16.07.2025, 13:31
103 baxış
Nailə
Yeni araşdırma: Baxışlarla danışmaq mümkündür
Avstraliyanın Flinders Universitetindən alimlər, sözlərə ehtiyac olmadan istəklərin qarşı tərəfə çatdırılmasının mümkün olduğunu ortaya çıxarıb.
Medianews.az xarici mediaya istinadən bildiri ki, araşdırmaya görə, bir əşyaya baxmaq, sonra bir nəfərlə göz təması qurub yenidən həmin əşyaya baxmaq “yardım istəyi” kimi ən güclü vizual mesaj hesab olunur.
Mütəxəssislər bu baxış ardıcıllığının yüksək səs-küylü və ya sözlü ünsiyyətin çətin olduğu mühitlərdə, məsələn, sosial tədbirlərdə, hətta darıxdırıcı bir yemək masasından qalxmaq və ya içkini doldurtmaq istədikdə təsirli ünsiyyət vasitəsi ola biləcəyini bildirirlər.
Araşdırmanın rəhbəri Dr. Nathan Caruana, baxışların sayından çox, hansı kontekstdə qurulduğunun vacib olduğunu vurğulayıb:
“Bir insanın sizə nə qədər tez-tez baxmasından çox, baxışlarının məzmunu bu davranışın kommunikativ olub-olmadığını müəyyən edir.”
Tədqiqat çərçivəsində 137 nəfərdən ibarət qrup, virtual partnyorla blok yerləşdirmə tapşırığını yerinə yetirib. Ən sürətli və dəqiq nəticələr isə baxışların bir obyektlə digər obyekt arasında göz təması ilə müşayiət olunduğu hallarda əldə edilib.
Alimlər qeyd ediblər ki, bu baxış texnikası idman oyunlarında, hərbi əməliyyatlarda və ya səs-küylü iş mühitlərində sözsüz ünsiyyətin təkmilləşdirilməsi üçün də faydalı ola bilər. Bundan əlavə, eşitmə qüsurlu və ya autizmli şəxslər üçün də əhəmiyyətli dəstək vasitəsinə çevrilə bilər.
Medianews.az