Rusiya baş nazirinin müavini Vitali Savelyev prezident Vladimir Putinə xüsusi məktubla müraciət edib.
Medianews.az-ın məlumatına görə, Savelyev Putinə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 188 kilometr hissəsində dərinliyi 4,2 metrdən 4,5 metrə çatdırmağı hədəfləyən layihənin səmərəli olmadığını bildirib və layihənin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib.
Baş nazirin müavini layihənin hədsiz baha başa gəldiyini, indiki halda ona iri maliyyə yatırılmasının lüzumsuz olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib ki, söhbət Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün Rusiyanın illər öncə həyata keçirməyə başladığı layihədən gedir: “İllərdir maliyyələşdirilən layihədən Rusiya hökumətinin niyə məhz indi imtina etməsi düşündürücüdür və işin arxasında geosiyasi nüansların olduğuna şübhə yeri qoymur.
Məsələ bundadır ki, Volqa-Xəzər kanalının dayazlaşması Xəzər dənizinin qurumasının əsas səbəbidir. Dənizdə quruma o qədər sürətlə gedir ki, 2030-cu ilə qədər Xəzərin azı 1 metr aşağı enəcəyinə heç kimin şübhəsi olmasın. Bu o deməkdir ki, Xəzər dənizində böyük yük gəmilərinin hərəkəti mümkünsüz hala gələcək, çünki Volqa-Xəzər kanalının dayazlaşması gəmilərin bu kanala daxil olmasını mümkünsüz edir.
Bu o anlama gəlir ki, Transxəzər dəhlizlərinin inkişaf perspektivləri getdikcə zəifləyəcək.
Xəzərdə suyun çəkilməsi ən çox Rusiyanın və Qazaxıstanın payına düşən hissələrdə baş verir. Demək, əsas logistika mərkəzlərindən biri olan Qazaxıstanın Aktau limanı əhəmiyyətini itirməyə başlayacaq.
Əgər Transxəzər nəqliyyat marşrutlarının önündə yeni perspektivlərin açıldığı vaxtda, yeni üçtərəfli formatların yarandığı vaxtda, Qazaxıstanın öz neftini Bakı üzərindən Qərbə çıxarmaq üzərində düşündüyü vaxtda Rusiya böyük layihənin maliyyələşməsindən imtina edirsə, deməli, səbəb siyasi və geosiyasidir.
Xatırladım ki, Xəzərə tökülən 100-dən çox çayın ən irisi Volqa, Kür və Terekdir. Suyun 85 faizi Volqadan gəlir”.