15.07.2025, 13:30
132 baxış
Azad
Yaddaş: alimlər yeni model hazırlayıblar
Düşünürdünüz ki, yaddaş kitabxanadır? Əslində isə canlı ağacdır, daim böyüyür və dəyişir.
Medianews.az xəbər verir ki, alimlər yaddaşı təsvir edən təsadüfi ağaclar əsasında yeni bir riyazi model təqdim ediblər.
Amerikalı və israilli tədqiqatçılar insanın mürəkkəb hekayələri necə yadda saxladığını izah edən riyazi model hazırlayıblar. Tədqiqatın nəticələri "Physical Review Letters" jurnalında dərc olunub. Bu işdə riyaziyyatın, fizikanın və kompüter elmlərinin yanaşmaları birləşdirilib. Əsas fikir isə ondan ibarətdir ki, beynimiz hekayələri xətti mətn kimi deyil, şaxələnmiş ağac quruluşları kimi yadda saxlayır. Bu ağaclarda hər bir" "budaq" və yaxud "qovşaq" daha detallı elementlərin qısa ümumiləşməsidir.
Modelin qurulması üçün tədqiqatçıların komandası təsadüfi ağaclar adlanan abstrakt riyazi obyektlərdən istifadə ediblər. Bu obyektlər daha çox mürəkkəb şaxələnmiş strukturların izahı üçün uyğundur. Tədqiqatçılar yüzlərlə iştirakçının qatıldığı onlayn eksperimentlər aparıblar. İştirakçılara uzunluğu 20-dən 200 cümləyədək olan 11 müxtəlif hekayə təqdim edilib, üstəlik, həmin hekayələri təkrar danışmaq tapşırılıb. Bu mətnlər 1960-cı illərdə amerikalı dilçi Uilyam Labov tərəfindən yazıya alınmış şifahi hekayələr arxivindən götürülüb. Daha sonra bu materiallar müasir dil modelləri və süni intellekt vasitəsilə təhlil olunub.
Nəticələr göstərib ki, iştirakçılar tez-tez bütöv epizodları cəmi bir cümlə ilə ifadə ediblər. Bu, belə bir nəticəyə gəlməyə imkan verib: yaddaşda hekayələr sıxılır və iyerarxiya prinsipinə görə strukturlaşır. Ən ümumiləşmiş fikirlər ağacın kökünə yaxın yerləşir, detallarsa uzaqlaşdıqca budaqlanır. Eyni zamanda hər bir insanın yaddaşındakı ağacın strukturu unikal ola bilər — çünki hər kəs hekayəni fərqli başa düşür və yadda saxlayır.
Bəzi alimlərin skeptik yanaşmasına baxmayaraq — onlar hesab edirdilər ki, hekayələr belə formal modellər üçün çox mürəkkəbdir — müəlliflər insanın süjetləri necə xatırlayacağını riyazi cəhətdən proqnozlaşdıran model yaratmağa nail olublar. Bu model özünü dəqiq və təkrarlanan şəkildə doğruldub.
Müəlliflərin fikrincə, bu yanaşma yalnız yaddaşın deyil, həm də insanın öz təcrübəsini, tarixi hadisələri və sosial prosesləri necə dərk etməsini anlamaq üçün faydalıdır. Bundan başqa, riyazi nəzəriyyələrlə süni intellekt alətlərinin birləşməsi insan şüurunun tədqiqatında yeni imkanlar açır.
Medianews.az