Medianews.az
Yeni dünya düzəni neçə olacaq?
2,834 baxış

Yeni dünya düzəni neçə olacaq?

Bəzi siyasətçilərin və ekspertlərin Qərbin tənəzzülü və Çinin yüksəlişi, bunun nəticəsində yeni ikiqütblü və ya çoxqütblü dünyanın yaranacağı haqqındakı “öncəgörmə”lərinin güclü əsası yoxdur. Doğrudur, istehsalın Qərbdən Şərqə köçü ilə başlayan proses nəticəsində Asiya qlobal iqtisadi istehsalın aparıcı mərkəzinə, Çin istehsal gücünə çevrilib.

Lakin Çinin malik olduğu istehsal gücü ikiqütblü dünya düzənin formalaşdırılması üçün yetərli deyil. Bunun bir neçə səbəbi var.

Çin istehsal gücünə çevrilsə də, siyasi, hərbi və texnoloji gücə çevrilə bilməyib. Sovet İttifaqından fərqli olaraq Çin müttəfiqlərinin sayına görə ABŞ-la rəqabət aparacaq dövlət deyil. Çinin kommunist sistemi cəlbedici siyasi sistem deyil. Çinin öncüllüyü ilə formalaşan Şanxay Əməkdaş Təşkilatı və BRİKS amorf strukturlar olduqları üçün NATO və Avropa İttifaqından fərqli olaraq üzv ölkələrin üzərinə öhdəliklər qoymur. Çin nəhəng quru qoşunlarına malik olsa da, dəniz və aviasiya gücü zəif olduğu üçün sərhədlərindən uzaqlarda müharibə aparmaq imkanında deyil.

Ümumi daxili məhsulunun (ÜDM) həcminə görə Çin ABŞ-la rəqabət aparacaq səviyyə gəlsə də, ABŞ-ı ötüb keçməsi mümkün deyil. ABŞ iqtisadiyyatı 50 il öncə olduğu kimi bu gün də qlobal ÜDM-in dörddə birini təşkil edir. Çin qlobal ÜDM-dəki payını ABŞ-ın payının azalması hesabına artırmayıb. Ona görə də hazırkı qüvvələr nisbəti ABŞ-ın dünya liderliyi üçün heç bir təhlükə doğurmur. Üstəlik, iki ölkənin fond bazarının kapitallaşması arasındakı fərq ABŞ-ın necə böyük iqtisadi gücə malik olduğunu göstərir.

Hazırda qlobal fond bazarı 127 trilyon dollar təşkil edir ki, bunun 49.1 faizi və yaxud 62.2 trilyon dolları ABŞ-ın payına düşür. Çinin fond bazarı cəmi 11.8 trilyon dollar təşkil edir. Üçüncü yerdə olan Avropa İttifaqının fond bazarı 11.1 trilyon dollar təşkil edir.

Bu gün dünyanın ən bahalı 20 şirkətindən yalnız üçü ABŞ-dan kənarda yerləşir. Bu üç şirkətdən biri Səudiyyə Ərəbistanın “Saudi Aramko”, ikincisi Tayvanda yerləşən “Taiwan Semiconductor Manufacturing Company” və üçüncüsü Çinin “Tencent Holdings Ltd” şirkətidir.

Dünyanın ən bahalı şirkətlərinin siyahısına başçılıq edən NVIDIA-nın bazar dəyəri bu üç şirkətin qiymətinin cəmindən çoxdur. Yeri gəlmişkən qeyd edim ki, NVIDIA-nın bazar dəyəri 4.5 trilyon dollara yaxınlaşır. Dünyanın 100 ən bahalı şirkətinin 59-u ABŞ-da yerləşir.

Dünyanın 100 ən bahalı şirkəti arasında islam coğrafiyasından Səudiyyə Ərəbistanın “Saudi Aramko” şirkətindən başqa yalnız Birləşmiş Ərəb Əmirliyinin “International Holding Company” şirkəti yer alıb. Fond bazarının həcminə görə ilk 10 ölkə arasında islam coğrafiyasını təmsil edən dövlət də yoxdur.

Rusiyanın halı daha acınacaqlıdır. Təxminən 2008-ci ilin birinci yarısında bazar dəyərinə görə “Microsoft”dan bahalı olan Rusiyanın qaz nəhəngi “Qazprom”un hazırda bazar dəyəri “Microsoft”un kapitallaşmasının 1 faizindən də azdır. Yeri gəlmişkən qeyd edim ki, “Microsoft”un bazar dəyəri 3.8 trilyon dollardan çoxdur.

ABŞ iqtisadi, siyasi və hərbi liderliyini qorumaqla texnoloji liderə də çevrilməklə bütün dövlətlər üçün əlçatmaz güc olaraq qalır. ABŞ-la rəqabət apara biləcək dövlətin və ya dövlətlər birliyinin yoxluğu isə ikiqütblü dünya düzənin formalaşmasını istisna edir.

Bu gün əksəriyyəti düşündürən sual ABŞ-ın liderliyi ilə qurulmaqda olan yeni birqütblü dünya düzənində dövlətlərin yeri necə olacağıdır. Bu suala növbəti yazılarda aydınlıq gətirməyə çalışacağam.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun