Medianews.az
Tezliklə
563 baxış

Tezliklə

zamin yeni raz
Bu yaxınlarda bir fotoşəkil dillərdə dastan olmuşdu, həmin şəkildə duruş qaydaya uyğun deyildir. Qaydaya görə, salam verənin əlinin ucu hardasa papağın dimdiyinə dirənməlidir, Zakir müəllim isə elə həvəssiz əlini qaldırmışdı, deyərdin qulağını qaşımaq istəyir.
Şəxsən mən o vaxt bu mövzuda heç nə yazmadım, çünki generallarımızın düzgün salam verməsinin ordu quruculuğu üçün vacib olduğunu zənn eləmirəm.
Əsas odur “sağ ol”, “əlvida” deyə bilsinlər, çünki bizdə ordu torpağı qoyub qaçmaq üçün yaradılmışdır. Gör bu qabiliyyətə görə nə qədər general adı alanlarımız vardır... Əlbəttə, vətən torpaqlarına əsgər sağolu demək işində Zakir müəllimin nə qədər təcrübəsi var, bu haqda mənim heç bir məlumatım yoxdur. Ola bilsin həmin dövrdə Zakir müəllim Daxili Qoşunların sümükqıran itlərinin bəslənməsi ilə məşğul idi ki, zəhmətkeşlər çaşıb nəsə etiraz eləməsinlər.
O cümlədən, müdafiə nazirinin cəbhə xəttinə kəmərsiz getməsi müzakirə ediləndə də nəsə yazmadım. Hətta bir qəzetdən zəng vurub münasibət soruşanda Zakir müəllimin tərəfini saxladım, dedim kəmər vurmaq, ya vurmamaq ordunun döyüş qabiliyyəti, keyfiyyəti üçün ikinci, üçüncü dərəcəli amillərdir. Məzmun yoxdursa, formanın nə önəmi?
Yeri gəlmişkən, bir forma detalına ordu rəhbərliyinin diqqət eləməsini istərdim. Tez-tez küçədə, yolda-irizdə qarşımıza tərxis olunub hərbi geyimdə evə gedən əsgərlər çıxırlar. Bunlar öz çiyinlərinə “DMB” hərfləri yazırlar, mənası isə rusca “demobilizasiya” sözündən gəlir, demək istəyir artıq “dembel”əm, canımı qurtardım. Hesab edirəm milli ordumuzun rusca tərxis olunması düzgün deyil, özəlliklə indiki qarışıq zəmanədə. Yaxşı olardı onlar öz dilimizdə poqon düzəltsinlər, ora “tərxis” sözünün qısaltmasını - ya TRS, ya da TXS yazsınlar. TƏR də mümkündür. Yəni tərləyib ayıldım, indi dədəmin yanına təzə-tər dönürəm.
Sözümün canı odur ki, mən ordu quruculuğuna diqqətlə, patriotizmlə yanaşıram. Ona görə də Zakir müəllim təzəlikcə İrana gedib deyəndə ki, heç bir dövlət Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilməz - çox sevindim. Hərçənd, Azərbaycan ərazisinin bəzi xırda-para hissələri, künc-bucaqları heç Zakir müəllimin nəzarətində deyildir, məsələn, Vartan Cəbrayılın Fuğanlı kəndindən Arazın o tayına güllə atsa Zakir müəllim bunun qarşısını necə alacaqdır?
 Hər halda əlimizdə olana şükür. Demək ona pis-yaxşı nəzarət var, oralardan İrana qarşı istifadə edilməyəcək. Ümumiyyətlə, bizim dövlət idarələrinin, o cümlədən Müdafiə Nazirliyinin əsas funksiyası Azərbaycan xalqına xidmət deyil, İrana qarşı tədbirləri önləməkdir. Bu ərazidən Məmmədhəsən əmiyə qarşı hər kəs istifadə edə bilər, əcəb də eləyər. Günah öləndədir.
Təxminən 3-4 gün qabaq Zakir müəllim Cəmşid Naxçıvanski adına hərbi məktəbin şagirdləri qarşısında çıxış edərkən daha konkret danışdı. Sitat: “Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik”. Sitatın sonu.
Elə həmin gün ordudan növbəti əsgərin intiharı xəbəri gəlmişdi və mən ürəyimdə fikirləşdim ki, kaş ordu rəhbərliyi şəhidlərin intiqamını heç düşünməzdi, bundansa yeni əsgərlərin “ehtiyatsızlıqdan” həlak olmasını, şəhid olmasını önləyəydi. Yoxsa hələ hücum, işğaldan azad eləmə əməliyyatı yoxdur, xalqın uşaqları isə absurd səbəblərdən orduda qırılır.
İntiqamın alınması üçün qoyulan “tezliklə” müddəti isə bir az qara yumora bənzədi, çünki zaman baxımından işğaldan sonra doğulan uşaqlar da artıq əsgərliyini çəkib qayıdır. Əcəb tezlikdir.

Bizə qoşulun