Rusiya Prezidenti Vladimir Putin bu həftə ABŞ Prezidenti Donald Trampla telefon söhbətində deyib ki, iyunun 1-də Ukraynanın Rusiyanın strateji hava limanlarına qarşı təşkil etdiyi kütləvi dron hücumuna çox sərt şəkildə cavab verəcək.
Yaxın günlərdə Rusiyanın Ukraynaya hansı zərbələri endirməyə cəhd göstərəcəyini gözləmək olar? Yəni “sərt cavab” nədən ibarət ola bilər?
Medianews.az-ın sualını cavablandıran politoloq Ərəstun Oruclu bildirib ki, Vladimir Putinin Ukraynanı hədələməsi əsasən həm Rusiyanın xaricdəki rəqiblərinə, həm də onun daxili auditoriyasına yönəlmiş təbliğatdan başqa bir şey deyil: “Guya Rusiya indiyə qədər nə edirdi ki? Rusiya onsuz da Ukraynada irimiqyaslı müharibəyə başlayandan hər cür çirkin əmələ əl atıb, mülki əhalini, mülki infrastrukturu, xəstəxanaları, məktəbləri hədəf alıb. Rusiya nə edə bilirsə, onsuz da edir. Sadəcə olaraq Ukraynanın iyunun 1-də həyata keçirdiyi iri əməliyyat Kremli psixoloji baxımdan çox sarsıdıb, Rusiaynın uydurma imicini darmadağın edib. Aydın olur ki, Rusiyanın hətta öz içərilərini belə qorumağa imkanı yoxdur. Bu da təbiidir, çünki Rusiyada daxili təhlükəsizliyi təmin etməli olan orqanların hamısı korrupsiyaya uğrayıb, oğruya, quldura çevrilib. Belə qurumlar peşəkar səviyyədə işləyə bilməz. Yəni Putinin təhdidlərinin, hədələrinin arxasında demək olar heç nə dayanmır. Rusiya dünənə qədər qanadlı raketlərlə Ukraynanın müxtəlif şəhərlərini, obyektlərini vururdu. İndi isə belə bir məlumat yayırlar ki, guya birbaşa Ukrayna Prezidentinin iqamətgahını vuracaqlar. Ukraynanın da imkanı yetərincədir, onlar da Kremlə zərbə endirə bilərlər. Yəni hər şey qarşılıqlıdır. Rusiya elə bir müharibəyə girib ki, çıxış yolu tapa bilmir. Kreml geri çəkilsə, bu, ölkə daxilində sabitliyin pozulması ilə nəticələnəcək, irəliləyə də bilmir”.

Politoloq qeyd edib ki, məhz bu səbəbdən Rusiya təbliğatçıları dünyanı yenidən nüvə silahı ilə təhdid etməyə başlayıb: “Amma bu, qeyri-mümkün bir şeydir. Rusiya nüvə silahına əl atarsa – mən hələ onun Ukraynaya tətbiqini demirəm, sadəcə sınaq məqsədilə belə bir silahı öz poliqonunda partladarsa – bu, dünyada Rusiyaya qarşı yeni və sərt reaksiya dalğasına səbəb olacaq. Hətta Rusiyanın müttəfiqləri sayılan və ya onu müəyyən mənada dəstəkləyən Çin, Hindistan kimi ölkələr də bu mövqeyə qarşı çıxacaqlar. Ona görə də Putinə yalnız hədə-qorxu gəlmək qalır – başqa imkanı yoxdur. Nəyi edə bilirlərsə, ediblər və etməkdədirlər. Bundan artıq nə edəcəklər? Quru əməliyyatları ilə addım-addım bir kənd, üç kənd işğal etməklə irəliləyə bilirlər, amma genişmiqyaslı əməliyyat keçirmək iqtidarında deyillər.
İndi müxtəlif ekspertlər proqnoz verirlər ki, yay aylarında Rusiya daha genişmiqyaslı quru əməliyyatlarına çalışacaq və Ukraynanın yeni torpaqlarını işğal edəcək. Amma sual olunur: hansı ordu ilə? Hansı hərbi güclə, hansı texniki təchizatla? Ölkənin real hərbi potensialı müharibə zamanı istər-istəməz açıq-aydın görünür. Burada təhdid, hay-küy, təbliğat keçmir. Mən düşünmürəm ki, Rusiya indiyə qədər etdiklərindən artıq nəsə edə bilsin”.
Nailə Qasımova,
Medianews.az