən hadisədə də üzə çıxmışdır. Orda Vasif xan Nuh peyğəmbərə maraqlı bir qəbir-istirahət kompleksi düzəldibdir, həmin yerdə konsert veriləndə torpaq çöküb, xeyli adam xəsarət almışdı. Sən demə, altda su quyusu varmış. Bəlkə də o su qalxıb təzədən dünyanı basacaq, biz də Vasif Talıbovun düzəltdiyi “Gəmiqaya” şirkətinə minməyə məcbur olacağıq?
Hər halda, vəziyyət yaxşı deyil - “meliorato”ya ehtiyac var. Hər gün nə qədər adamlarımız qaz yataqlarından əsən yellərlə erroziyaya uğrayırlar...

Bizə qoşulun