Medianews.az
Proporsional seçki sistemi: <span style=color:red>olsun, olmasın?
404 baxış

Proporsional seçki sistemi: olsun, olmasın?

“Əli Hüseynlinin dedikləri hakimiyyətin, hakim partiyanın proporsional seçki sisteminin bərpasını istəmədiyindən xəbər verir”. Hüquqşünas Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib. Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ötən həftə “Yeni Müsavat” qəzetinə müsahibəsində jurnalist Elşad Paşasoyun ölkədə parlament seçkilərində majoritar-proporsional sistemin tətbiq oluna biləcəyi haqda iddialarla bağlı sualını cavablandırarkən deyib ki, onun bu məsələdə mövqeyi birmənalı şəkildə belədir: “Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur”. Əli Hüseynli bu fikirlərinin Milli Məclisin komitə sədri kimi yox, sırf ekspert, ya bir hüquqşünas baxışı kimi qəbul edilməli olduğunu da diqqətə çatdırıb. Lakin Qulamhüseyn Əlibəyli Medianews.az-a bildirib ki, Əli Hüseynli fikirlərini şəxsi mövqeyi, hüquqşünas, ekspert yanaşması kimi təqdim etsə də, onun hakim partiyanın təmsilçisi olduğunu nəzərə almamaq və buradan bəzi qənaətlərə gəlməmək mümkün deyil: “Görünür, hakimiyyət daxilində bu məsələ bəlkə də bir neçə dəfə müzakirə olunub və majoritar-proporsional seçki sisteminin, yəni qarışıq seçki sisteminin bərpası məqsədəuyğun sayılmayıb”. Medianews.az xatırladır ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra Azərbaycanda 7 parlament seçkisi keçirilib. Parlament – Milli Məclis 125 nəfərlikdir. 1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 1995 və 2000-ci illərdə AXCP-nin proporsional seçki siyahısından deputat seçilmiş şəxslərdən biri də Qulamhüseyn Əlibəyli olub. 2002-ci ildə ölkədə keçirilən konstitusiya referendumunda proporsional sistem ləğv edilib və 2005, 2010, 2015, 2020, 2024-cü illərin parlament seçkilərində tam majoritar sistem tətbiq olunub, deputatların hamısı dairələrdən mandat alıb. Qulamhüseyn Əlibəyli Medianews.az-a bildirib ki, əslində, hər iki seçki sisteminin – həm proporsional, həm də majoritar sistemin öz üstünlükləri və çatışmazlıqları var: “Məsələn, proporsional seçki sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, burada səslər daha çox partiyalara verilir. Yəni seçki partiya siyahıları əsasında keçirilir və partiyaya verilmiş səslər bütün ölkə miqyasında toplandıqdan sonra həmin partiyanın qazanacağı mandatların sayı müəyyənləşir. Amma çatışmayan cəhət odur ki, partiya siyahıları əsasən siyasi partiyalar tərəfindən müəyyən edildiyindən seçici səsverməyə gedərkən istər-istəməz konkret namizədə deyil, partiyaya səs vermiş olur. Majoritar seçki sisteminin üstünlüyü isə ondadır ki, burada konkret namizədə səs verilir. Seçici partiya mənsubiyyətindən asılı olmayaraq konkret namizəd üzərində seçim edə bilir. Bu sistemin çatışmazlığı ondadır ki, siyasi partiyaların irəli sürdüyü namizədlər majoritar dairələr üzrə qalib gəlmədikdə onların topladığı səslərin sayı bir növ itirilmiş olur. Daha doğrusu, səslər nəzərə alınmır. Məsələn, bir dairədə siyasi partiyanın namizədi 49 faiz səs toplayıb, bir neçə dairədə də oxşar faizlə səs toplayıb, lakin 50 faizi keçmədiyi üçün qalib gəlməyib. Bu halda həmin partiyanın topladığı səslər, deyək ki, ümumilikdə 49 faiz səs ölkə miqyasında nəzərə alınmır. Proporsional sistemdə isə bu səslər nəzərə alınır. Ona görə də hesab edirəm ki, keçid dövrü üçün (əgər hələ də ölkəmizdə keçid dövrü islahatları nəzərdə tutulursa, deməli, bizdə hələ ki, keçid dövrü davam edir) Azərbaycanda qarışıq seçki sisteminin tətbiqi daha düzgün variant olardı”. 1995 və 2000-ci illərdə qarışıq seçki sisteminin olduğunu, deputatlardan 100-nün majoritar, 25-nin proporsional üsulla seçildiyini yada salan Qulamhüseyn Əlibəyli onu da vurğulayıb ki, indiki dövrdə nisbəti dəyişmək də mümkündür: “Məsələn, haradasa yarıbayarı bir nisbət götürmək olar. Bəzən ABŞ, Böyük Britaniya kimi inkişaf etmiş ölkələri misal gətirib deyirlər ki, orada yalnız majoritar sistemdən istifadə olunur. Amma inkişaf etmiş ölkələr arasında Almaniya Federativ Respublikası kimi yarıbayarı sistemdən istifadə edənlər də var. Rusiyada da bir müddət tam proporsional sistemə keçilmişdi, sonra yenidən 50/50 nisbətinə qayıdıldı”. Qulamhüseyn Əlibəyli onu da deyib ki, proporsional sistemində mandat bölgüsünün müxtəlif metodları var: “Biri də açıq siyahı sistemi ilə proporsional seçki üsuludur. Burada seçici artıq adbaad siyahını görür. Hətta bəzi ölkələrdə seçici namizədləri sıralayır – yəni birinci, ikinci, üçüncü yerə hansı namizədi qoyacağını özü müəyyənləşdirir. Bəzi ölkələrdə isə partiya siyahısı daxilində yalnız bir nəfərə səs verilir. Yəni partiyanın ümumi siyahısına yox, siyahıdakı konkret namizədə səs verilir. Sonra bütün ölkə üzrə toplanan səslərə uyğun olaraq partiyanın qazandığı mandatlar müəyyən olunur və bu zaman siyahı daxilində kim daha çox səs alıbsa, mandatlar o şəxslərə verilir. Sözümün canı ondadır ki, proporsional sistemdə namizədlərə fərdi qaydada səs verilməməsini çatışmazlıq kimi qəbul edənlərin də mövqeyini nəzərə almaq, bu problemi aradan qaldırmaq üçün metodlar var. Proporsional sistem birvariantlı sistem deyil, burada fərqli modelləri tətbiq etmək mümkündür”. Qulamhüseyn Əlibəyli “proporsional seçki sistemi siyasi partiyaların inkişafı üçün əhəmiyyət daşımır” fikri ilə razı deyil: “Əksinə, proporsional seçki sistemi siyasi partiyaların inkişafında mühüm rol oynayır. Partiyanın təqdim etdiyi namizədlər seçildiyi üçün istər-istəməz həmin namizədlər vasitəsilə partiyanın proqramı həyata keçirilir. Partiyalar nəzərdə tutduqları məsələləri deputatları vasitəsilə gerçəkləşdirmək imkanı qazanır. Həmin deputatlar parlamentdə adətən fraksiya şəklində, birgə çıxış edirlər. Bu baxımdan proporsional üsulla mandat almış deputatlara fərdi qaydada təsir göstərmək də çətin olur. Azərbaycanda bəzi şəxslərin, dairələrin deputatlara təsir göstərməyə çalışdığı sirr deyil. Həm də bu səbəbdən hesab edirəm ki, qarışıq seçki sisteminin bərpası daha düzgün olardı. Bu, bir tərəfdən seçkilərin normal keçirilməsi, digər tərəfdən isə siyasi partiyaların səslərinin itirilməsinin qarşısının alınması, ümumilikdə partiyaların inkişafına təkan verilməsi baxımından vacibdir. Əgər dövlət siyasi partiyaların inkişafını hədəf kimi müəyyən edirsə, səlahiyyətli şəxslər bu barədə düşünməlidirlər. Qarışıq seçki sistemini tətbiq etməyin yolu, tutalım, referendum keçirilməsi ayrı mövzudur. Əsas məsələ prinsipial razılığın olmasıdır. Təəssüf ki, hazırda hakimiyyətdə belə bir prinsipial razılıq yoxdur”. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.

Bizə qoşulun