Medianews.az
Trampın İranla bağlı ən qorxunc <span style=color:red>gözləntisi
155 baxış

Trampın İranla bağlı ən qorxunc gözləntisi

Qərb Rusiyanı uzun sürən Ukrayna müharibəsi bataqlığına çəkə bildi. Bu gün isə ABŞ üçün uzun sürə bilən bir Orta Şərq müharibəsinə cəlb olunmaq təhlükəsi var. Bu təhlükəni ABŞ prezidenti Donald Tramp özü də hiss edir. İsrail hər nə qədər təkid etsə də, ABŞ İrana qarşı müharibəyə girməkdə dərin tərəddüd keçirir. Tramp əvvəlcə 24 saat, sonra 48 saat içində İrana zərbə vurmaqla bağlı qərar verəcəyini demişdi. Son sözü isə "yaxın 2 həftədə qərar verəcəyəm" kimidir. Açıq görünür ki, super dövlətin başçısı bu ziddiyyətlərin arxasında hələlik heç kimlə bölüşmək istəmədiyi ya hansısa planın dalına düşüb, ya da nə edəcəyini həqiqətən bilmir. Trampın tərəddüdlər içində olması başadüşüləndir. Çünki İrana qarşı müharibəyə girməyin həqiqətən zəruri olduğunu təyin etmək o qədər asan deyil, İranın nüvə proqramının hücumla tam məhv ediləcəyinə kimsə təminat verə bilmir, o da çox qorxuludur ki, ABŞ Orta Şərqdə, İranda uzun sürən və çıxılması çox çətin olan bir müharibəyə düşə bilər. Ancaq bu iki həftədə İsrail-İran döyüş meydanında nələrin baş verəcəyini söyləmək çox çətindir. Tramp bu iki həftədə İran rəhbərliyi ilə görüş keçirə biləcəyini də istisna etməyib, hətta "İrandan mənə görüş təklifi gəldi" deyə bir bəyanatı da var. Lakin İran İslam Respublikasının ali dini rəhbəri Əli Xamneyi "İran xalqı ölsə də, Trampın ayağına getməz " deyə cavab verdi. Bu cavab şübhə yaradır ki, Tramp sadəcə blefləyir. Çünki İran rəhbərliyi Almaniya, İngiltərə və Fransa rəhbərliyi ilə Cenevrədə görüşəcəyini təsdiqləyib. Ola bilər ki, Tramp İranın Avropa liderləri ilə bu görüşünü pozmaq niyyətindədir. Onun "bütün razılaşmalar mənimlə olmalıdır" kimi bir düşüncədə ola biləcəyi istisna deyil. Bu arada isə İranın raket hücumlarının getdikcə gücləndiyi və hətta İsrailin "əfsanəvi" Dəmir günbəzinin Hürrəmşah raketləri tərəfindən deşildiyi, İsrailin müdafiə raketlərinin cəmi 12 gün dayana biləcəyi barədə xəbərlər gəlir... Aydın Quliyev, politoloq  

Bizə qoşulun