Medianews.az
Qubernatorlar prezidenti səlahiyyətlərindən sui-istifadədə <span style=color:red>ittiham edirlər
57 baxış

Qubernatorlar prezidenti səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər

ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantlara qarşı sərt tədbirlərə əl atıb, miqrantların kütləvi deportasiyasına qərar verib. Los-Ancelesdə buna qarşı etirazlar keçirilir, Tramp isə Milli Qvardiyanı göndərir. Demokrat Partiyasından olan qubernatorlar bu addıma sərt reaksiya verirlər. Kaliforniyanın qubernatoru Qavin Nyusomun Los-Ancelesə 2000 nəfərlik Milli Qvardiya hərbçisinin göndərilməsi ilə bağlı tənqidlərini digər ştatlardakı demokrat qubernatorlar da dəstəkləyib. Demokrat qubernatorlar ortaq bəyanatda ABŞ prezidenti Donald Trampın bu addımını “hakimiyyətdən sui-istifadə” adlandırıblar. “Biz ölkəmizin qubernatorlarının öz Milli Qvardiyalarına rəhbərlik etmək səlahiyyətlərinə hörmətlə yanaşmalıyıq,” – deyə bəyanatda bildirilir. Tramp şənbə günü Kaliforniyanın Los-Anceles şəhərinə 2000 Milli Qvardiya əsgərinin göndərilməsini əmr edib. Halbuki nə şəhər rəhbərliyi, nə də Kaliforniya ştatı təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün federal hökumətə müraciət etmişdi. Tramp bazar günü bu qərarı “qanun və nizamın qorunması” ilə əsaslandırıb və ABŞ ordusunun əsgərlərinin də Los-Ancelesə göndərilə biləcəyini istisna etməyib. Trampın bu barədə verdiyi fərmanda “dövlət hakimiyyətinə qarşı üsyan forması”ndan bəhs olunur, amma orada Los-Ancelesin adı konkret olaraq çəkilmir. Bu fərman ABŞ-ın digər şəhərlərinə də şamil edilə bilər. Jurnalistlərin suallarını cavablandıran Tramp ehtiyac olduqda yalnız Milli Qvardiya deyil, ABŞ ordusunun əsgərlərindən də istifadə edə biləcəyini istisna etməyib. Los-Ancelesdə maskalı və silahlı federal agentlərin miqrantlara qarşı keçirdiyi reydlərdən sonra cümə və şənbə günləri ABŞ federal polis qüvvələri ilə etirazçılar arasında şiddətli toqquşmalar baş verib. Bazar günü bir saxlama mərkəzi yaxınlığında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yenidən qarşıdurma yaşanıb. Ölkə üzrə keçirilən bu reydlər Trampın bu ilin yanvarında prezidentliyə başladığı andan bəri həyata keçirdiyi miqrasiya siyasətinin nəticəsidir. Bu siyasətin əsas məqsədi miqrantların kütləvi şəkildə ölkədən çıxarılmasıdır. Sağçı populist olan Trampın seçki kampaniyasının əsas elementi isə miqrantlara qarşı irqçi və insanlığa zidd şüarlar olub – o, miqrantları ümumilikdə “xaricdən gələn cinayətkarlar” kimi qələmə verirdi. Sarvan Səmədoğlu

Bizə qoşulun