Medianews.az
Prezidentin Dövlət Himni ilə bağlı tapşırığı 6 ildən çoxdur yerinə yetirilmir -
1,345 baxış

Prezidentin Dövlət Himni ilə bağlı tapşırığı 6 ildən çoxdur yerinə yetirilmir - MEDİANEWS.AZ-ın ARAŞDIRMASI

Konstitusiyanın 23-cü maddəsinə əsasən, Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni Azərbaycan dövlətinin rəmzləridir.

Konstitusiyanın 75-ci maddəsinə görə isə hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir və dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Cinayət Məcəlləsinin 324-cü maddəsinə görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəs, dövlət rəmzlərindən biri olan Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsinin cəzası nədir?

Medianews.az “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun 2, 3, 4, 8 və 9-cu maddələrin təqdim edir:

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət

2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik

Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri

4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;

4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər

8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.

Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Beləliklə, aydın olur ki, Dövlət Himni haqqında qanunvericiliyin tələblərini pozan şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Lakin söhbət hansı məsuliyyətdən gedir?

Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi, Dövlət Himni haqqında qanunvericiliyin pozulması ilə bağlı heç nə yazılmayıb.

Halbuki 2019-cu il aprelin 15-də Prezident İlham Əliyev “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Həmin fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş orqanın səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: 

2.1. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Prezident İlham Əliyevin “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun tətbiqi barədə fərmanı yerinə yetirilibmi? Yerinə yetiribsə, nə üçün “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun pozulmasına görə məsuliyyət növlərinin nədən ibarət olduğu hələ də müəyyənləşməyib, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə bununla bağlı əlavələr edilməyib?

Axı “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun 9-cu maddəsində deyilir ki, bu qanunun tələblərini pozan şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Amma hansı məsuliyyəti daşıyırlar? Bu barədə həmin məcəllələrin heç birində heç nə yoxdur axı. Tutalım, kimsə Dövlət Bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlər etsə, onun cəzası bəllidir: Cinayət Məcəlləsinin 324-cü maddəsi var. Bəs, Dövlət Himni barədə təhqiredici hərəkətlər edilsə? Dövlət Himninə hörmətsizlik nümayiş olunsa? Dövlət Himninin təhrifinə yol verilsə?.. Hansı məcəllə ilə, hansı cəzalar tətbiq olunacaq?

Medianews.az məsələ ilə bağlı hüquqşünas Qulamhüseyn Əlibəyliyə müraciət edib.

Q.Əlibəyli deyib: “Təəssüf ki, Prezidentin 2019-cu il aprelin 15-də imzaladığı “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapan tapşırıqlar yerinə yetirilməyib. Ona görə də indiki şəraitdə Dövlət Himnindən istifadə qaydalarının pozulmasına görə, məsələn, Dövlət Himninin təhrif olunması, başqa dildə oxunması və yaxud da Dövlət Himninə hörmətsizlik nümayiş etdirilməsinə görə heç kim qanun qarşısında məsuliyyət daşıya bilməz. Çünki qanunla məsuliyyət həddi müəyyən olunmayıb və müvafiq məcəllələrə - Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə lazımi dəyişikliklər edilməyib.

Bildiyimə görə, biz təcrübədə indiyədək Dövlət Himni haqqında qanunvericiliyin pozulması hadisəsi ilə rastlaşmamışıq. Amma hər halda bunun baş vermə ehtimalı varsa, deməli, müvafiq cəza da qanunvericilikdə əksini tapmalıdır. İndiki situasiyada Dövlət Himni haqqında qanunvericiliyin pozulmasına görə heç kim hüquqi cəhətdən məsuliyyət daşıya bilməz. Təbii ki, cəmiyyətin, ictimaiyyətin qınağına tuş gələ bilər. Çünki söhbət dövlət rəmzinə hörmətsizlikdən, dövlət rəmzindən istifadə qaydasının pozulmasından gedir. Lakin hüquqi məsuliyyət yoxdur. Dövlət Bayrağına, Dövlət Gerbinə münasibətdə məsuliyyət müəyyən olunub, ancaq nəyə görəsə Dövlət Himni ilə bağlı məsuliyyət həddinin müəyyənləşməsi prosesi tamamlanmayıb. Bir sözlə, Prezidentin tapşırığı yerinə yetirilməyib. Sözsüz ki, tapşırığı yerinə yetirməyənlər buna görə məsuliyyət daşımalıdırlar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun