Medianews.az-a açıqlamasında Q.Məhərəmmli deyib ki, “Molla Nəsrəddin” 150 illik mətbuat tariximizin nadir incilərindəndir: “Amma təəssüf ki, Tiflisdə nəşrə başlamış jurnalın redaksiyasını mədəniyyət abidəsinə çevirmək mümkün olmayıb. Neçə il əvvəl şəxsi təşəbbüslə binaya xatirə lövhəsi vurulub. Qəza vəziyyətinə düşmüş binada SOCAR ötən il bir az möhkəmlətmə işləri görüb… sonra yenə hər şey unudulub…
Biz bu yaxınlarda - mayın axırında Tiflisdə olarkən rəhmətlik professor Rəhman Bədəlovla birlikdə (jurnalist soydaşımız Cəmilə xanımın bələdçiliyi ilə) gedib binaya baxdıq və çox məyus olduq.
Məncə, bizim hörmətli mədəniyyət nazirimiz və SOCAR rəhbərliyi bu işə ürəkdən girişsələr Tiflisdə daha bir Azərbaycan nişanəsi - “Molla Nəsrəddin” jurnalının muzeyini yaratmaq mümkün olar”.
Toğrul Əli,
Medianews.az