22.06.2025, 06:32
280 baxış
Azad
İranın nüvə obyektləri vuruldu: SON DƏQİQƏ XƏBƏRLƏRİ
İyunun 22-də ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini bildirib:
“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”.
Bir qədər sonra İran Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib:
“Bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb”.
“Reuters” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib:
İranın İslam Şurası Məclisi (parlament) sədrinin strateji məsələlər üzrə müşaviri Mehdi Məhəmmədi Fordo nüvə obyektinin ABŞ-nin zərbəsindən əvvəl təxliyə edildiyini açıqlayıb:
“İran artıq bir neçə gecə idi ki, Fordoya hücum gözləyirdi. Obyekt çoxdan təxliyə edilib və hücum nəticəsində də bərpaedilməz zərər almayıb. İki şey şübhəsizdir: birincisi, biliyi bombalamaq mümkün deyil, ikincisi, avantürist bu dəfə uduzacaq”.
“Fox News” telekanalı məlumat yayıb ki, ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirərkən bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.
Kanalın məlumatına görə, Fordo yeraltı gizli kompleksinə B-2 görünməz bombardmançı təyyarələrindən beş-altı güclü bomba atılıb, halbuki əvvəllər iki bombanın kifayət edəcəyi güman edilirdi. Telekanal iddia edir ki, “İranın nüvə ambisiyaları rəsmən ölüb”.
Fordodan başqa, digər iki nüvə obyekti – İsfahan və Nətənzdə də hücuma məruz qalıb. Telekanala görə, hədəflərdən təxminən 640 km məsafədə yerləşən sualtı qayıqlardan bu obyektlərə təxminən 30 “Tomahawk” raketi buraxılıb.
BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb:
“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – Quterriş qeyd edib.
Onun sözlərinə görə, münaqişənin nəzarətdə çıxmasının riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.
“Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir. Hərbi həll yolu yoxdur. Yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür”.
ABŞ Prezidenti Donald Tramp yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 06:00) Ağ evdən xalqa müraciət edib. O deyib ki, ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib:
“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”.
Tramp vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.
Tramp zərbəni ABŞ, İsrail və bütün dünya üçün “tarixi an” adlandırıb.
“İran indi bu müharibəni dayandırmağa razılaşmalıdır”, – dövlət başçısı əlavə edib.
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, İran, ölkənin nüvə obyektlərinə zərbələrə baxmayaraq, nüvə sektorunu inkişaf etdirməyə davam edəcək. Vurğulanıb ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüquqa, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir:
“Düşmən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Təminatlar Sazişi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi əsasında daimi nəzarəti altında olan sözügedən obyektlərə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Beynəlxalq ictimaiyyətin bu qanunsuzluğu pisləyəcəyini və İranı [nüvə enerjisinə] qanuni hüquqlarını təmin etmək səylərində dəstəkləyəcəyini gözləyirik”.
“The New York Times” qəzetinin yaydığı xəbərə görə, NASA-nın müşahidə sistemi ABŞ-nin hava zərbəsi elan etməsindən qısa müddət əvvəl Fordodakı İran nüvə obyekti yaxınlığında güclü istilik çıxışını qeydə alıb.
Xəbərə görə, istilik siqnallarından biri Prezident Donald Trampın İrana zərbələr endirildiyini elan etməsindən təxminən 30 dəqiqə öncə qeydə alınıb. Sistem adətən belə siqnalları bombardman yerlərində və ya böyük yanğınlar zamanı qeydə alır.
Bəzi hallarda sistem sənaye tullantılarını və ya təbii yanğınları qeydə ala bilsə də, son bir ay ərzində Fordo bölgəsində belə hadisələr qeydə alınmayıb./Report
Paylaş: