Medianews.az
Gürcüstan: seçki yarışında neçə namizəd var?
682 baxış

Gürcüstan: seçki yarışında neçə namizəd var?

Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilərlə bağlı son statistikaya görə, 64 şəhərdə mer postuna 122 namizəd var. Məclis üzvlüyü uğrunda proporsional sistem (partiya siyahıları) üzrə 5193 nəfərin, majoritar sistem üzrə 2231 nəfərin yarışdığı bildirilir.

Medianews.az qeyd edir ki, mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq tələb olunur. Məclislərə düşmək üçün partiyalar 4 faizlik baryeri keçməlidir. Majoritar sistem üzrə 40 faizdən az olmamaqla nisbi səs çoxluğu kifayətdir.

Qeydə alınmış seçicilərin sayı 3 milyon 513 min 818 nəfər göstərilir.

12 partiyanın qatıldığı marafonda qələbəyə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası şanslıdır. Onun əsas rəqibi Güclü Gürcüstan – Lelo və Qaxariya – Gürcüstan Uğrunda partiyalarının alyansıdır.

Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Yerli hakimiyyət qurumlarının böyük əksəriyyətinə də Gürcü Arzusu nəzarət edir.

Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. Prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun