Medianews.az
Gürcüstan: 3,4 milyon seçici, 3051 məntəqə
755 baxış

Gürcüstan: 3,4 milyon seçici, 3051 məntəqə

Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilər ərəfəsində 3 milyon 476 min 140 seçici qeydə alınıb.

Medianews.az bildirir ki, hesabatı yayan Mərkəzi Seçki Komissiyası 3 milyon 897 min bülletenin hazırlanacağını, səsvermənin 3051 məntəqədə təşkil olunacağını bəyan edib. 2284 məntəqədə elektron səsvermə (müvafiq aparatlar vasitəsilə), 767 məntəqədə seçki qutularının qoyulduğu ənənəvi səsvermə keçirmək nəzərdə tutulur.

4 oktyabr seçkilərində 64 şəhərdə mer seçilməli və yerli məclislər formalaşmalıdır. Məclis seçkilərində qarışıq sistem (proporsional və majoritar sistemlər) tətbiq olunur. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq gərəkdir. Yerli məclislərə düşmək üçün partiyalar 4 faizlik baryeri keçməlidir. Majoritar sistem üzrə nisbi səs çoxluğu kifayətdir.

Marafonda 12 partiya iştirak edir, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası şanslı sayılır. Bir çox müxalif partiyanın boykot etdiyi seçkilərdə hakim partiyanın əsas rəqibi Güclü Gürcüstan – Lelo və Qaxariya – Gürcüstan Uğrunda partiyalarının alyansıdır.

Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Yerli hakimiyyət qurumlarının böyük əksəriyyətinə də Gürcü Arzusu nəzarət edir.

Ölkədə prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. Prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun