11.06.2025, 08:26
137 baxış
Azad
Almaniyada siyasi motivli cinayətlərin sayı artır – RƏQƏMLƏR
Almaniya Federal Konstitusiyanı Qoruma İdarəsinin (Verfassungsschutz) qiymətləndirməsinə əsasən, ölkədə sağçı ekstremist səhnə son bir ildə xeyli genişlənib. Berlində təqdim olunan illik hesabatda qeyd olunur ki, sağçı ekstremistlərin potensial sayı 40.000-dən 50.000-ə yüksəlib.
Bu artımın səbəblərindən biri də sağçı populist AfD (Almaniya üçün Alternativ) Partiyasının üzvlərinin sayındakı artımla bağlıdır. Hesabata əsasən, ötən il partiyanın təxminən 20.000 üzvü – Verfassungsschutz tərəfindən “şübhəli hal” kimi izlənən bu təşkilatın – sağçı ekstremistlər arasında təsnif edilib. AfD-nin noyabr ayında verdiyi məlumata görə, həmin dövrdə partiyanın ümumilikdə 50.000 üzvü var olub.
Verfassungsschutz hesabatında belə deyilir: “AfD, həm siyasi və ictimai təsir baxımından, həm də üzv sayı ilə sağçı ekstremist və ya sağçı ekstremizmə şübhəli partiyalar arasında əsas aktor rolunu oynayır.”
Solçu ekstremistlərdə də artım müşahidə olunur
Verfassungsschutzun qiymətləndirməsinə görə, zorakılığa meyilli sağçı ekstremistlərin sayı 15.000-i keçib – bu da ciddi artımdır. Eyni zamanda, solçu ekstremist səhnədə də artım olub: potensial iştirakçıların sayı 38.000-ə çatıb. Bunlardan təxminən 11.000 nəfər dəyişməz olaraq zorakılığa meyilli hesab olunur.
Ötən illərdə azalmadan sonra, indi islamçı qruplarda da yenidən artım müşahidə olunur. Verfassungsschutzun fikrincə, ekstremizmin müxtəlif sahələrində bu artıma səbəb olan amillərdən biri də ötən il Yaxın Şərqdə yaşanan münaqişənin eskalasiyası olub.
Siyasi motivli cinayətlər 40 faizdən çox artıb
Federal daxili işlər naziri Dobrindtin sözlərinə görə, 2024-cü ildə Almaniyada ümumilikdə 84.000 siyasi motivli cinayət qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 40 faizdən çox artım deməkdir. Bu rəqəmlər artıq may ayında açıqlanmışdı. Nazir Dobrindt bu artımı “artmaqda olan təhlükə səviyyəsi” ilə əlaqələndirib.
Gənclər tez radikallaşır – əsasən onlayn mühitdə
Verfassungsschutzun sədr müavini Selen isə vurğulayıb ki, xüsusilə gənclər çox tez radikallaşır və bu, əsasən onlayn mühitdə baş verir. Onlar eyni zamanda zorakılıq hərəkətlərinə keçməyə daha tez hazır olurlar. Bu tendensiya həm sağçı ekstremizm, həm də islamçılıq sahələrində müşahidə olunur. Selen qeyd edib ki, sağçı ekstremizmdə xüsusilə gənc, radikal və zorakılığa meyilli onlayn subkulturalarla qarşı-qarşıyadırlar. Eyni zamanda, İŞİD və sələfi cərəyanlar da xüsusi olaraq gəncləri hədəf alır. Bu hal hazırda təhlükəsizlik orqanları üçün böyük bir çətinlik təşkil edir.
Almaniya hələ də əsas kiberhücum və casusluq hədəfidir
Hesabatda o da vurğulanır ki, Almaniya kiberhücumlar və xarici casusluq fəaliyyətləri baxımından hələ də əsas hədəflərdən biridir. Əsas fəaliyyət göstərən dövlətlər arasında Rusiya ilə yanaşı, Çin, İran və Türkiyə də qeyd olunur. Xüsusilə Rusiyanın kəşfiyyat xidmətlərinin fəaliyyəti uzun illərdir çox yüksək səviyyədə davam edir.
Sarvan Səmədoğlu,
Almaniya