Medianews.az
Gürcüstanda gözlənilən Qərb-Rusiya toqquşması –
1,221 baxış

Gürcüstanda gözlənilən Qərb-Rusiya toqquşması – Oktyabrın 4-də...

Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. 64 şəhərin hər birinə mer seçiləcək, eyni zamanda yerli məclislər formalaşacaq.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, 2024-cü ildə keçirilmiş, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qalib gəldiyi parlament seçkilərinin legitimliyini Qərb tanımır: “ABŞ, Avropa İttifaqı Gürcü Arzusunu Rusiya yönümlü siyasət aparmaqda ittiham edir. Həqiqətən də Gürcüstan hökumətinin qəbul etdiyi qərarlar Qərblə əlaqələri kifayət qədər böhranlı vəziyyətə gətirib.

Oktyabrın 4-ü Gürcüstan hakimiyyəti üçün sınaq günü olacaq. Müxalifət seçkiləri boykot edir. Xüsusilə sabiq prezident Mixeil Saakaşvilinin lideri olduğu düşərgə küçə etirazlarını davam etdirir. Qərbin bu seçkilərdən sonra Gürcüstana qarşı ciddi təzyiqlər və sanksiyalar tətbiq etməsi mümkün görünür. Çünki rəsmi Tiflisin siyasəti Qərbin səbir kasasını aşırdır.

Oktyabrın 4-də Tiflisdə Qərb və Rusiya tərəfdarları yenidən toqquşacaq. Amma ölkədə növbəti inqilabın baş verəcəyi gözlənilmir. Müxalifətin vahid liderinin olmaması və daxildə qütbləşmə hakimiyyətin təzyiqlərinin effektini artırır. Müxalifət köməyi Qərbdə axtarır. Qərb isə bölünmüş, parçalanmış müxalif hərəkatlara dəstək vermək fikrində deyil”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun