Medianews.az
O, Həsən bəy Zərdabini təcəssümü idi – təvazökar bir professor bədənində, <span style=color:red>lakin düşüncə savaşçısının ruhunda...
114 baxış

O, Həsən bəy Zərdabini təcəssümü idi – təvazökar bir professor bədənində, lakin düşüncə savaşçısının ruhunda...

Rəhman Bədəlov rəhmətə gedib. Mütəfəkkir. Fədakar. Maarifçi. Fikrin onun üçün peşə deyil, həyat nəfəsi olduğu nadir nəsil nümayəndələrindən biri idi. Son gününə – 89 yaşına qədər – o sadəcə yaşamırdı, YAŞAYIRDI – bütün bədən və ruh gücü ilə, fiziki və intellektual imkanlarının sərhədində. Amma bu nə məcburiyyətdən, nə də borcdan doğurdu – bu, həyatın özündən, düşünməkdən, oxumaqdan, mübahisə etməkdən, dərs deməkdən, şahidlik etməkdən aldığı həqiqi zövq idi. Onda olan enerji, həyata, biliyə, dialoqa qarşı ehtiras – son illərində ağır onkoloji xəstəliyinə baxmayaraq – heç kimdə gördüyüm qədər güclü idi. Hətta mənim ən gənc, biliyə ac 17–18 yaşlı tələbələrim belə onun o coşqun passionar enerjisi qarşısında daha az canlı görünürdülər. Biz onunla heç də həmişə həmfikir deyildik. Əksinə, bəzən dünyagörüşlərimiz ziddiyyətli olurdu və biz tez-tez sərt opponetlərə çevrilirdik. Amma məhz buna görə mən onu yüksək dəyərləndirirdim. Bu qarşıdurmalarda o, nadir bir keyfiyyət göstərirdi – prinsipiallıq, amma qəzəbsiz və təmiz bir prinsipiallıq. Onun dürüstlüyü şəffaf idi: heç vaxt şəxsiyyətlə deyil, ideya, dəyər və mövqe ilə savaşırdı. O, mübahisə edirdi – ehtirasla, bəzən narahatlıq doğuracaq şəkildə – amma həmişə mahiyyət üzrə. Və bu təkcə hörmət yox, həm də heyranlıq oyadırdı. Təsadüfi deyil ki, o, qədim qəhrəman obrazlarına – taleylə, alın yazısıyla, metafizik bir düşmənlə təkbətək dayanan fiqurlara heyran idi. Təsadüfi deyil ki, Zərdabi obrazı onu dərindən sarsıdırdı – həm ənənəyə, həm də biganəliyə meydan oxuyan, yanan bir azərbaycanlı maarifçi kimi. Kim bilir, bəlkə də Rəhman müəllim Həsən bəyin bir növ təcəssümü idi – təvazökar bir professor bədənində, lakin düşüncə savaşçısının ruhunda. O, dövrlər arasında canlı körpü olan adamlardan biri idi. Akademik yox, müdrik. Kabinet alimi yox, alovu daşıyan bir insan. Allah rəhmət eləsin!   Teymur Daimi

Bizə qoşulun