Əziz Əlibəyli,
politoloq
22.07.2025, 08:02
197 baxış
Azad
Trampın paylaşımı: Bu, sadəcə kompliment deyil
Sosial şəbəkələrdə maraqlı bir paylaşım diqqət çəkdi: ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onunla bağlı açıqlamasını şəxsi səhifəsində yayımladı. Qısaca desək, həmin açıqlamada Əliyev Trampı təbrik edir, onun prezidentliyi dövründə heç bir müharibəyə başlamamasını və ailə dəyərlərinə sadiq qalmasını müsbət qarşıladığını ifadə edir.
Amma məsələ təkcə bir təbriklə bitmir. Həmin açıqlamada bir neçə sətiraltı mesaj var.
Əvvəla, Əliyev Trampın “Vaşinqton bataqlığını qurudan” bir lider olduğunu deyir. Bu ifadə, əslində, Amerikanın daxili siyasi sistemindəki korrupsiya və lobbiçilikdən bezmiş bir çox insanın dilində tez-tez işlədilən metaforadır. Yəni Prezident Əliyev burada Prezident Trampı sadəcə bir xarici lider kimi yox, “sistemin qarşısında duran” bir fiqur kimi görür.
İkincisi, Əliyev açıq şəkildə bildirir ki, Trampın yenidən seçilməsi Azərbaycan üçün daha yaxşı olar. Bu da sırf diplomatik təbrik çərçivəsini aşan bir fikirdir. Belə çıxır ki, Azərbaycan rəhbərliyi ABŞ-dakı siyasi dəyişikliklərin regiona — xüsusilə Cənubi Qafqaza necə təsir etdiyinin fərqindədir və öz mövqeyini də gizlətmir.
Prezident Əliyev Trampın Qarabağ münaqişəsi sonrası yaranan yeni reallıqları və regionda sülh quruculuğunu dəstəklədiyini xüsusi vurğulayır. Bu da onu göstərir ki, Azərbaycan tərəfi Trampı bölgəyə maraq göstərən və müdaxilə etmədən dəstəkləyən bir tərəfdaş kimi görür.
Trampın da bu açıqlamanı paylaşması göstərir ki, o, Azərbaycanla bu münasibətləri dəyərləndirir. Hər halda, yüzlərlə gündəlik paylaşım içində məhz bu videonu seçib paylaşmaq təsadüfi deyil. Bu, həm də qarşılıqlı mesajların artıq ictimai müstəviyə keçdiyini və gələcək əməkdaşlıq üçün zəmin yaradıldığını göstərir.
Keçək əsas məsələyə: Zəngəzur dəhlizinin 100 illik icarəyə götürülməsi fikri ABŞ-dan yayımlanandan sonra əksər analitik Azərbaycanın prinsipcə üçüncü güclərin bölgədə peyda olmasına etiraz etdiyini ifadə edirdi. Lakin Prezident Əliyevin açıqlamaları daha fərqli bir plan olduğunu ortaya çıxardı.
Hər halda ABŞ Qafqaza dönür deyə bilərik. O zaman əsas sual: Qafqazdan kimlərə təpik vurulub kənara atılır? Onu da daha bildiniz...
Əziz Əlibəyli,
politoloq
Əziz Əlibəyli,
politoloq
Paylaş: