Medianews.az
Ən uzun
513 baxış

Ən uzun

zamin yeni raz
Uzatmaq məsələsində bizə çatan olmaz, hakimiyyət də uca millətimizin bu azarını bildiyi üçün uzada-uzada gedir. Sözgəlişi, elə bu “uca millət” ifadəsinin özü nə deməkdir? Ay sağ olasan: “uzun millət” deməkdir. Başqa millətlər alçaqdır, biz isə uzun. Buna görə şanlı iqtidarımıza dərin, yəni, aşağıya doğru uzun minnətdarlığımızı bildiririk. Əslində uzunluq hansı istiqamətə olsa fərq eləməz. Təki uzun olsun.
Ən uzun bayraq dirəyi, ən uzun ailə hakimiyyəti, ən uzun ofşor hesabı, ən uzun oxunan muğamat, uzunluğa tullanan idmançı, ən uzun yeraltı keçid, ən uzun atəşkəs, ən uzun burun, ən uzun acı bağırsaq, ən uzun dırnaq və sairə - dünyada uzun nə varsa, göz dəyməsin, ordan-burdan alıb yığmışıq vətənimizə. Hətta bunlardan bəziləri o qədər uzundur ki, respublikamızın daxili ərazisində yerləşmir, qırağa çıxır, sərhədlərimizi aşaraq xarici düşmənimiz olan ermənilərin gözünə girir. Mən keçən yazılarımdan birində bu haqda yazmışdım: hakimiyyət hazırda Bakı bulvarını uzadır, bulvar uzanıb gələn Novruz bayramında inşallah, maşallah, İrəvana çatacaqdır.
Bakı bulvarı Nabrandan başlayaraq İran sərhədinə qədər olacaq, daha sonra sağa dönüb Hindistana girəcək, ordan Malayziyanın və Taiti adasının başına dolanıb Çilinin cənubundan Atlantik okeana kəllə vuracaqdır, üzə-üzə Cəbəllütariq boğazına yetişib ordan doğma Türkiyəmizə çatacaqdır! Planetin hər bir sakini fəxrlə “Mən fəxr edirəm ki, Bakı bulvarında yaşayıram!” deyə biləcəkdir! Hellayı çal, Əjdər əmi!
Həmin yazıda bulvarımızın uzanıb kosmosa qalxacağını da proqnoz etmişdim, bu münasibətlə narahat zəhmətkeşlərimizdən biri, Salyanın Xələc kənd sakini Seyid bəy zəng vurub dedi ki, gərək oğrunun yadına daş salmazdıq. Bəy deyir bulvarın İrəvana qədər uzanmasına qəti narazılığı yoxdur, əksinə, sevinir. Ancaq kosmosa qaldırmaq bir qədər mənfi haldır. Deyir, birdən bu bulvar kosmosa qalxdığı yerdə qırılıb düşdü başımıza? Həqiqətən, təhlükəlidir. Özü də mən indi cupbulu hesablama apardım, bulvar kosmosa uzandığı yerdə qırılsa bunun bir ucu məhz Salyan rayonuna düşəcəkdir (Azərbaycanlı olasan, özünü fikirləşməyəsən? Ay-hay...).
Uzatmaq dövlətin təməl prinsipi olduğundan bunu yeni təhsil nazirimiz Mikayıl Cabbarov da yaxşı anlamışdır. Mikayıl müəllim məktəblərin hamısına uzunluğu 4 metrə çatan xətkeş vermişdir, indi müəllim yazı taxtasının qabağından arxa sıradakı şagirdin gözünü çıxarda bilir. Bundan başqa, hər bir sinif 50 metr uzunluğunda tabaşirlə təchiz edilmişdir, eyni vaxtda 2 sinif bir tabaşirlə yazır, tabaşirin ortasından da başqa sinif  turnik kimi sallaşıb idman dərsi keçir.
Zarafat edirəm, bizim təhsil ocaqlarında belə anormal şeylər Misir müəllimlə getdi. Bəs Mikayıl müəllim nəyi uzadıb? Möhtəşəm bir iş görüb, deyir mən də orta məktəblərdə təhsilin müddətini uzadıram, 3 həftə artıq dərs olacaqdır.
Çox yerində addımdır. Doğrudan da bizim müəllimlər ilin azı 6 ayını yeyib-içib yatırlar, o biri 6 ayını da seçki saxtakarlığı ilə məşğul olurlar, məktəbdən maaş alıb dərsi yola verirlər, dərsdən sonra isə eyni uşaqlara evdə repetitorluq eləyib pul yığırlar. Dünyanın heç yerində məktəblər 6 ay tətil eləmir. Danimarkada hətta cəmi 45 gün tətil var. Əgər bizim məktəblər də 45 gün tətil eləsə sabah Azərbaycan Danimarka olacaqdır, Bakı da Kopenhagen. Buna şübhə etməyin.
Ölkəmizin Danimarkaya çevrilməsi həm də ona görə lazımdır ki, Danimarka kralı arvaddır, adı 2-ci Marqaritadır. Hələ bu harasıdır, dövlətin baş naziri də zənəndir, Helle Torninq-Şmitt adında gözəl bir xanımdır. Obamanın ağlını başından alan o məşhur qadın vardı ha, bax o. Kişi durub guya Nelson Mandelanın yasına getmişdi, ölü qalıb ortada, bu da Helle xanımla mazaqlaşır. Axırda Mişel Obama əsəbləşdi, dedi, ayə, gözün doysun, Bakı bulvarında deyilsən.
Gördüyünüz kimi, mən yazını uzadıb Salyandan Danimarkaya çatdırdım. Bu da özünə görə bir qabiliyyətdir. Siz də uzada-uzada oxuyun, gələn yazıya qədər başınızı qatın.

Bizə qoşulun