Ölkəmizin ictimai-siyasi fəallar kəsiminin mühüm bir hissəsində çoxdan firmalaşmış xasiyyət var: qonşu ölkələrdə, böyük dövlətlərdə seçki olanda, uzun-uzadı müzakirə aparar, təhlil edər və tərəf tutarlar.
Bir qayda olaraq bu tərəfgirliyin məğzi, mahiyyəti belə olur: proses Azərbaycana nə qədər sərfəlidir?; filan qüvvə hakimiyyətə gəlsə, bizə yaxşı olar, onun rəqibi gəlsə, bizə pis olar və s.
Bu da belə bir patriotizm təzahürüdür. Eynisi başqa ölkələrdə də var. Hər kəs öz ölkəsinin çıxarlarını fikirləşir.
Bu üzdən idi ki, 2018-ci ildə Ermənistanda Nikol Paşinyan küçə hərəkatının dalğasında hakimiyyətə gəlmək üzrə olanda bizim ictimai-siyasi fəalların çoxu onun Sarkisyan-Köçəryan cütlüyünə qalib gəlməsini istəyir, ona azarkeşlik edirdilər.
O zaman bu mövqedə olanlara deyənlər vardı ki, ha Sarkisyan, ha Paşinyan, ikisi də ermənidir və hansı olsa, öz ölkələrinin mənafeyi üçün çalışacaq.
Cavab belə olurdu: “Sarkisyan və Köçəryan Qarabağ müharibəsində komandirlik etmiş canilərdir. Onlar heç vaxt Azərbaycana bir metr də olsun torpaq qaytarmayacaqlar. Qaytarsalar, “döyüş meydanında qazandıqları qələbəni diplomatiya masasında uduzmuş liderlər” durumuna düşəcəklər. Hakimiyyətə yeni adam gəlməlidir ki, onunla anlaşmaq mümkün olsun”.
Zaman göstərdi ki, Köçəryan-Sarkisyan tandeminin hakimiyyətdən gedişi Qarabağ münaqişəsinin hərbi-siyasi-diplomatik vasitələrlə həll edilməsi yolunda yaşıl işığını yanması demək olub. O cütlük hakimiyyətdə qalsaydı, çətin olardı. Çünki onlar Rusiyanın ağuşundan çıxmayacaqdılar, biz halal haqqımızı əldə etmək üçün tərpənəndə bütün səngərlərdə qarşımızda Rusiyanın general və əsgərlərini, nazir və deputatlarını, diplomat və kəşfiyyatçılarını görəcəkdik.
Hazırda Ermənistanda gedən seçki prosesində də görürük ki, Paşinyanın əleyhdarları Rusiya kartından necə istifadə edir, Kremlin sayəsində Qarabağı geri qaytaracaqlarına dair xalqa vədlər verirlər.
Bizim patriotlar isə yenə də onlara qarşıdır və Qafqazda sülhün birdəfəlik bərqərar olunması üçün Paşinyanın hakimiyyətinin davam etməsini arzu edirlər.
Heç kəsdən gizli deyil, ölkəmizin vətənpərvər kəsiminin böyük hissəsi Rusiya-Ukrayna savaşında ikincinin tərəfindədir. Bunun ciddi səbəbi var. Onlar düşünürlər ki, Rusiyanın Ukraynaya sahiblənməsi onun keçmiş SSRİ respublikalarına olan iştahını daha da qabardacaq və müxtəlif bəhanələrlə onlara qarşı siyasi-hərbi müdaxilə aktları törədəcək. Zatən, bu respublikaların 35 ildir müstəqil dövlət kimi mövcud olması Kremlin onları hələ də öz “arxa bağça”sı saymasına mane olmur, rusiyalı ictimai-siyasi xadimlər oturub-durub “əzəmətli dövlət”in (SSRİ-nin) sərhədlərini bərpa etməkdən danışırlar.
Ona görə də bizim ictimai-siyasi fəallar Rusiyanın bu savaşdan dişi tökülmüş halda çıxmasını istəyirlər ki, postsovet ölkələr, nəhayət, bir gün görsünlər.
ABŞ-İsrail cütlüyü ilə İranın arasında gedən müharibəyə də milli maraqlar prizmasından baxanlar çoxdur.
Dövlət müstəqilliyimizi bərpa edəndən bəri İranın hakim dairələrinin gənc respublikanı xor görməsi, onun daxilində böyük casus şəbəkəsi, rəğbət qrupları formalaşdırması, din-məzhəb faktorundan istifadə edərək gərginliklər yaratması, xalqımızın qan və irz-namus düşməninə yardımlar göstərməsi vəziyyəti o yerə çatdırıb ki, ictimai-siyasi fəallarımızın böyük hissəsi qonşu ölkədə nasizm təməlli klerikal hakimiyyətin dəyişməsini, İranın dünyəvi və mötədil dövlət olmasını istəyirlər.
Hesab olunur ki, İranda hakimiyyət normal siyasi qüvvələrin əlinə keçsə, bu dövlət qonşularına qarşı aqressiv münasibətinə son qoyar, öz problemləri ilə məşğul olar, qonşu ölkələr də azad nəfəs alar.
Hərbi aqressiyaya məruz qalmış Ukraynanın tərəfində olan ictimai-siyasi fəallarımızın daha betər hərbi müdaxiləyə düçar olmuş İranın tərəfində olmamasının gerçək səbəbləri budur: milli maraqlar. Birincinin qələbəsi, ikincinin isə məğlubiyyəti bizim ölkəmizin və dövlətimizin başının salamatlığı üçün vacibdir. Burada şəxsi, merkantil, korporativ maraq yoxdur, əsas düşüncə odur ki, bizə təhlükə yaradan aqressorlar cilovlansın.
Bir də başqaları var. Onlar Rusiyanın Ukraynaya qalib gəlməsini, onu işğal etməsini istəyir, eyni zamanda ABŞ və İsrailin İranda biabırçı məğlubiyyətlə üzləşməsini arzu edirlər. Hətta onlar təkcə arzu etməklə qalmır, əməlli-başlı təbliğat aparır, ictimai rəy formalaşdırmağa çalışırlar.
Bəs onların motivi nədir, hansı düşüncə ilə belə mövqe tuturlar?
Belə çıxır ki, dövlət maraqları, müstəqillik, suverenlik kim anlayışlar bu şəxslər üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün yetkin və az-çox savadı olan hər kəsə aydındır ki, həm Rusiya, həm də İran təkcə vaxtilə ölkəmizi ikiyə parçalamış imperiyalar deyil, həm də bu xalqın bütövləşməsi, müstəqil yaşaması yolunda əsas maneələrdir. Bunu bilə-bilə onların tərəfini tutmaq öz xalqının yanında olmamaq deməkdir.
Ən ibrətamizi odur ki, Rusiyanı öz savaşında “haqlı” sayanlarla İranın hazırkı rejimini dəstəkləyənlər aşağı-yuxarı eyni adamlardır. Bu ondan xəbər verir ki, onlar, yumşaq desək, milli maraqları prioritet saymırlar.
Xalid KAZIMLI