Ötən həftə Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində tanınmış xanəndələr - Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Sosial şəbəkələrdəki müzakirələrə nəzərə yetirəndə aydın olur ki, bu heç də hamının xoşuna gəlməyib. Bəziləri xanəndələrin himni muğam, bəziləri rep tərzində oxuduğunu söyləyir, Dövlət Himninin təhrif olunduğunu iddia edirlər.
Əlbəttə, bütün bunlar iddiadır. Medianews.az Alim Qasımov və Fərqanə Qasımovanın Dövlət Himnini təhrif etdiyini iddia etmədən, bu iddiaları təsdiqləmək mövqeyində durmadan sadəcə bir məsələyə toxunmaq qərarına gəlib: Ümumiyyətlə, Dövlət Himninin təhrif olunması qanunla məsuliyyət yaradırmı? Qanunvericilik bu barədə nə deyir?
Medianews.az vurğulayır ki, Dövlət Himni haqqında qanunvericilik Konstitusiyadan, “Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanundan və “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.
Konstitusiyanın 75-ci maddəsinə görə, hər bir vətəndaş Dövlət Himninə hörmət etməlidir. Konstitusiyanın həmin maddəsində o da deyilir ki, Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
“Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunda göstərilir ki, Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur (Maddə 5.2).
“Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun 8.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.
8.2-ci maddəyə görə, Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.
9-cu maddəyə görə isə “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun tələblərini pozan şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Beləliklə, Konstitusiyaya görə, Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna görə isə bu qanunun tələblərini pozan şəxslər üç məcəlləyə (Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi) uyğun olaraq məsuliyyət daşıyırlar.
Toğrul Əli,
Medianews.az